
Dalaman səyahət planı
Türkiyənin ən gözəl istirahət bölgələrindən biri olan Dalaman, yaşıllıqları, göy rəngli dənizi, qədim şəhərləri və gizli körfəzləri ilə hər il minlərlə turisti özünə cəlb edir. Aralıq dənizi ilə Egenin qovuşduğu nöqtədə yerləşən Dalaman, təbii gözəllikləri, tarixi qalıqları və sakit körfəzləri ilə Muğlanın səyahətçilər tərəfindən sevilən bölgələri arasındadır. Dalamanda “haranı gəzə bilərəm?” deyə düşünürsünüzsə bu bloq sizin üçün faydalı olacaq.
Mündəricat
Dalaman haradadır və ora necə getmək olar?
Dalaman, Muğlanın ən məşhur istirahət bölgələrindən biridir. Muğlanın Köyceğiz, Ortaca və Fethiye bölgələrinin arasında yerləşir və Ege ilə Aralıq dənizini bir-birinə bağlayan bir mövqedədir. Dalaman, İzmir, Muğla və Fethiyeni birləşdirən quru yolu üzərində olduğundan bölgəyə çatmaq çox asandır. Bura həm hava, həm də quru yoldan çatmaq mümkündür. Dalamana Türkiyənin demək olar ki, bütün bölgələrindən avtobus səfərləri təşkil olunur. Şəhər mərkəzinə 10 dəqiqəlik məsafədə yerləşən avtovağzaldan istədiyiniz yerə taksi və ya ictimai nəqliyyat vasitəsi ilə qısa müddətdə çatmaq mümkündür. Hava limanı şəhər mərkəzinə 10 km məsafədə yerləşir. Bura avtobus, taksi və ya başqa transfer vasitəsilə qısa müddətdə çatmaq mümkündür.

Tarixi Yerlər
Dalaman və ətrafı yalnız təbii gözəllikləri ilə deyil, həm də zəngin tarixi və mədəni irsi ilə diqqət çəkir. Burada minilliklər əvvəlindən qalan qədim şəhər və məbədlərin qalıqları, qayalara oyulmuş krallıq dövründən qalan məzarlar və unudulmuş kəndlər var. Tarixi yerləri ziyarət edərkən keçmişin izlərini hiss etmək mümkündür. Roma və Bizans dövrünə aid teatrlar, qədim küçələr, daş evlər və kilsələr sizi zamanda səyahətə çıxarır. Tarixə və mədəniyyətə marağı olanlar Dalamanın bu yerlərini mütləq görməlidirlər.
“Hippokome Antik Kenti”
Dalamanın ən məşhur tarixi gözəllikliklərindən biri olan “Hippokome Antik Kenti”, Çöğmen kəndinin “İt Asarı” bölgəsində yerləşir. Adı “At Şəhəri” mənasını verən bu qədim yer, tarix həvəskarları üçün unudulmaz bölgələrdən biridir. Şərq hissəsində olan 6 müxtəlif qaya məzarı, şəhərin qədim sakinlərinin dəfn ənənələrini göz önünə sərir. Şəhərin cənub-qərb hissəsində isə “Telmessos Antik Kenti” adlanan ərazidə yerləşən qaya məzarlarına bənzər strukturlar diqqəti çəkir. “Kepezbaşı” adlanan bölgədə isə Roma və Bizans dövrlərinə aid, tarixi əhəmiyyətə malik bina qalıqları mövcuddur. Bu bölgəyə xüsusi avtomobillərlə rahat getmək mümkündür.

“Oktapolis Antik Kenti”
“Oktapolis Antik Kenti”, Türkiyənin cənub-qərbində yerləşən və tarix boyu bir çox sivilizasiyaya ev sahibliyi etmiş mühüm ərazilərdən biridir. Adı yunan dilində “səkkiz şəhər” mənasını verən “okta” və “polis” sözlərinin birləşməsindən yaranıb. Bu ad, ərazinin ətrafında yerləşən səkkiz kiçik yaşayış məntəqəsi ilə olan əlaqəyə işarə edir. “Oktapolis”, qədim Likya sivilizasiyasının mühüm mərkəzlərindən biri kimi siyasi, iqtisadi və mədəni həyatda böyük rol oynayıb. Roma və Bizans dövrlərində də strateji yaşayış yeri kimi mövcudluğunu davam etdirib. Xüsusilə, Likya dilindəki kitabələr yerli mədəniyyət haqqında dəyərli məlumat verir. Roma dövrünə aid sikkələr isə bu ərazinin ticarət əlaqələri və iqtisadi gücünü göstərir. Burada Likya, Roma və Bizans dövrlərinə aid çoxsaylı məbədlər də mövcuddur. Ərazidə Roma dövrünə aid, təxminən 5.000 nəfərlik böyük bir teatr da mövcuddur. Səhnə hissəsi və oturacaq sıralarının böyük qismi bu günə qədər yaxşı qorunub. Bu gün də Oktapolis həm arxeoloqlar, həm də tarix həvəskarları üçün cəlbedici və araşdırmaya açıq bir sahə olaraq diqqət çəkir. Fethiye şəhər mərkəzindən avtomobil icarəyə götürərək və ya Tlos istiqamətinə gedən avtobuslarla təxminən 30 km yol qət etdikdən sonra bu tarixi yerə çatmaq mümkündür.

