oguz.jpg

Oğuzda gəzməli yerlər

Oğuz Bakıdan təxminən 260–270 km məsafədə, Böyük Qafqazın cənub ətəklərində yerləşir. Həm rahat yol infrastrukturu, həm də sakit atmosferi ilə qısa istirahət üçün ideal rayonlardandır. Gəzməli yerlər axtarırsınızsa Oğuz sizi sakitlik, dağ mənzərələri və təbiət gəzintiləri ilə qarşılamağa hazırdır. Bu bölgə yalnız təbiəti ilə deyil, həm də tarixi, mədəni və dini irsi ilə də zəngindir.

Mündəricat

Tarixi yerlər

Oğuz təkcə meşələri ilə deyil, həm də mədəniyyət ilə fərqlənir. Burada əsrlər boyu yəhudilər və müsəlmanlar birlikdə yaşayıb. Nəticədə rayonda sinaqoq, alban kilsələri, muzey və onlarla tarixi abidə mövcuddur. Bu məkanlar “Oğuzda tarixi yerlər” deyəndə ilk yada düşən ünvanlardır.

Yuxarı məhəllə sinaqoqu

Yuxarı məhəllə sinaqoqu Oğuzun əsas yəhudi abidələrindən biridir. Məlumatlara görə, bina 1897-ci ildə yerli yəhudi icmasının hesabına inşa olunub. Sovet dövründə digər ibadət ocaqları kimi bu sinaqoq da bağlanmış və sonradan anbar kimi istifadə olunmuşdur. Sinaqoq 2004–2006-cı illərdə bərpa edildi və yenidən fəaliyyətə başladı. Hazırda tarixi məkanlardan biri olan sinaqoq ibadətgah kimi fəaliyyət göstərir.

yuxarı-məhəllə-sinaqoqu.jpg

Aşağı məhəllə sinaqoqu

Aşağı məhəllə sinaqoqu 1849-cu ildə inşa edilib. Bu sinaqoq yerli yəhudilər tərəfindən 1992–1994-cü illərdə təmir edilmişdir. Bir əsrdən artıq vaxt keçməsinə baxmayaraq, inşa zamanı istifadə olunmuş dirəklər bu günədək qorunub saxlanılmışdır.

Tarix-Diyarşünaslıq Muzeyi

Bölgənin qədim dövründən bu günədək olan tarixini özündə əks etdirən arxeoloji tapıntılar, sənət əsərləri, soyuq silahlar, heykəltəraşlıq və misgərlik nümunələri muzeydə sərgilənir. Xış, kotan, göndən hazırlanmış xəlbir, nehrə və s. əşyalar hələ qədim zamanlardan yerlilərin əkinçilik və maldarlıqla məşğul olduqlarını göstərir.

Alban kilsəsi

Oğuz udilərinin ibadətgahı sayılan Müqəddəs Yelisey adına alban kilsəsi isə Oğuzun cənub-şərqində yerləşir. Bu abidə xristian kilsəsinin müqəddəslərindən biri olan Yeliseyin şərəfinə inşa edilmiş, alban tayfalarından olan yerli udilərin ibadət ocağı olmuşdur. Bu gün isə bu abidə keçmişin izlərini özündə daşıyır və Oğuzun simvollarından biri hesab edilir.

alban-kilsəsi.jpg

Muxas qülləsi

Muxas qülləsi Oğuz rayonunda, Muxas kəndinin şimalında, Daşağıl keçidinin yaxınlığında yerləşir. Qüllənin hündürlüyü təxminən 11–12 metrdir. Oğuzun qədim tarixinin bir parçası olan tikilinin giriş qapısı yer səviyyəsində deyil. Bu da qüllənin müdafiə məqsədli tikili olmasına ehtimal edilir.

muxas-qülləsi.jpg

Gavurqala

VII əsrə aid olan Gavurqala qülləsi bölgənin ən qədim müdafiə tikililərindən sayılır. Qaya üzərində yerləşdiyindən ətraf mənzərəni geniş şəkildə görmək mümkündür. Bununla da tikilinin keçmişdə stratejik əhəmiyyətə malik olduğunu düşünmək olar.

Surxayxan qalası

Çay daşlarından inşa edilən bu qüllə həm memarlıq üslubu, həm də müdafiə məqsədli quruluşu ilə seçilir. Qala ərazisində aparılmış arxeoloji qazıntılar zamanı məişətdə istifadə olunan əşya nümunələri, o cümlədən Surxay xanın adı yazılmış mis cam tapılmışdır. Oğuza ziyarət zamanı Surxayxan qalası mütləq görülməli yerlər siyahısındadır.

Təbiət

Oğuz rayonunun təbiəti ölkənin ən zəngin ekosistemlərindən biridir. Rayon geniş meşə sahələri, dağ çayları, təbii bulaqlar və çəmənliklər ilə zəngindir. Oğuz rayonunun ərazisinin təxminən 40%-ni sıx meşələr təşkil edir. Meşələr əsasən palıd, qovaq, fındıq, qayın və s. müxtəlif ağac növlərindən ibarətdir. Meşə örtüyü ayı, canavar, maral, dovşan kimi heyvanların və quşların məskəni hesab olunur.

