BG.jpg

Səyahət zamanı izləyə biləcəyiniz filmlər

Uçuş uzun olduqda bəzən səyahətə gedən yol yorucu keçir. Elə buna görə də uçuş zamanı izləyə biləcəyiniz doğru filmi önəmlidir. Uçuş vaxtınızı əyləncəli keçirməyiniz üçün romantik, qorxu, dedektiv, komediya və fantastik kimi müxtəlif janrlarda yüksək IMDb reytinqinə malik filmləri sizin üçün topladıq. Siyahı müxtəlif janrlarda olan maraqlı film tövsiyyələrindən ibarətdir.

Mündəricat

Detektiv / Triller

Bu janr gərginlik, sirrlər və gözlənilməz hadisələrlə dolu hekayələri bir araya gətirir. Öz hekayələri ilə daim düşünməyə məcbur edən janr, dinamikliyi ilə izləyicini yorulmağa qoymur. Hər an ortaya çıxan yeni detallarla hadisələrin gizli şəkildə irəliləməsi izləyicini maraqda saxlayır.

detektiv-1.jpg

“Burning”

Kənardan sakit görünən həyatı olan gənc bir oğlan təsadüfən iki insanla tanış olur və onların münasibəti qəribə bir gərginliyə çevrilir. Film yavaş ritmlə başlayır, amma getdikcə həyəcanı artır. İzləyici uzun müddət kimin doğru danışdığına və kimin nəyi gizlətdiyinə qərar verə bilmir. Hekayə sosial təbəqələr, emosional boşluq və obsesiyanın qaranlıq tərəflərinə fokuslanır. Filmin atmosferi daim suallar yaradır və heç nəyin tam olaraq göründüyü kimi olmadığını göstərir.

“Marshland”

İspaniyanın ucqar kəndində iki polis bir qızın ölümü ilə bağlı araşdırma aparır və kəndin illərlə gizlədilmiş sirrləri açılır. Müharibə sonrası yaranan atmosfer filmin fonunda hiss olunur. Hadisəni araşdıran iki detektivin xarakterləri bir-birinə tam əks olduğu üçün araşdırma daha mürəkkəb irəliləyir. Kənd camaatının susması və gizli saxladığı bilgilər izləyicidə güclü şübhə yaradır. Filmin vizualı əla işləndiyi üçün izləyici özünü filmin bir parçası kimi hiss edir.

“The Gift”

Gənc bir cütlüyə illər əvvəlki məktəb dostu tərəfindən qəribə "hədiyyələr" gəlməyə başlayır. İlk baxışda zərərsiz görünən adamın davranışları sonradan tədricən narahatlıq yaratmağa başlayır. Film suallara cavab vermək əvəzinə izləyicini düşünməyə məcbur edir. Keçmişdəki kiçik bir hadisənin insanların həyatını necə dəyişə biləcəyinə dair dərin mesajlar verir.

“The Guilty”

Bütün film tək bir otaqda keçir. Bütün hadisələr çağrı mərkəzində baş tutsada gərginlik maksimum səviyyədədir. Bir polis qadının qaçırılması ilə bağlı zəng alır və hadisələri telefon vasitəsilə idarə etməyə çalışır. İzləyici polislə birlikdə araşdırma apararaq hadisənin həll yolunu tapmağa çalışır. Dedektiv janrında film sevənlər üçün bu film yaxşı seçimlər arasındadır.

“The Hunt (2012)”

Kiçik bir qəsəbədə uşaq bağçasında çalışan bir kişi heç bir sübut olmadan əsassız ittihama məruz qalır. Cəmiyyətin bir anda insana necə düşmən ola biləcəyi aydın şəkildə göstərilir. Film izləyicini qurban və günahkar anlayışlarını yenidən düşünməyə vadar edir. Filmdə baş rolun performansı kinematoqrafiyada unudulmaz hesab olunur. Final emosional baxımdan sarsıdıcı olduğu üçün yaddaqalandır.

“Prisoners”

Kiçik bir şəhərdə iki qız itkin düşür və ailələri böyük təşviş içində onları axtarmağa başlayır. Film onların yaxınları və polis arasındakı gərgin münasibətləri göstərir. Ailənin yaşadığı ərazidə daha əvvəl bu tərz hadisələr baş verdiyi üçün valideynlərin qorxusu və ümidsizliyi ustalıqla göstərilir. Filmin atmosferi qaranlıq və gərgindir. Çünki zaman keçdikcə öyrənilir ki, illərdir araşdırılan amma tapılmayan bir qatil mövcuddur. Bunun üçün izləyici hər səhnədə dedektivlə birlikdə qatilin kim olduğunu tapmağa çalışır. Film yalnız cinayət və araşdırma hekayəsi deyil, həm də insan psixologiyası və seçimlərinin nəticələrini dərinləşdirir. Film daim izləyiciyə hadisələrin necə irəliləyəcəyini düşündürür.