“Dalaman Tren Garı”
“Dalaman Tren Garı” adlanan bu tarixi yerin maraqlı bir hekayəsi var. Bu vağzalın yanından heç vaxt qatar keçməyib. 19-cu əsrdə Abbas Hilmi Paşa İsgəndəriyyədə bir vağzal tikdirmək istəyirmiş. O, vağzalın planlarını fransızlara verib. Lakin fransızlar ov köşkü ilə qatar vağzalı layihələrini səhv salıblar. Bu qarışıqlıq nəticəsində vağzal səhvən Misir əvəzinə Dalamanda inşa olunub. Paşa isə binanı sökdürməmək qərarına gəlib. Hətta yanına məscid də tikdirib. Binanın gözoxşayan memarlığını görəndə “bu nə gözəl səhvdir” demək mümkündür. Bu gün isə qatar keçməyən dünyanın yeganə qatar vağzalı kimi xüsusilə məşhurdur.

“Dalaman Demirciler Çarşısı”
Dalamanın Gürköy məhəlləsinin şimalında yerləşən “Antik Demirciler Çarşısı” 13-cü əsrdə rumlar tərəfindən inşa edilmişdir. Bu çarşının qaraağacın işlənməsi və əldə olunan məmulatların xarici ölkələrə satılması məqsədilə qurulduğu düşünülür. Məkanı ziyarət edən turistlər bu gün artıq unudulmağa başlayan sənətlərdən biri olan dəmirçilik peşəsinə aid alətləri, dəmir parçaları, çəkic, örs və körük kimi əşyaları görə bilirlər. Bura avtomobillə asanlıqla çatmaq mümkündür. Əlavə olaraq yalnız avtomobillə yox, həm də Gürköy yolundan təxminən 30 dəqiqəlik gəzinti edərək bu çarşıya gələ bilərsiniz.

“Kalynda Antik Kenti”
Kalynda Antik Kenti Şerefler kəndinin şimal və şimal-şərqində yerləşir. Regionda olan qala qalıqları, qəbiristanlıqlar və qala divarları müxtəlif dövrlərə aiddir. Kalynda, Kapıdağ bölgəsindəki Lydai, Lissay və Kariya ərazilərinin bir hissəsi sayılır və Perikl dövründə Likyalıların hakimiyyətinə keçmişdir. Qayalıq qəbiristanlıqlar Likya dövrünə, qala divarları və qala qalıqları isə Bizans dövrünə aiddir. Kozpınar isə qədim ticarət yolunun üzərində yerləşir və tarixi boyunca mühüm dayanacaq yeri olmuşdur. Kalynda antik yaşayışının qalıqları isə kəndin məktəbinin 200 metr yuxarısında, təpədə və ətrafında mövcuddur.

Sarsala körfəzi
Dalamanda ziyarət ediləcək yerlər siyahımızın ilk dayanacağı Sarsala körfəzidir. Dalamanın bu hissəsi, şəhər mərkəzindən təxminən 15-16 kilometr məsafədə, Kapukargın ərazisində yerləşir. Yaşıl şam ağacları ilə əhatə olunmuş incə qumlu çimərliyi və turkuaz rəngli sakit dənizi ilə ziyarətçilərə istirahət üçün möhtəşəm mənzərə təqdim edir. Qayıq və ya yatların tez-tez üz tutduğu Sarsala körfəzinə, həmçinin quru yolla çatmaq mümkündür. Sarsala körfəzinin gözəlliyi qədər keçmişi də diqqət çəkicidir. Zamanında Dalamanda dəmir yolu stansiyasının tikintisində istifadə olunan materiallar bu körfəz ilə daşınmışdır. Təbiətinin gözəlliyi ilə bu tarixi detal birləşərək Sarsala körfəzini daha da xüsusi edir.

