Görməli yerlər
Antalya sadəcə dəniz, qum və çimərliklərdən ibarət deyil. Bununla yanaşı, siz şəlalələri, mənzərəli parkları, eyni zamanda, muzeyləri gəzə bilərsiniz. Antalya deyildikdə ilk ağla gələn şəhərin mərkəzində yerləşən Kaleiçidir. Dar daşlı küçələri, tarixi Osmanlı malikanələri sahib, Aralıq dənizi körfəzlərinə qayıq turlarının təşkil edildiyi kiçik marina, onlarla əyləncə məkanı, suvenir mağazaları və butik otelləri ilə Antalyada ən məşhur turizm məkanıdır. Antalyada şəlalələri görmək istəsəniz, şəhər mərkəzinə 22 km məsafədə yerləşən Kurşunlu və 10 km məsafədə yerləşən Düden şəlalələrini tövsiyə edə bilərik. Gəzmək üçün digər maraqlı məkanlar olaraq isə Karaalioğlu parkı, Sandland heykəl muzeyi, Hıdırlık qalası, Karain mağarası, Olimpos və Aspendos qədim şəhərlərini qeyd edə bilərik.
İstirahət
İl boyu minlərlə turisti cəlb edən Antalyada istirahət üçün bir çox otel və çimərliklər mövcuddur. Yay tətilində üz tutulan məşhur çimərliklərdən İncekum, Kemer Kleopatra, Konyaaltı və Türkiyənin 2-ci ən uzun çimərliyi olan Pataranı qeyd edə bilərik. Şəhərdə qalmaq üçün lüks otellərdən hostellərə qədər bir çox alternativ var. Otellərinin əksəriyyəti Kaleiçi və Lara sahillərində yerləşir. Şəhərdə həm passiv səyahəti sevənlər, həm də aktiv gəzintilərə üstünlük verənlər üçün müxtəlif imkanlar mövcuddur. İl boyu maraqlı tədbirlər keçirilən Antalyada tətilinizə rəng qatmaq istəyirsinizsə, müxtəlif festivallara qoşula bilərsiniz. Tətlinizi Türkiyənin ən məşhur tətil şəhərlərindən biri olan Antalyaya keçirməyə qərar verdinizsə, AZAL ilə Bakıdan birbaşa uçuş reyslərini nəzərdən keçirin.
Təamlar
Antalya mətbəxi əsasən dəniz məhsullarından ibarət unikal və hər damaq dadına xitab edən zəngin yemək mədəniyyətinə malikdir. Yerli mətbəxlə yanaşı müxtəlif restoranlarda avropa mətbəxindən də bir çox seçim tapa bilərsiniz. Bölgənin ən məşhur yeməklərinə gəldikdə isə piyaz, frigya bibər dolması, bölgəyə xas mantı növü olan haluşka və qabaq çiçəyi dolmasını qeyd edə bilərik. Qeyd etdiyimiz təamları şəhərin əksər restoranlarında dada bilərsiniz. Antalya mətbəxi tərəvəz, zeytun yağı, ədviyyatların bol istifadə edildiyi və Aralıq dənizinin zəngin ləzzətlərini əks etdirən mətbəxdir. Antalyaya səfər edərkən bölgəyə xas ləzzətləri dadmağı unutmayın.
Alış-veriş
Antalya təkcə tarixi və təbii gözəllikləri ilə deyil, həm də alış-veriş imkanları ilə ziyarətçilərinə unikal seçimlər təqdim edir. Antalya bazarlarının dar küçələrdə gəzərkən suvenirlər, əl işləri, dəri məmulatları və zinət əşyaları tapa bilərsiniz. Hadrian qapısından keçib Kaleiçi istiqamətində hərəkət etdiyiniz zaman ənənəvi türk əl işləri, əntiq əşyalar, zinət əşyaları və xalçalara rast gələcəksiniz. Butik otellər, restoranlar və kafelər də bu bölgədə daha yaxşı vaxt keçirmənizə səbəb olacaq. Buraya səfər zamanı türk qəhvəsi içməyi və küçə təamlarından dadmağı unutmayın. Şəhərin ən məşhur alış-veriş mərkəzləri olaraq isə Terra City və MakAntalyanı qeyd edə bilərik. Bu mərkəzlərdə xarici brend mağazalar və yerli butiklərdən alış-veriş edə bilərsiniz.







