Görməli yerlər
Milan alış-veriş şəhəri kimi tanınsa da, əslində, tarixi binaları və sənət muzeyləri ilə ziyarətçilərinə bir çox turistik yerlər təqdim edir. Burada Da Vinçinin əsərlərinin sərgiləndiyi muzeylərdən tutmuş kilsələrə qədər bir çox xüsusi məkanları ziyarət etmək mümkündür. Leonardo Da Vinçinin “Sonuncu şam yeməyi” tablosunu görmək üçün Santa Maria Della Grazie kilsəsini ziyarət edə bilərsiniz. Dünyanın qotik tərzdə tikilmiş ən böyük katolik kilsəsi Duomo Katedrali şəhərin şimvolu sayılır. Gözoxşayan memarlığı ilə dünyanın ən böyük operalarından biri olan La Scala Opera binasını da mütləq görməlisiniz. Şəhərin məşhur küçələrini gəzmək istəsəniz, Montenapoleone və Via Torino küçələrini siyahınıza əlavə edin.
İstirahət
Şəhər mərkəzindəki planınızı tamamladıqdan sonra təbiət gəzinitisinə çıxa bilərsiniz. Milandan qatarla təxminən 1 saatlıq məsafədə yerləşən və təbii gözəlliyi ilə məşhur olan Como gölünə səfər etməyi unutmayın. Şəhər daxilində istirahət üçün isə festivallar, əyləncə məkanları mövcuddur. Milanda il bolu bir çox caz, film, dizayn, əyləncə, qida festivalları keçirilir. Bundan əlavə, şəhərdə 54 müxtəlif park mövcuddur. Sempione, Giardini Pubblici Indro Montanelli, Venezia və Parco delle Cave kimi parkların əksəriyyətində gəzinti yolları, göl və piknik üçün yaşıl sahələr var. Milan həmçinin Pavia, Berqamo, Piacenza və Cremona kimi bir çox digər gözəl şəhərlərə yaxındır və bu istiqamətlərə qatarla asanlıqla çatmaq olar.
Təamlar
Dünyanın ən dadlı və sevilən mətbəxi sayılan İtalyan mətbəxinin xüsusi təamlarını Milanda dadmaq şansı əldə edə bilərsiniz. İtalyan mətbəxi dedikdə ağıla ilk gələn yeməklər təbii ki, pizza və makaron olur. Ancaq Milanda bu yeməklərlə yanaşı ət və tərəvəzli yeməkləri, xüsuilə məşhur Osso Buco yeməyini dada bilərsiniz. Dünyada məşhur olan Risotto Alla Milanese və Panzerotti də restoranlarda ilk seçiminiz ola bilər. Şirniyyat olaraq isə Pana Kota, Tiramisu və Amarettini dada bilərsiniz. İtalyanların işdən sonra sosiallaşdıqları və şam yeməyindən əvvəlki “aperitivo” ənənəsi Milanda təcrübə edəcəyiniz fəaliyyətlər arasındadır. Daha çox saat 18.00 - 21.00 arasında keçirilən, şəhərin bir çox bar və restoranlarında rastlaşacağınız aperitivo tədbirində yalnız içkinizi ödəməklə istədiyiniz qəlyanaltıları dada bilərsiniz.
Alış-veriş
Milan alış-veriş üçün ideal şəhərdir. Dünyanın ən məşhur brendlərinin yerləşdiyi dəbdəbəli alış-veriş küçəsi Via Monte Napoleone həm İtaliya, həm də beynəlxalq geyim və ayaqqabıları asanlıqla tapmağa imkan verir. Corso Vittorio Emanuele küçəsində isə digər yerlərlə müqayisədə daha sərfəli alış-veriş imkanları mövcuddur. Bundan əlavə, bu küçənin rəngarəng və dinamik ab-havası səyahətinizi daha da yadda qalan edə bilər. Burada həm alış-veriş edib, həm də kafe və restoranlarda xoş vaxt keçirmək mümkündür. Şəhərin simvolik binalarından biri olan Galleria Vitto Emanuelle şüşə qüllələri və döşəmə mozaikaları ilə diqqət çəkən tarixi bir ticarət mərkəzidir. Buradan alış-veriş üçün olmasa belə gəzinti üçün mütləq getməyinizi tövsiyə edirik.















