
Monteneqroya viza almaq üçün bilməli olduqlarınız
Monteneqro son illərdə Avropada turistlərin xüsusi diqqətini çəkən Balkan ölkələrindən biridir. Təbii gözəllikləri, Adriatik dənizi sahilləri və qədim şəhərləri ilə tanınan bu ölkə səyahət həvəskarları üçün unudulmaz xatirələr toplayacaqları istiqamətlərdən sayılır. Monteneqro vizası və bu ölkəyə səyahət haqqında bilməli olduğunuz əsas məqamları bu bloqdan əldə edə bilərsiniz.
Mündəricat
Azərbaycan vətəndaşları Monteneqroya səyahət etmək üçün viza almalıdır?
Son illərə qədər Azərbaycan vətəndaşları Monteneqroya vizasız səyahət edə bilirdilər. Lakin baş verən dəyişikliklər əsasında 2026-cı il yanvarın 15-dən etibarən bu qayda ləğv olundu. Bu səbəbdən Monteneqroya səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşları viza almalıdırlar.
Viza məqsədindən asılı olaraq tələb olunan sənədlər və viza növləri dəyişə bilər. Monteneqroya səyahət məqsədləri işgüzar, əmək, mədəni, idman, təhsil, humanitar məqsədli səfərlər, rəsmi səfərlər, şəxsi səfərlər, turizm məqsədli səfərlər və s. kimi səbəblər olur. Ölkədən asılı olaraq viza tələbi və səfər növləri fərqlənə bilər. Ümumilikdə səyahət məqsədindən asılı olaraq qısamüddətli (Tip C) və uzunmüddətli (Tip D) viza növləri vardır.
Monteneqro necə ölkədir?
Monteneqro Cənub-Şərqi Avropada yerləşən və Balkan yarımadasının ən maraqlı istiqamətlərindən biridir. Kiçik əraziyə malik olmasına baxmayaraq, ölkə həm təbiəti, həm də tarixi ilə turistlər üçün cəlbedici bir məkan sayılır. Adriatik dənizi sahillərində yerləşən Monteneqro dağ mənzərələri, qədim şəhərləri və təmiz sahilləri ilə tanınır.
Bundan əlavə, Monteneqro zəngin tarixə malik ölkələrdən biridir. Orta əsrlərə aid qala və şəhərlər, qədim memarlıq nümunələri və mədəni irs bu ölkəni Balkan regionunun ən maraqlı yerlərindən birinə çevirir. Budva, Kotor və Podqoritsa kimi şəhərlər həm tarixi abidələri, həm də müasir turizm infrastrukturu ilə seçilir.

Monteneqroda turistlərin ən çox səyahət etdiyi şəhərlər
Budva Monteneqronun ən canlı kurort şəhərlərindən biridir. Şəhər qumlu çimərlikləri, məşhur Adriatik sahili, lüks hotelləri, barları və restoranları ilə məşhurdur. Şəhərin simvolu sayılan “Köhnə Şəhər” (Old Town) hissəsi dar küçələri, qədim qala divarları və tarixi kilsələri ilə turistlərə bənzərsiz orta əsr atmosferi vəd edir.
UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim liman şəhəri Kotor, Adriatik sahilinin ən füsunkar güşələrindən biridir. Bu şəhərdə turistləri Kotor körfəzinin (Boka Kotorska) nəfəs kəsən mənzərələri, qədim daş küçələr və zəngin mədəni abidələr qarşılayır.
Adriatik sahilində fərqli təcrübələr axtaranlar üçün Tivat və Herceg Novi ideal istiqamətlərdir. Tivat, xüsusilə dünyaca məşhur Porto Montenegro kompleksi ilə lüks turizmin və müasir marinaların mərkəzi hesab olunur.
Sahil xəttindən uzaqlaşıb ölkənin dərinliklərinə doğru səyahət etdikdə sizi Monteneqronun əsl mədəni irsinə sahib Cetinje və Niksic şəhərləri qarşılayır. Ölkənin qədim paytaxtı olan Cetinje, addımbaşı rast gəlinən muzeyləri, möhtəşəm sarayları və sənət mərkəzləri ilə səma altında yaşayan tarixdir. Təbiət sevənlər üçün isə Niksic əvəzolunmazdır.

Səyahətdən öncə son qeydlər
Monteneqroya viza müraciəti zamanı sənədlərin tamlığına və səfər məqsədinizə uyğun hazırlıqlı olmağa diqqət yetirmək vacibdir. Viza tələblərinə əməl etmək vizanızın problemsiz alınmasını təmin edəcək.
Balkanların füsunkar ölkəsini kəşf etmək və səfərinizi rahat planlaşdırmaq üçün uçuş cədvəlimiz ilə tanış ola bilərsiniz. Monteneqroya səyahətinizi Azərbaycan Hava Yolları ilə planlayın!