“The Clovehitch Killer”

Kiçik bir şəhərdə “Tyler” adlı gənc normal həyat yaşadığını düşünür, amma bir gün yaşadığı evin həyətindəki qarajdan qəribə əşyalar tapır. Bu əşyalar ona şəhərdə illərdir araşdırılan cinayətlərlə əlaqəsi ola biləcəyini düşündürür. Film gərgin psixoloji atmosfer və sirrlər ilə doludur. İzləyici hər an “kim doğru deyir?” sualını düşünür. Hadisələr irəlilədikcə gərginlik artır.

“Zodiac”

San-Fransisko şəhərində illərdir tapılmayan “Zodiac” qatili şəhərdə qorxu və təşviş yaradır. Jurnalistlər və polis hadisələri araşdırarkən tapılanlar onların psixologiyasına da təsir göstərir. Film gərgin atmosfer və reallıqdan ilhamlanan sirli hadisələrlə doludur. İzləyici hər an “qatil kimdir?” sualını düşünür. Final isə tam aydın olmayan, təsirli və düşündürücü şəkildədir.

Fantastik

Bu janr qeyri-adi, mümkün olmayan hadisələr və fərqli hekayələrlə zəngindir. Hekayələr izləyicini reallıqdan uzaqlaşdıraraq fərqli və maraqlı dünyaya aparır. Dinamik və vizual baxımdan zəngin bu janrda filmlə izləyicini ekran qarşısında saxlayır.

fantastik.jpg

“Inception”

“Dom Cobb” adlı peşəkar oğru insanların yuxularına girərək məlumat oğurlaya bilir. Lakin işləri təkcə cinayət xarakterli deyil, həm də psixoloji gərginlik və şəxsi problemlərlə doludur. Film yuxu və reallıq arasında incə sərhədləri göstərir. İzləyici hər an “bu yuxudur, yoxsa reallıqdır?” sualını düşünür. Obrazların mübarizəsi və seçimləri filmi yalnız dinamik deyil, həm də emosional olaraq təsirli edir. Hekayənin mürəkkəb strukturu izləyicidə maraq yaradaraq ekran qarşısında saxlayır. Final isə həm düşündürücü, həm də yaddaqalan bir şəkildə tamamlanır.

“Everything Everywhere All at Once”

Adi və yorucu bir həyat yaşayan “Evelyn” birdən özünü saysız-hesabsız paralel dünyalarla əlaqəli böyük bir hadisənin mərkəzində tapır. Film insanın verdiyi kiçik qərarın belə başqa bir dünyada necə fərqli bir həyata çevrilə biləcəyini göstərir. Hekayə həm komediya, həm də dərin ailə dramı elementlərini ustalıqla birləşdirir. Filmin emosional xətti isə ailə bağları, qəbullanma və özünüdərketmə kimi mövzular üzərində qurulub. İzləyici bir tərəfdən baş verən qarışıqlığa gülür, digər tərəfdən həyatdakı seçimlərin nə ilə nəticələnəcəyi barədə düşünməyə başlayır.

“Guardians of the Galaxy”

Uşaqlıqda Yer planetindən qaçırılan “Peter Quill” illər sonra qalaktikanın ən qeyri-adi anti-qəhrəmanları ilə eyni məqsəd uğrunda mübarizə aparmağa məcbur olur. Film kosmosa səyahət etdirərək həm rəngli atmosferi, həm də dinamik döyüş səhnələri ilə izləyicini cəlb edir. Obrazların hər birinin keçmişi və şəxsi motivləri hekayəyə emosionallıq qatır.

Qorxu

Bu janr demək olar ki, qorxu və gərginlikdən ibarətdir. Hekayələr izləyicini daim həyəcan və təlaş içində saxlayır. Hər səhnədə ortaya çıxan gözlənilməz hadisələrlə bu janrdakı filmlər tamaşaçının diqqətini çəkməyi bacarır. Psixoloji və emosional gərginlik isə bu janrda olan filmləri daha təsirli edir.

qorxu-2.jpg

“A Quiet Place”

Dünyada səslə ovlanan qorxunc varlıqların hökm sürdüyü bir atmosfer təsəvvür edin. Bu atmosferdə bir ailə yalnız səssiz yaşamaq məcburiyyətindədir. Çünki ən kiçik səs belə qorxunc varlıqların onları öldürməsi ilə nəticələnə bilər. Film boyunca ailə üzvlərinin gündəlik həyatda belə səssiz davranmaq üçün necə mübarizə apardıqlarını görürük. Filmi izlədikcə görəcəksiniz ki, obrazların hər addımı, hər nəfəsi və hər hərəkəti gərginlik yaradır. Hekayənin əsasında valideynlərin övladlarını qorumaq üçün etdiyi fədakarlıqlar və ailə bağlarının gücü dayanır. Səssizliyin içindəki qorxu və emosional səhnələr filmi həm dramatik, həm də həyəcan dolu edir.

