BG.jpg

Xızıda gəzməli yerlər

Xızı Azərbaycanın sakit, gəzməli və rəngli bölgələrindən biridir. Burada dağların göz oxşayan mənzərələrini və qədim izləri yaşadan tarixi məkanları görə bilərsiniz. Xızı dağlarının qırmıza rəngdə olmasının səbəbi bu dağların Mezozoy erasının Yura dövrünə aid süxurlardan təşkil olunmasıdır. Onlara həm də Yura gilləri deyilir. Yura gilləri kifayət qədər perium tərkibli kimyəvi elementlərlə seçildiyi üçün həmin süxurların qırmızı rəngə çalmasına səbəb olub. Bakıdan qısa məsafədə yerləşən gəzməli yer axtarırsınızsa, Xızı sizi öz əsrarəngiz təbiəti ilə qarşılamağa hazırdır.

Mündəricat

Tarixi yerlər

Xızının tarixi məkanları bu bölgənin keçmişini daha yaxından tanımaq üçün ziyarət edilməli yerlər siyahısında olmalıdır. Dini ziyarətgahlar və unikal memarlıq nümunələri ilə seçilən tarixi abidələr keçmiş dövrün izlərini özündə saxlayır.

Mikayıl Müşfiqin ev muzeyi

Xızıya gedərkən yol üstündə qarşılaşacağınız ilk məkan Mikayıl Müşfiqin ev muzeyidir. Mikayıl Müşfiq pedaqoq və tərcüməçi kimi çalışsa da, lirik şeirləri ilə də məşhurdur. Şair keçmiş dövrün qanlı repressiya terrorunun qurbanlarındandır. Müşfiqin ev muzeyi Xızıya səyahət zamanı görülməli yerlər siyahısında yer alır.

Cəfər Cabbarlının ev muzeyi

Cəfər Cabbarlı, XX əsrin əvvəllərində yaşamış, Azərbaycan ədəbiyyatının görkəmli dramaturqu, şairi və nasiri olmuş məşhur yazıçıdır. 1899-cu il martın 20-də dünyaya göz açan Cəfər Cabbarlı 2 yaşına kimi bu evdə yaşayıb. Üç otaqdan ibarət birmərtəbəli ev görkəmli dramaturqun həyat yoldaşı Sona xanım Cabbarlının təşəbbüsü ilə 1956-cı ildə ictimai əsaslarla ev-muzeyi kimi fəaliyyətə başlayıb.

Təbii yerlər

Xızı paytaxta yaxın dağlıq rayon olduğundan Bakıdan bura gələnlərin sayı da çoxdur. Mülayim iqlimi, təmiz havası ilə seçilən rayonda ziyarətçiləri daha çox özünə cəlb edən möhtəşəm gözəlliyə malik dağ mənzərələridir.

Xələnc kəndi

Rayon mərkəzindən 4 km aralıda yerləşən kəndə Xalac da deyirlər. Burada XV əsrə aid edilən məşhur ziyarətgah var. Qədim qəbiristanlıq ərazisindəki bu ziyarətgaha “Ağ pir” deyirlər. Köhnə qəbir daşlarının üstündə Səfəvilər İmperiyasının emblemi sayılan günəş simvolu həkk edilib. Xələnc kənd ərazisində yerləşən tarixi tikililərdən biri də “Ağ dəyirman” adlanan abidədir. Xızıya səfər zamanı bu tikililəri görməli olduğunuz yerlər siyahısına daxil edə bilərsiniz.

Əlişrin kəndi

Xızı rayonunda yerləşən Əlişrin (Şıxlar) kəndində XV əsrə aid Şeyx Heydər türbəsi mövcuddur. Bu türbənin Səfəvi hökmdarı Şah İsmayılın atası Şeyx Heydərə məxsus olduğu güman edilir. Xızıya səyahət zamanı Azərbaycanın tarixinə də səfər edə bilərsiniz.

Qızılqazma

Xızının ən böyük turizm potensialına malik ərazilərdən biri hesab edilən bu yer mərkəzdən 8 km aralıda yerləşir. Təmiz havaya sahib bu əraziyə gedərkən sıx meşənin içərisindən keçirsiniz. Qızılqazmada kiçik dağ gölü də mövcuddur. Onun ətrafında qonaqlama üçün bir neçə möhtəşəm villa ucaldılıb. Əgər Xızıya gəlmisinizsə, bu məkanı mütləq görməlisiniz.

