Görməli yerlər
1978-ci ildə əsası qoyulan və Tel-Əviv Universitetinin kampusunda yerləşən Beyt Hatfutsot (Yəhudi Diaspor Muzeyi) yəhudilərin tarixi və mənşəyi haqqında geniş məlumat təqdim edir. Muzey müasir və innovativ şəkildə dizayn olunub. Təl-Əvivin ən qədim hissələrindən olan Yaffa dar küçələri, qədim daş evləri və mədəni irsi ilə diqqət çəkir. Burada tarixi binaları gəzərək Osmanlı və Roma dövrlərinə aid izləri görmək olar. Şəhərin yerli həyatını hiss etmək üçün Carmel bazarı ziyarət edilməlidir. Burada İsrail mətbəxinin ləzzətlərini dadmaq və yerli məhsullar almaq mümkündür. Səyahət zamanı görülməli digər məkanlardan biri də Ağ Şəhərdir. Burada əsasən ağ rəngli evlər yerləşir və bu ərazi 20-ci əsrin şəhərsalma abidəsi kimi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
İstirahət
Yerli sakinlər və qonaqlar arasında şəhərin yaşıllıq mərkəzi hesab edilən Yarkon Parkı, hər il təxminən 16 milyon ziyarətçini qəbul edir. Yarkon parkında velosiped yolları, uşaqlar üçün onlarla oyun sahəsi, botanika bağları, geniş çəmənliklər, idman qurğuları, 2 kiçik zoopark və süni göllər var. Şəhərin sahil xətti boyunca uzanan çimərliklər dincəlmək üçün sadəcə ideal məkanlardandır. Gordon Beach və Frishman Beach həm yerli sakinlər, həm də turistlər arasında ən populyar çimərliklərdəndir.
Təamlar
Tel-Əviv Aralıq dənizi mətbəxinin zəngin dadlarını təqdim edən şəhərdir. Yaffa, gözəl dəniz mənzərəsi və təzə dəniz məhsulları ilə məşhur olan restoranları ilə diqqət çəkir. Carmel Bazarında məşhur falafel, şakşuka, humus və sabich kimi yerli yeməkləri dadmaq mümkündür. Falafel, qızardılmış noxud köftəsi, humus və salatla servis olunan milli mətbəxə aid yeməklərdəndir. Humus isə noxud və tahin ilə hazırlanan qəlyanaltıdır. Sabich, Tel-Əvivdə dadmalı olduğunuz sendviç növüdür.
Alış-veriş
Tel-Əviv həm müasir alış-veriş mərkəzləri, həm də ənənəvi bazarları ilə məşhurdur. Alış-veriş mərkəzlərindən biri olan Dizengoff şəhərin mərkəzində yerləşir. Burada geyim, elektronik əşyalar və s. daxil olmaqla geniş məhsul çeşidi size gözləyir. Azrieli isə geniş mağaza şəbəkəsi və hündür binaları ilə diqqət çəkir. Əgər yerli məhsulları əldə etmək istəyirsinizsə, Carmel bazarı mütləq ziyarət edilməlidir. Burada təzə meyvə, tərəvəz, ədviyyatlar, suvenirlər və yerli sənətkarlıq məhsulları tapa bilərsiniz.


















