Görməli yerlər
Bakının tarixi və müasir memarlığını bir arada görmək istəyənlər üçün İçərişəhər ideal seçimdir. Qız Qalası və Şirvanşahlar Sarayı kimi tarixi abidələr şəhərin qədim ruhunu yaşadır. Eyni zamanda, Alov Qüllələri, Heydər Əliyev Mərkəzi və Dənizkənarı Bulvar Bakının müasir simvollarından sayılır. Şəhərin hər bir guşəsində fərqli dövrlərin izlərini hiss edəcəksiniz.
İstirahət
Bakı istirahət üçün geniş imkanlar təqdim edir. Dənizkənarı Bulvar boyunca gəzintiyə çıxaraq Xəzərin sərin havasından zövq ala bilərsiniz. Əgər təbiətlə daha yaxından olmaq istəyirsinizsə, Qobustan qoruğunda qədim qayaüstü rəsmləri görmək və şəhərin Nəbatat bağı, Dağüstü və ya Mərkəzi parkları seçimdir. Lüks spa mərkəzləri və şəhərdən kənardakı istirahət kompleksləri də rahatlıq axtaranlar üçün əla alternativlərdir.
Təamlar
Bakıya səfər edərkən Azərbaycan mətbəxinin dadına baxmadan qayıtmaq mümkün deyil. Şəhərin məşhur restoranlarında ləziz düşbərə, piti, qutab və kabab çeşidlərini dadaraq yerli mətbəxin zənginliyini hiss edə bilərsiniz. Xüsusilə, Azərbaycan plovu və şirniyyatları, məsələn, paxlava və şəkərbura, dadına baxmağa dəyər. Şəhərin mərkəzində yerli təamları, eləcə də dünya mətbəxini dadmaq üçün bir çox restoran tapa bilərsiniz.
Alış-veriş
Bakıda alış-veriş etmək istəyənlər üçün həm ənənəvi bazarlar, həm də müasir ticarət mərkəzləri mövcuddur. Tarqovı (Nizami küçəsi) boyunca gəzərək məşhur markaların mağazalarını kəşf edə bilərsiniz. Bundan əlavə, Port Baku, Cresent, Gənclik, 28 May kimi ticarət mərkəzləri də alış-veriş üçün ideal seçimlərdir. Əgər unikal suvenirlər və yerli məhsullar almaq istəyirsinizsə, İçərişəhərdəki kiçik dükanlardan kəlağayı, milli çini qablar və əl işləri tapmaq mümkündür.


















































