Nakhchivan.jpg

Naxçıvanda gəzməli yerlər

Naxçıvan Muxtar Respublikası Azərbaycanın qədim tarix və özünəməxsus təbiətə sahib bölgələrindən biri olaraq seçilir. Naxçıvanda gəzməli yerlər dedikdə yalnız turistlərin tanıdığı məşhur yerlər deyil, həm də az tanınan, lakin valehedici məkanlar nəzərdə tutulur. Bu region minilliklər boyu müxtəlif sivilizasiyalara ev sahibliyi edib. Bura səyahət edənlər Naxçıvanın yalnız görməli yerləri ilə deyil, həm də sakitliyi, təmiz havası və fərqli atmosferi ilə tanış olurlar. Əgər Azərbaycanın fərqli və yadda qalan bölgəsinə səyahət etmək istəyirsinizsə, Naxçıvan ideal seçimlərdən biridir.

Mündəricat

Naxçıvanda haranı gəzmək olar?

Səyahətə başlamazdan əvvəl əsas marşrutları müəyyənləşdirmək vaxtdan daha səmərəli istifadə etməyə imkan yaradır. Naxçıvan görməli yerlər baxımından fərqli rayonlara bölündüyü üçün planlı hərəkət etmək vacibdir. Məsələn, şəhər mərkəzində daha çox muzey və abidələr, rayonlarda isə təbiət və yaylaqlar yerləşir. Eyni zamanda, mövsüm seçimi də planlamada mühüm rol oynayır. Doğru planlama ilə qısa müddətdə Naxçıvanın ən gözəl yerlərini kəşf etmək mümkündür.

Naxçıvanda səyahət planı qurarkən ilk növbədə səyahət ediləcək bölgələri düzgün sıralamaq lazımdır. Naxçıvan şəhəri əsasən tarixi abidələr və muzeylərlə zəngindir. İlk gün bu yerləri gəzmək ideal seçimdir. Daha sonra Culfa rayonu kimi ərazilərə keçid edərək qalalar və dini məkanları ziyarət etmək olar. Şahbuz rayonu isə təbiət sevənlər üçün mükəmməl seçimdir. Burada yaylaqlar və göllər yerləşir. Ordubad rayonu isə həm təbiəti, həm də kənd həyatını hiss etmək üçün ideal istiqamətdir.

Naxçıvanda mütləq görməli olduğunuz tarixi abidələr

Naxçıvan tarixi abidələr baxımından Azərbaycanın ən zəngin bölgələrindən biridir və burada yerləşən hər bir tikili özündə bir hekayə daşıyır. Regionun Böyük İpək Yolunun üzərində yerləşməsi burada müxtəlif mədəniyyətlərin izlərini qoruyub saxlayıb. Naxçıvanda yerləşən bu məkanları ziyarət etmək keçmişə səyahət etmək kimidir. Hər bir abidə fərqli dövrü və mədəniyyəti əks etdirir.

Möminə Xatun türbəsi

Möminə xatun türbəsi Azərbaycan milli memarlığının möhtəşəm abidəsi və Şərq memarlığının incilərindən biridir. Türbə xüsusilə öz bənzərsiz ornamentləri və simmetrik quruluşu ilə seçilir. Misilsiz gözəlliyə malik türbə Azərbaycanın keçmişdən bəri inkişaf etmiş mədəniyyətinin və dövlətçilik ənənələrinin mövcudluğunun əyani təcəssümüdür.

Möminə-Xatun-türbəsi.jpg

Yusif ibn Küseyir türbəsi (Yusif Küseyr oğlu türbəsi)

Xalq arasında “Atababa günbəzi” adı ilə məşhur olan bu abidə yeraltı sərdabə və yerüstü türbə hissələrindən təşkil olunub. Həm daxili, həm də xarici quruluşu səkkizguşəli formada olan türbənin üzəri piramida şəkilli günbəzlə tamamlanıb. Yusif Küseyir oğlu türbəsini Azərbaycanın digər qülləvari türbələrindən fərqləndirən əsas cəhət, onun üst piramida örtüyünün dövrümüzədək bütöv və zədələnmədən gəlib çatan yeganə nümunə olmasıdır.