Dalaman Çayı
Dalamanın təbiət möcüzələrindən biri də burada yerləşən çaydır! Bu çay Torosların qərbindəki Yaylacık və Göktepe dağlarından başlayır. Ortacanın cənubundan Aralıq dənizinə tökülən Dalaman Çayı tam 229 kilometr uzunluğa malikdir. Çayın dərhal şimalında yerləşən Bozdağlar isə Aralıq dənizi və Ege bölgələrinin təbii sərhədini təşkil edir. Təbii əhəng daşından qidalanan Dalaman Çayının təmiz və turkuaz rəngli suları isə sanki rəssamın əsəri kimidir. Dalaman Çayı eyni zamanda müxtəlif su idmanlarına ev sahibliyi etməklə ən məşhur “rafting” bölgələrindən biri sayılır. R3–R5 kimi fərqli çətinlik dərəcələrinə malik “rafting” marşrutları macəra axtaranlara uyğun imkanlar təqdim edir. Ancaq “Mən rafting sevmirəm” deyə düşünürsünüzsə, çayın ətrafındakı restoranlarda mənzərəyə qarşı istirahət edə bilərsiniz.

Gizli Vadi (Akkaya Kanyonu)
Dalamanın mərkəzinin 12 kilometr şimalında yerləşən bu təbiət möcüzəsi, bura səyahət zamanı görülməli yerlər siyahısına mütləq daxil edilməlidir. Təbiət qoynunda vaxt keçirmək üçün bura mükəmməl seçimdir. Vadidə göl və dağın birləşməsindən yaranan möhtəşəm mənzərə fonunda qayıq turları, kano turları, atlarla gəzinti, yürüyüş, “trekking” və velosiped turları kimi bir çox fəaliyyətə qoşula bilərsiniz. Bölgədə uzun illərdir fəaliyyət göstərən böyük bir restoran da var. Restoranda Türk və Avropa mətbəxindən seçilmiş xüsusi dadları sınaqdan keçirə bilərsiniz.

“Kapukargın kükürt kaplıcası”
17 fərqli mineralı özündə cəmləyən bu hovuzların bir çox xəstəliyə yaxşı təsir etdiyi bilinir. Kükürdlü suların əzələ ağrılarına, sədəf xəstəliyinə, həzm, reproduktiv sistem və dəri xəstəliklərinə müsbət təsir göstərdiyi qeyd olunur. Bundan əlavə, bu müalicəvi suların selen və kalsium baxımından zəngin olduğu bildirilir. Suyun il boyu dərəcəsi 26–28 arasında olur. Bundan əlavə, bu ərazidə piknik etmək də mümkündür.
“Kille Koyu”
Dalaman ilə Göcek arasında yerləşən, meşə ilə əhatələnmiş “Kille Koyu”, bölgənin sakit, təmiz və toxunulmamış körfəzlərindən biridir. Özünəməxsus təbii strukturu ilə “Kille Koyu” xüsusilə dəniz və təbiət sevənlərin üz tutduğu dayanacaqlardandır. Körfəzin yaxınlığında qədim kilsənin qalıqları yerləşir. Bu qalıqlar bölgənin tarixi struktura malik olduğunu göstərir. Mavi ilə yaşılın ən gözəl ahəngini görə biləcəyiniz körfəz, həm dincəlmək, həm də təbiətlə iç-içə vaxt keçirmək istəyənlər üçün ideal məkandır.

Dalamana nə zaman getmək olar?
Dalaman yüksək temperatur ortalaması ilə demək olar ki, hər mövsüm səyahət üçün uyğundur. Dalamanı ziyarət etdikdə ətrafındakı gözəl körfəz və çimərliklərdən tam faydalanmaq üçün ən azı 4–5 günlük bir tətil planı etməyiniz tövsiyə olunur. Qədim şəhərləri ilə həm yerli, həm də xarici turistlərin diqqətini çəkən Dalamanda qış ayları nisbətən mülayim və yağışlı, yay ayları isə isti və quraq keçir. Qışda bölgə sanki tropik xüsusiyyətlər göstərir və yağışlar bəzən günlərlə davam edə bilər. Bu səbəbdən Dalamana qış aylarında tətil məqsədilə getmək hər zaman ideal seçim olmaya bilər.