“Candy Cane” dağları

Rəngbərəng təbəqələri ilə unikal görünüşə malik bu dağlar Xızının ən məşhur təbii möcüzələrindəndir. Bura gəzinti üçün tövsiyyə olunan fəsillər payız və ya yazdır. Özünəməxsus mənzərəyə malik bu təpələrdə fərqli şəkillər çəkdirə bilərsiz. Rənglərin tam aydın olması və mənzərənin daha gözəl görünməsi üçün bura yağışdan sonra və ya səhər tezdən getmək məsləhətdir. “Hiking” həvəskarları isə burada Varafta silsiləsinin yüksək nöqtələrindən biri olan Bəybəyim zirvəsinə (935 m) qalxa bilər.

fantastik.jpg

Altıağac Milli Parkı

Xızı və Siyəzən rayonlarının ərazisində yerləşən parkın sahəsi 11 min 35 hektardır. Altıağac Milli Parkının ərazisi dağ meşəsi, dağ çəmənlikləri və yarımsəhradan ibarətdir. Parkda flora növlərindən palıd, vələs, göyrüş, yemişan, zirinc, ağıriyli ardıc, Qafqaz bənövşəsi, itikənarlı süsən və s. yer alır. Fauna növlərindən isə qonur ayı, vaşaq, Avropa cüyürü, saqqallı quzugötürən, canavar, çöl donuzu, bildirçin, yenot, dovşan, tülkü, dələ, qaratoyuq və s. heyvan və quş növlərinə rast gəlinir. Xızıya gəlirsinizsə, gəzmək üçün Altıağac Milli Parkı ideal seçimlər arasındadır.

Səyahət üçün niyə Xızı?

Bakıdan təxmini 1 saat 50 dəqiqə uzaqlıqda yerləşən Xızı, həm qısa həm də uzun istirahət axtaranlar üçün uyğun ərazidir. Xızının Qırmızı dağları dünyada çox az yerində rast gəlinən geoloji quruluşa malikdir. Bir sözlə, buranın təbiəti öz səyahətçilərinə müxtəliflik təqdim edir. Bu səbəbdən Xızı fotoqrafların və təbiət sevərlərin diqqətini çəkir.

Bu bloq ilə Xızıdakı əsas tarixi və gəzinti yerlərini tanıyaraq öz səyahət planınızı yarada bilərsiniz. Xızını kəşf etməyə başlayın!

Müəllif

authorlogo.png

Azərbaycan Hava Yolları

Azərbaycanın milli hava daşıyıcısı olaraq, səyahətçilərlə bilik və təcrübələrimizi bölüşməkdən məmnunluq duyuruq. Bloqumuz səyahət məsləhətləri və istiqamətlər haqqında, eləcə də xidmətlərimiz və yeniliklərimiz barədə məlumatlar təqdim edir. AZAL hava nəqliyyatında illər ərzində qazandığı təcrübə ilə hər zaman təhlükəsizlik və rahatlığı ön planda tutaraq mükəmməl səyahət təcrübəsi təmin etməyi hədəfləyir. Aviasiya dünyasını kəşf etmək və Azərbaycan Hava Yolları ilə səyahətin gözəlliyini yaşamaq üçün səfərlərimizə qoşulun.

Oxşar məqalələr

  • Gence_umumi_goruntu.jpg

    Gəncədə gəzməli yerlər

    Gəncənin tarixi abidələri, parkları və füsunkar təbiətini kəşf edin! Gəncə şəhərini gəzməli və görməli yerləri daha yaxından tanış ola bilərsiniz.

    Daha çox
  • lankaran.jpg

    Lənkəranda gəzməli yerlər

    Lənkəranın füsunkar təbiətini və tarixi məkanlarını kəşf edin! Səfərinizi planlayın və Azərbaycanın cənub incisini yaxından tanıyın.

    Daha çox
  • __Background_.png

    Bakıda gəzməli yerlər

    Bakıda görməli yerlər, muzeylər, parklar haqqında məlumat əldə edərək şəhərdə turist kimi gəzin. Bakıda turistik yerlər haqqında ətraflı oxumaq üçün keçid edin.

    Daha çox
  • oguz.jpg

    Oğuzda gəzməli yerlər

    Sakit dağ havası, meşə yürüşləri və qədim sinaqoqları ilə Oğuz istirahət üçün ideal rayondur. Gəzməli yerlər barədə daha ətraflı məlumatı bloqda tapa bilərsiniz.

    Daha çox
  • Background,_Qakh_seheri.jpg

    Qaxda gəzməli yerlər

    Qaxda mütləq görməli yerlər: İlisu kəndi, Mamırlı şəlalə, Kurmux məbədi, İçəribazar, Ləkit Bal Evi və daha çox. Təbiyyət və tarix bir arada sizi gözləyir!

    Daha çox