Əlincə qalası

Tədqiqatçılar tərəfindən Culfa rayonunun ərazisində yerləşən Əlincəqalanın iki min il bundan əvvələ inşa edildiyi düşünülür. Strateji üstünlüklərinə görə Azərbaycanın feodal dövlətləri tərəfindən hər zaman xüsusi maraq dairəsində saxlanılan Əlincəqala, ölkəmizin ən dəyərli tarixi miraslarından biridir.

Əlincə-qalası.jpg

Naxçıvanqala

Qədim yaşayış məskənləri sırasında yer alan Naxçıvan ərazisi, xalqımızın bütün tarixi mərhələlərdə yaratdığı möhtəşəm memarlıq nümunələri ilə zəngindir. Bu irsin ən xüsusi parçalarından biri olan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi özünəməxsus strukturu ilə seçilir. Elmi araşdırmalara əsasən, bu qala təkcə hərbi-müdafiə xarakteri daşımamış, həmçinin ərazidə formalaşan qədim şəhər mədəniyyətinin əsas elementlərindən biri kimi çıxış etmişdir.

Naxçıvanqala.jpg

Qarabağlar türbə kompleksi

Naxçıvanın memarlıq incilərindən sayılan Qarabağlar türbə kompleksi, xalqımızın maddi-mədəni irsinin ən dəyərli nümunələrindəndir. Türbə, qoşa minarə və xanəgahdan ibarət olan bu kompleks, xüsusilə qülləvarı formada ucaldılmış və on iki yarımsilindrik elementlə zənginləşdirilmiş əsas türbəsi ilə diqqət çəkir. Tikilinin inşasında istifadə olunan unikal həndəsi ölçmələr və fasadındakı qədim rəngli ornamentlər abidənin dəyərini artırır.

Qarabağlar-türbə-kompleksi.jpg

Naxçıvan buzxanası

Hələ texnologiyanın inkişaf etmədiyi dövrdə buzxanalar müxtəlif ərzaq məhsullarının uzun müddət saxlanılmasında mühüm rol oynamışdır. Naxçıvan şəhərində yerləşən və XII-XIV əsrlərə aid edilən buzxana binası, Azərbaycanın orta əsr memarlığının qiymətli nümunəsidir. Bina, kərpicdən inşa edilmiş yüngül və dözümlü örtük konstruksiyası sayəsində dövrümüzə qədər öz möhkəmliyini qoruyub saxlamışdır.

Naxçıvan-buzxanası.jpg

Xan Sarayı

Şərq memarlıq üslubunun nadir nümunələrindən sayılan bu abidə, XVIII əsrin ortalarından XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının rəsmi yaşayış iqamətgahı olmuşdur. Bina həm xan ailəsinin məskunlaşdığı mülk, həm də Naxçıvan xanlığının dövlət idarəçiliyinin həyata keçirildiyi əsas siyasi mərkəz funksiyasını daşımışdır.

Xan-Sarayı-Naxçıvan.jpg

Gülüstan türbəsi

Culfa şəhərinin yaxınlığında qırmızı tuf daşından inşa edilən Gülüstan türbəsi orta əsr Azərbaycan memarlıq abidələri içərisində özünəməxsus yer tutur. Naxçıvanın ən nadir incilərindən biri olan Gülüstan türbəsi, XII əsr Azərbaycan memarlığının irsi və günümüzə qədər gəlib çatan ən dəyərli yadigarlarından biridir.

Gülüstan-türbəsi.jpg

Təbiətsevənlər üçün Naxçıvanın görməli məkanları

Təbiətin bütün rənglərini bir arada görmək istəyənlər üçün Naxçıvan fərqli və unudulmaz xatirələr vəd edir. İstər dağ yürüşləri, istərsə də mənzərə seyrinə çıxan səyahətçilər üçün bölgənin zəngin təbii landşaftı hər mövsümdə fərqli bir gözəllik təqdim edir. Gəlin, Naxçıvanın təbiət incilərini və mütləq görülməli olan ən füsunkar məkanlarına baxaq.

