
İspaniyaya viza alarkən nələri bilmək lazımdır?
Həm istirahət edim, həm də maraqlı məkanlar kəşf edim deyirsinizsə, İspaniya sizin üçün ideal ölkələrdəndir. Avropanın ən çox sevilən ölkələrindən olan İspaniyaya səyahət etsəniz şübhəsiz ki, bu ölkə unudulmaz xatirələrlə və özünəməxsus mədəniyyəti ilə yaddaşınızda qalacaq. Bəs İspaniya vizası almaq üçün nə lazımdır?
Burada siz müraciət qaydaları, tələb olunan sənədlər və s. haqqında ətraflı məlumat əldə edəcəksiniz.
Mündəricat
İspaniya Vizası Növləri
İspaniya Şengen ölkələri siyahısına daxil olduğu üçün qısamüddətli səfərlər üçün İspaniyaya Şengen vizası ilə giriş mümkündür. Şengen vizası 180 gün ərzində maksimum 90 gün qalmaq imkanı verir. Əgər İspaniyada 90 gündən artıq qalmağı planlaşdırırsınızsa, bu zaman milli viza üçün müraciət edilməlidir.
İspaniyaya qısa səfər üçün lazım olan viza
İspaniyaya qısa səfərlər üçün lazım olan viza növü Şengen vizasıdır. Bu viza ilə İspaniyaya səfər etməklə yanaşı digər Şengen ölkələrinə də keçid edə bilərsiniz. Əgər İspaniya səfəriniz ailə və ya dost ziyarəti, işgüzar səfər, qısamüddətli təhsil proqramlarında iştirak və turist kimi İspaniyanı gəzmək məqsədlərindən biridirsə, bu zaman sizə lazım olan viza növü Şengen vizasıdır. Bu viza 180 gün ərzində maksimum 90 gün qalmaq imkanı verir. Daha ətraflı məlumat, müraciət zamanı lazım olan sənədlər və qaydaları öyrənmək üçün Şengen vizası haqqında ətraflı yazdığımız bloqa keçid edə bilərsiniz.
İspaniyaya Şengen vizası təkgirişli və çoxgirişli ola bilər. Təkgirişli viza sahibinə yalnız bir dəfə ölkəyə giriş imkanı verir və ölkədən çıxdıqdan sonra vizanın istifadəsi bitir. Çoxgirişli viza isə sahibinə viza müddəti ərzində bir neçə dəfə ölkəyə giriş və çıxış etmək imkanı verir. Bu, xüsusilə tez-tez səfər edən və ya qonşu ölkələrə səyahət planlayan şəxslər üçün əlverişlidir.
İspaniya vizasını almaq sizə səyahətiniz boyu bütün Şengen ölkələrinə giriş imkanı verir. Ancaq hər bir halda məsləhət görülür ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni İspaniyadan edəsiniz.
Milli viza (Tip D)
İspaniyada 90 gündən artıq qalmaq istəyirsinizsə, bu zaman milli viza üçün müraciət etmək lazımdır. Bu viza əsasən uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s.), İspaniyada rəsmi əmək fəaliyyəti ilə məşğul olmaq istəyənlər, ailə birləşməsi səbəbi ilə İspaniyaya səfər edənlər üçün lazımdır.
Müraciət prosesi
İspaniyanın ölkəmizdə konsulluğu fəaliyət göstərməməsi səbəbilə viza haqda qərar Fransa səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir. Sənədləri təqdim etmək üçün viza görüşü onlayn şəkildə əldə edilir və əvvəlcədən görüş təyini mütləqdir. Viza müraciətinin səfər tarixindən 6 ay əvvəl edilməsi məsləhət görülür. Hər ölkəyə viza müraciəti üçün rüsum tələb olunur və ölkədən asılı olaraq bu məbləğ dəyişə bilər. Cari viza rüsumu haqqında məlumatı rəsmi mənbəyə keçid edərək əldə edə bilərsiniz.
İspaniyada ən çox səyahət edilən şəhərlər
İspaniyada səyahətçilərin ən çox ziyarət etdiyi şəhərlər arasında Barselona və Madrid ön sıradadır. Bu şəhərlər zəngin mədəni irsi, tarixi abidələri, incəsənət və canlı şəhər həyatı ilə turistləri cəlb edir.

Barselona
Barselona İspaniyanın ən məşhur turizm şəhərlərindən biridir. Antoni Qaudinin memarlıq əsərləri, məşhur La Rambla küçəsi və Aralıq dənizi sahilində yerləşməsi bu şəhəri turistlər üçün xüsusi cəlbedici edir. Şəhərin ən çox ziyarət edilən 10 məşhur yeri haqqında məlumat əldə etmək üçün daha öncə hazırladığımız bloqa keçid edə bilərsiniz.
Madrid
Madrid İspaniyanın paytaxtı və ölkənin ən böyük şəhərlərindən biridir. Şəhər zəngin muzeyləri, tarixi meydanları və canlı şəhər həyatı ilə tanınır. Prado Muzeyi, Kral Sarayı və Gran Via küçəsi Madriddə görülməli əsas yerlər sırasındadır.
Valensiya
Valensiya Aralıq dənizi sahilində yerləşən müasir və dinamik şəhərlərdən biridir. Şəhər xüsusilə futuristik memarlığı ilə tanınan “City of Arts and Sciences” kompleksi ilə məşhurdur. Bundan əlavə Valensiya məşhur İspan yeməyi olan “paella”-nın vətəni hesab olunur.
Xülasə
Barselonanın gözəl məkanlarını kəşf etmək və səyahətinizi planlaşdırmaq üçün uçuş cədvəlimiz ilə tanış ola bilərsiniz. Azərbaycan Hava Yolları ilə rahat səfərinizi indi planlayın!
