Görməli yerlər
Dubay səfərinizin ən valehedici hissəsi dünyanın ən hündür binası olan 828 metrlik Bürc Əl-Xalifa göydələninə çıxmaq olacaq. 163 mərtəbəli göydələn sizə unudulmaz emosiyalar və təəssüratlar bəxş edəcək. “At the Top” adlanan proqramla göydələnin 124 və 125-ci mərtəbələrində maraqlı tur keçirəcəksəniz. Əgər 125-ci mərtəbə sizin üçün kifayət qədər yüksək deyilsə, o zaman əlavə ödənişlə “At the Top Sky” proqramı ilə 148-ci mərtəbəyə qalxa bilərsiniz.
İstirahət
Dubay mədəni istirahət üçün geniş imkanlar şəhəridir. Burada incəsənətlə tanış olmaq istəyənlərə “Gate Village” adlı yeri ziyarət etmək tövsiyə edilir. Çünki buradakı Dubay Beynəlxalq Maliyyə Mərkəzində “İncəsənət gecələri” (Art Nights) adlı mədəni tədbirlər keçirilir. Şəhər il ərzində bir çox festivallara ev sahibliyi edir, məsələn, fevralda Dubay Beynəlxalq Caz Festivalı və “Taste of Dubai” adlı tədbirdə mətbəx sənəti və ərzaq festivalı keçirilir. Dubayda hətta alış-verişə həsr olunmuş festival da var. Əgər göydələnləri görməkdən bezmisinizsə və fərqli bir istirahətə ehtiyacınız varsa, səhra turuna qoşula bilərsiniz. Siz həmçinin yaxta ekskursiyasını sifariş edə və ya şəhər çimərliklərindən birinə gedib orada su idmanı ilə də məşğul ola bilərsiniz. Uşaqlar üçün Legoland Dubai Water Park və IMG Worlds of Adventure kimi əyləncə parkları ailə tətili edənlər üçün ən möhtəşəm yerlər sayılır.
Təamlar
Dubayda "Michelin Stars" mükafatına malik və məşhur aşpazları olan çoxlu sayda elit restoran var. Bu şəhərdə çoxlu sayda millətlər yaşayır, buna görə burada istənilən səyahətçinin qurman zövqünü oxşayacaq saysız hesabsız fərqli kafe və restoran var. İstədiyiniz yeməyin dadına baxa bilərsiniz. Dubayda Fransa, İtaliya, Amerika və Asiya mətbəxinin təamlarını təqdim edən növbənöv restoran var. Üstəlik, falafel, humus və müxtəlif məzə qəlyanaltıları təklif edən bir sıra Yaxın Şərq mətbəxinin ləziz restoranları var.
Alış-veriş
Dubay şopinq həvəskarlarının cənnətidir. Dünyanın ən böyük ticarət mərkəzləri burada yerləşir. “Dubai Mall”da 1200-dən çox mağaza, 200-ə yaxın kafe və restoran, şəlalə, konki sürmək üçün buz meydançası, su heyvanları ilə dolu akvarium və zoopark var. Ticarət mərkəzinin yanında süni göl var, burada hər axşam gün batanda fəvvarələrin tamaşasına baxmaq olar. Hər 30 dəqiqədən bir su axınları musiqinin ritmində “rəqs edir”. Yaxınlıqdakı Bürc Əl-Xalifa göydələni isə yuxarıdan bu möhtəşəm mənzərəni seyr edir.