Batabat gölü

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində, dəniz səviyyəsindən təxminən 2500 metr yüksəklikdə yerləşən Batabat gölü, regionun ən çox turist cəlb edən təbiət abidələrindən biri hesab olunur. Yaşıllıqla əhatə olunmuş bu ərazi, təbii mənzərəsinin bənzərsizliyi ilə seçilir.

Batabat-gölü.jpg

Gəmiqaya

Naxçıvanın minillik tarixinə şahidlik edən Gəmiqaya qayaüstü təsvirləri, Azərbaycanın ən qədim etnoqrafik irslərindən biri sayılır. Ordubad rayonunun yüksək dağlıq ərazisində (3000-3500 metr yüksəklikdə) yerləşən bu abidə kompleksi, ulu əcdadlarımızın izlərini qaya rəsmləri vasitəsilə günümüzə çatdırır. Coğrafi baxımdan Kiçik Qafqaz silsiləsinin uca zirvələrində yerləşən bu ərazi, bəşəriyyətin ən ilkin məskunlaşma mərkəzlərindən biri kimi əhəmiyyətə malikdir.

Pəzməri şəlaləsi

Naxçıvanda görməli yerlər siyahısında yer alan Pəzməri şəlaləsi, Ordubadın yüksək dağlıq zonasında yerləşən təbiət möcüzəsidir. Zəngəzur silsiləsinin 3707 metr hündürlükdəki Ayıçınqılı aşırımından başlayan Pəzməri çayının qidalandırdığı bu şəlalə, xüsusi mənzərəsi ilə seçilir.

Kükü kəndi və Gurbulaq şəlaləsi

Şahbuz rayonunun ən iri və qədim yaşayış məskənlərindən biri olan Kükü kəndi, Dərələyəz silsiləsinin cənub yamaclarında, dəniz səviyyəsindən təxminən 1900-2100 metr yüksəklikdə yerləşir. Naxçıvançayın əsas qollarından sayılan Küküçay boyunca uzanan bu kənd, özünəməxsus təbiəti ilə fərqlənir. Bölgənin səyahətçilər tərəfindən diqqətini çəkən əsas nüanslarından biri burada yerləşən Gurbulaq şəlaləsidir. Bu füsunkar təbiət abidəsi səyahətçilərin Naxçıvan səfəri zamanı seçdiyi nöqtələrindən biridir.

Duzdağ

Naxçıvanın rəmzlərindən sayılan Duzdağ, yüksək keyfiyyətli təbii duz ehtiyatları ilə yanaşı, həm də unikal müalicəvi əhəmiyyəti ilə tanınan sağlamlıq mərkəzidir. Şəhər mərkəzindən 12 km məsafədə, dəniz səviyyəsindən 1173 metr hündürlükdə yerləşən Duzdağ Fizioterapiya Mərkəzi Naxçıvanın ən məşhur məkanlarından biridir. Bu mərkəz xüsusilə tənəffüs yolları problemləri olan insanlar üçün faydalı hesab olunur.

Duzdağ-Naxçıvan.jpg

Muzeylər

Naxçıvan muzeyləri və mədəniyyət ocaqları regionun tarixini və incəsənətini daha dərindən anlamağa imkan verir. Bu məkanlar yalnız eksponat nümayiş etdirmir, həm də bölgənin mədəniyyətini daha yaxşı tanımağa kömək edir. Səyahət zamanı bu məkanlara vaxt ayırmaq tövsiyə olunur.

Naxçıvan Dövlət Xalça Muzeyi

Azərbaycanda xalçaçılıq sənətinin qədim tarixə malikdir. Naxçıvan Dövlət Xalça Muzeyi Azərbaycanda müstəqillik illərində yaradılan ilk muzeylərdəndir. 359 eksponatla fəaliyyətə başlayan muzeyin eksponatlarının sayı artıq 3400-ü ötüb, onlardan 300-dən çoxu ekspozisiyada nümayiş etdirilir.

