
Gəncədə gəzməli yerlər
Gəncə, tarixi, mədəniyyəti və təbii gözəllikləri ilə seçilən Azərbaycanın ən gözəl şəhərlərindən biridir. Bu şəhər keçmişdə Azərbaycanın paytaxtı olmuş və əsrlər boyu siyasi, mədəni, iqtisadi mərkəz kimi böyük rol oynamışdır. Burada qədim türbələr, məscidlər, muzeylər və bənzərsiz parklar bir araya gələrək şəhərin zəngin irsini nümayiş etdirir.
Mündəricat
Tarixi Yerlər
Gəncə zəngin tarixi irsə malik şəhərdir. Burada əsrlər öncə inşa edilmiş abidələr, türbələr və memarlıq nümunələri mövcuddur. Bu yerləri ziyarət etmək Gəncənin ticarət, mədəniyyət və siyasətdəki rolunu anlamağa imkan verir.
Cavad Xan Türbəsi
Bu türbə Gəncənin son xanı olan Cavad xanın xatirəsini əbədiləşdirmək üçün onun məzarı üzərində tikilmişdir. Arran memarlıq üslubunda inşa edilmiş dördkünc formada olan türbə bişmiş qırmızı kərpicdəndir. Abidənin tağvari bir giriş qapısı və rəngli şüşələrlə bəzədilmiş üç pəncərəsi var.

Nizami Gəncəvi Məqbərəsi
Azərbaycanın dahi şairi Nizami Gəncəviyə həsr olunmuş bu abidə Gəncənin simvollarından biridir. Möhtəşəm memarlığı və geniş park kompleksi ilə əhatə olunmuş məqbərə əsrlərin poeziya irsini yaşadır. Burada ziyarətçilər Nizaminin həyatına dair eksponatlarla tanış ola bilərlər.

Şah Abbas Karvansarayı
Orta əsr Azərbaycan abidələri sırasında nadir tikililərdən sayılan Şah Abbas karvansarayı Gəncəyə gələn səyahətçilərin ziyarət etdiyi məkanlardandır. Burada o dövrün memarlıq üslubu qorunub saxlanılmışdır. İndi karvansaray mədəni tədbirlər və sərgilər üçün istifadə olunur.

Butulkalı ev
Tarixi əhəmiyyətinə görə Gəncənin memarlıq abidələrindən fərqlənməyən tikililərdən biri də şəhər sakinləri və turistlərin butulkalı ev kimi tanıdığı yaşayış binasıdır. Binanın birinci mərtəbəsi 1952-ci ildə çay daşı və bişmiş qırmızı kərpicdən inşa olunub. İkinci mərtəbəsinin inşasında 43 min 800 ədəd müxtəlif ölçülü və rəngli butulkadan, Qara dəniz sahillərindən toplanılan balıqqulaqlarından, Soçi şəhərindən gətirilən xırda rəngli daşlardan, əlvan şüşələrdən və kiçik güzgülərdən istifadə edilib. Gəncə şəhər sakini İbrahim Cəfərov bu evi Böyük Vətən Müharibəsində iştirak edərək itkin düşən qardaşı Yusifin xatirəsini əbədiləşdirmək üçün tikib.

Aleksandr Nevski Kilsəsi
Aleksandr Nevski adına Rus-Pravoslav Kilsəsi 1887-ci ildə Bizans üslubunda plint kərpicdən inşa edilib. Kilsə həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına tikilib. Rus pravoslav memarlığının nümunəsi olan bu kilsə Gəncəyə ziyarət edənlərin ən çox görmək istədiyi tikililər arasında yer alır.

İmamzadə türbəsi
Gəncənin qədim tarixi-memarlıq abidələrindən olan “İmamzadə” dini kompleksi bu gün yerli əhali və şəhərin qonaqları tərəfindən ən çox ziyarət edilən məkanlardan biridir. Türbənin tovuz quşunun əksi və çiçək naxışları ilə bəzədilmiş göy kirəmitli möhtəşəm günbəzi xüsusilə diqqət çəkir.