Xalxal şəlaləsi

Xalxal şəlaləsi Oğuz rayonunun ən məşhur və ziyarət edilən məkanlarından biridir. Sıx meşə zolağı, qayalıqlar və şəlalənin aşağısında yer alan kiçik gölməçə buranı xüsusilə yayda ideal istirahət nöqtəsinə çevirir. Şəlalə piknik, təbiət gəzintisi və fotoçəkiliş üçün əlverişli məkandır. Ziyarət etməzdən əvvəl uyğun geyim və ayaqqabı seçimi etməyiniz tövsiyə olunur.

xalxal-şəlaləsi.jpg

Baş Daşağıl şəlaləsi

Baş Daşağıl şəlaləsi, Azərbaycanın Oğuz rayonunun Baş Daşağıl kəndində yerləşən təbii gözəlliklərdən biridir. Bu şəlalə, dağlıq və meşəlik ərazidə yerləşir. Şəlalənin ətrafında bulaqlar və mağaralar mövcuddur. Şəlaləyə aparan yol meşəlik və dağlıq ərazidən keçdiyi üçün, rahat ayaqqabı geyinmək və ehtiyatlı olmaq tövsiyə olunur.

Hava şəraiti

Oğuz rayonunda mülayim isti və rütubətli iqlim şəraiti hakimdir. Dağlıq relyefə görə iqlim şəraiti ərazinin müxtəlif hissələrində fərqli ola bilər. Yay aylarında hava nisbətən mülayim və sərin keçir. Yayda havanın orta temperaturu təxminən 20-25°C olur. Bu, xüsusilə yay turizmi və kənd təsərrüfatı üçün əlverişlidir. Qış aylarında isə temperatur 0°C-dən aşağı düşür. Dağlıq yerlərdə adətən qar örtüyü müşahidə olunur. Payız və yaz aylarında isə adətən intensiv yağışlar olur.

hava-ümumi-foto.jpg

Oğuzu kəşf edin!

Təmiz havası, sakit atmosferi və təbiət qoynunda istirahət imkanı ilə Oğuz həm qısa, həm də uzun səfərlər üçün ideal seçimdir. Həftəsonları və ya istirahət günlərində hara gedəcəyinizi düşünürsünüzsə, yolunuzu Oğuzdan salın.

Müəllif

authorlogo.png

Azərbaycan Hava Yolları

Azərbaycanın milli hava daşıyıcısı olaraq, səyahətçilərlə bilik və təcrübələrimizi bölüşməkdən məmnunluq duyuruq. Bloqumuz səyahət məsləhətləri və istiqamətlər haqqında, eləcə də xidmətlərimiz və yeniliklərimiz barədə məlumatlar təqdim edir. AZAL hava nəqliyyatında illər ərzində qazandığı təcrübə ilə hər zaman təhlükəsizlik və rahatlığı ön planda tutaraq mükəmməl səyahət təcrübəsi təmin etməyi hədəfləyir. Aviasiya dünyasını kəşf etmək və Azərbaycan Hava Yolları ilə səyahətin gözəlliyini yaşamaq üçün səfərlərimizə qoşulun.

Oxşar məqalələr

  • __Background_.png

    Bakıda gəzməli yerlər

    Bakıda görməli yerlər, muzeylər, parklar haqqında məlumat əldə edərək şəhərdə turist kimi gəzin. Bakıda turistik yerlər haqqında ətraflı oxumaq üçün keçid edin.

    Daha çox
  • Gence_umumi_goruntu.jpg

    Gəncədə gəzməli yerlər

    Gəncənin tarixi abidələri, parkları və füsunkar təbiətini kəşf edin! Gəncə şəhərini gəzməli və görməli yerləri daha yaxından tanış ola bilərsiniz.

    Daha çox
  • ismayilli_background.jpg

    İsmayıllı gəzməli yerlər

    Discover the top attractions in Ismayilli: enchanting forests, waterfalls, and historic villages like Lahij and Basgal. In this blog, explore must-see spots, charming rural destinations, and unforgettable natural landscapes of Ismayilli.

    Daha çox
  • Background,_Qakh_seheri.jpg

    Qaxda gəzməli yerlər

    Qaxda mütləq görməli yerlər: İlisu kəndi, Mamırlı şəlalə, Kurmux məbədi, İçəribazar, Ləkit Bal Evi və daha çox. Təbiyyət və tarix bir arada sizi gözləyir!

    Daha çox
  • background-gabala.jpg

    Qəbələdə gəzməli 7 möhtəşəm yer

    Qəbələdə gəzməli yerlər, şəhərin füsunkar təbiəti və tarixi məkanlarını kəşf edin! Azərbaycan Hava Yolları ilə rahat uçuşlar və unudulmaz səyahət təcrübəsi sizi gözləyir.

    Daha çox