Hüseyn Cavidin ev-muzeyi

Hüseyn Cavid Azərbaycan ədəbiyyatının görkəmli şair və dramaturqu olaraq tanınır. Onun bir zamanlar yaşadığı ev hal-hazırda Naxçıvana səyahət edənlərin seçdiyi dayanacaqlardan biridir. Hüseyn Cavidin ev-muzeyi böyük ədibin həyat və yaradıcılığının öyrənilməsi, onun ədəbi irsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm mədəniyyət ocaqlarındandır.

Hüseyn-Cavidin-ev-muzeyi.jpg

Xülasə

Naxçıvanda gəzməli yerlər yalnız tarixi abidələr və təbiət möcüzələri ilə məhdudlaşmır. Bu bölgə eyni zamanda zəngin mətbəxi ilə də yadda qalır. Bura səyahət edənlər yalnız yeni yerlər görmür, həm də Naxçıvanın dadlı mətbəxi ilə tanış olurlar. Naxçıvan mətbəxinə ballı qayğanaq, şıppır qovurması, arzuman küftəsi, kömbə kökə, cəvizli kökə, qədim şirniyyat növü olan əyirdəyi və digərlərini misal göstərmək olar. Naxçıvana səyahət zamanı bu dadları mütləq yoxlamaq tövsiyə olunur.

Azərbaycan Hava Yollarının Bakıdan Naxçıvana birbaşa uçuşları ilə səyahətinizi daha rahat planlaya bilərsiniz. Səyahətinizi indi planlamaq üçün uçuşları nəzərdən keçirərək uyğun tarixi seçin və Naxçıvan səyahətinizə başlayın!

Müəllif

authorlogo.png

Azərbaycan Hava Yolları

Azərbaycanın milli hava daşıyıcısı olaraq, səyahətçilərlə bilik və təcrübələrimizi bölüşməkdən məmnunluq duyuruq. Bloqumuz səyahət məsləhətləri və istiqamətlər haqqında, eləcə də xidmətlərimiz və yeniliklərimiz barədə məlumatlar təqdim edir. AZAL hava nəqliyyatında illər ərzində qazandığı təcrübə ilə hər zaman təhlükəsizlik və rahatlığı ön planda tutaraq mükəmməl səyahət təcrübəsi təmin etməyi hədəfləyir. Aviasiya dünyasını kəşf etmək və Azərbaycan Hava Yolları ilə səyahətin gözəlliyini yaşamaq üçün səfərlərimizə qoşulun.

Oxşar məqalələr

  • Azerbaijan.png

    Azərbaycanın gəzməli və görməli yerləri

    Azərbaycan möhtəşəm təbii mənzərələri, qədim tarixi abidələri və zəngin mədəni irsi ilə diqqət çəkən bir ölkədir. Hər bir bölgəsi unikal xüsusiyyətləri ilə seçilir və səyahətsevərlərə müxtəlif təcrübələr təklif edir.

    Daha çox
  • __Background_.png

    Bakıda gəzməli yerlər

    Bakıda görməli yerlər, muzeylər, parklar haqqında məlumat əldə edərək şəhərdə turist kimi gəzin. Bakıda turistik yerlər haqqında ətraflı oxumaq üçün keçid edin.

    Daha çox
  • Gence_umumi_goruntu.jpg

    Gəncədə gəzməli yerlər

    Gəncənin tarixi abidələri, parkları və füsunkar təbiətini kəşf edin! Gəncə şəhərini gəzməli və görməli yerləri daha yaxından tanış ola bilərsiniz.

    Daha çox
  • gedebey-gezmeli-yerler.jpg

    Gədəbəydə gəzməli yerlər

    Azərbaycanın füsunkar guşələrindən biri olan Gədəbəyin gəzməli və tarixi yerlərini yaxından tanımaq üçün bloqa keçid edin.

    Daha çox