Təbiət
Gəncə təbiət baxımından zəngin və rəngarəng bir şəhərdir. Şəhərin ətrafında yerləşən göllər, parklar və meşələr çox gözəl mənzərə təqdim edir. Hər fəsildə öz fərqli rəngini göstərən Gəncə təbiəti ziyarətçilərə bu şəhəri sevmələri üçün yeni səbəb verir.
Göygöl
Gəncədən 40 km məsafədə yerləşən Göygöl təbiət həvəskarlarının sevimli məkanıdır. Dağ və meşələrlə əhatə olunan bu mavi göl öz şəffaf suları və sakit atmosferi ilə tanınır. Hər il minlərlə səyahətçi təbiətin incisi olan bu gölü görmək üçün bura üz tutur.

Maralgöl
Göygöl Milli Parkının yaxınlığında yerləşən Maralgöl təbiətin başqa bir incəsidir. Gölün ətrafı sıx meşələrlə örtülüb və buraya gələnlər təbiətin səssizliyində rahatlıq tapır. Gün batımında Maralgöl mənzərəsi fotoqraflar üçün əsl möcüzədir.

Xan bağı
Xan bağı Qafqazın ən qədim parklarından biridir. Hazırda 3 hektarlıq ərazini əhatə edən Xan bağı müxtəlif növ bitki və ağac növləri ilə zəngindir. Bu bağ ilin bütün fəsillərində gözəldir. Gün ərzində bu bağda insanların çoxluğuna baxmayaraq, sakitlik hökm sürür.

Heydər Əliyev adına park kompleksi
Gəncənin ərazisində sahəsi 450 hektar olan Heydər Əliyev adına park kompleksi dünyanın ən böyük beş parkından biridir. Ərazidə gəzinti yolları, fəvvarələr, süni göl yerləşir. Park ailəvi istirahət və açıq hava tədbirləri üçün mükəmməl seçimdir.

Gəncədə alış-veriş
Gəncə ticarət baxımından zəngin şəhərdir. Burada yerləşən böyük ticarət mərkəzi ilə yanaşı kiçik butiklər və bazarlardan müxtəlif, hər zövqə uyğun məhsullar əldə etmək mümkündür. Burada alış-veriş eyni zamanda şəhərin mədəniyyətini və dinamik həyat tərzini kəşf etmək üçün unikal fürsətdir.
Gəncə Mall
Gəncənin ən böyük ticarət və əyləncə mərkəzi olan “Gəncə Mall” həm yerli, həm də xarici brendləri bir araya gətirir. Burada alış-verişlə yanaşı, kinoteatr, restoranlar və ailəvi əyləncə zonaları da fəaliyyət göstərir.

Xəmsə Park
“Xəmsə Park” ticarət mərkəzi Gəncənin müasir alış-veriş və əyləncə məkanlarından biridir. Burada həm yerli, həm də beynəlxalq brendlərin mağazaları, kafelər və ailəvi istirahət üçün zonalar mövcuddur. “Xəmsə Park” ticarət mərkəzi alış-verişlə yanaşı, xoş zaman keçirmək istəyən sakinlərin və turistlərin ideal məkanlarındandır.

Gəncə mətbəxi
Gəncəni ziyarət edənlər Gəncə dovğasının, kətənin və şah plovun dadına mütləq baxmalıdırlar. Gəncə dovğasının xüsusi hazırlanma qaydası var. Məsələn, digər bölgələrdən fərqli olaraq, Gəncə dovğasına noxud əlavə edilmir. Onun əvəzində nanə, ispanaq, kərəviz və yumurta qatılır. Gəncədə qutaba kətə deyirlər. Gəncə kətəsi ət və ya ağ pendir əlavə edilmiş göyərti ilə bişirilir. Üstünə sumaq və zirinc səpilmiş kətə adətən böyük və doyumlu olur.

Gəncəni kəşf etməyə başlayın!
Azərbaycanın qədim şəhəri olan Gəncəyə səyahətə hazırsınız? Heç vaxt itirmədən Gəncə səyahətinizi planlayın və səyahətə başlayın.