Macəra

Macəra janrında olan filmlər əsas obrazdakı qəhrəmanları təhlükəli və maraqlı sınaqlara çəkir. Bu janrda olan filmlərin hekayələri sürətli irəliləyən hadisələr və gözlənilməz macəralarla zəngindir. Hər an ortaya çıxan yeni çətinliklər izləyiciyə özünü hekayənin bir parçası kimi hiss etdirir.

macera.jpg

“Life of Pi”

Bu film okeanın ortasında bir gənc oğlanın sağ qalmaq uğrunda mübarizəsi haqqındadır. Gəmi qəzaya uğradıqdan sonra “Pi” adında bir gənc, xilasedici qayıqda bir neçə heyvanla birlikdə qalır. Amma əsas təhlükə pələng “Richard Parker” ilə üz-üzə gəldiyi zaman başlayır. Film boyunca “Pi” həm pələnglə birgə yaşamağın yolunu tapır, həm də təbiətin amansızlığı ilə mübarizə aparır. Hekayə sadəcə fiziki sağ qalmaq haqqında deyil. Film inancı, ümidi və çətin anlarda insanın öz içindəki gücü necə kəşf etdiyini göstərir.

“Dune (2021)”

Gələcəkdə böyük imperiyalar arasında gedən güc mübarizəsinin mərkəzində “Arrakis” adlı bir planet dayanır. Gənc “Paul Atreides” ailəsi ilə birlikdə bu planetə köçəndə, onun taleyi haqqında reallıqlar ortaya çıxır. “Arrakis”-in qum səhraları, nəhəng canavarları və nadir “spice” maddəsi hekayəni daha həyəcanlı edir. Film vizual olaraq o qədər detallıdır ki, hər səhnə izləyiciyə filmi yaşadır. Eyni zamanda, müxtəlif xalqların ittifaqları, xəyanətlər və güc savaşları izləyicini sonadək maraq içində saxlayır.

Dram

Dram janrı insan münasibətləri, daxili konfliktlər və emosional anlarla dolu filmlər təqdim edir. Hekayələr izləyicini qəhrəmanların həyatına və seçimlərinə daha yaxın aparır. Hər səhnədə ortaya çıxan yeni hadisələr tamaşaçıda davamlı maraq və empatiya yaradır.

drama.jpg

“Ayla”

Koreya müharibəsi zamanı türk əsgəri Süleyman hər şeyin dağıdıldığı bir gecədə valideynlərini itirmiş kiçik bir qız tapır. Qızın üzündəki qorxu və çaşqınlıq Süleymanın ürəyinə toxunur və o, qızı müharibə şəraitində qorumağa qərar verir. Adını “Ayla” qoyduğu bu qızla əsgər arasında zaman keçdikcə ata–qız bağlılığı yaranır və müharibənin qaranlığı içində onların münasibəti ümid işığına çevrilir. Lakin müharibə bitdikdən sonra “Ayla” ilə birgə qalmaq mümkün olmur və onlar məcburi şəkildə ayrılırlar. Real hekayə əsasında çəkilmiş bu film insanın ən çətin anda belə sevgiyə və mərhəmətə yer tapa bildiyini göstərir.

“The Father”

Bu film yaşlı bir kişinin yaddaşını itirməsi ilə həyatının necə alt-üst olduğunu dərin və real şəkildə göstərir. “Anthony” adındakı kişi əvvəlcə kiçik detalları unudur, amma zaman keçdikcə insanlar, məkanlar və hadisələr onun üçün bir-birinə qarışmağa başlayır. İzləyici hadisələri onun gözü ilə gördüyü üçün film boyunca nəyin həqiqət, nəyin xəyal olduğunu ayırd etmək çətinlik çəkir. Bu isə hekayəni həm gərgin, həm də emosional edir. Qızı ona kömək etməyə çalışsa da, “Anthony”-nin dəyişən davranışları və daxili qorxuları ailə münasibətlərində də böyük boşluq yaradır. Film yaddaş itkisi yaşayan bir insanın içindəki çaşqınlığı, təkliyi və qorxunu izləyiciyə çox güclü hiss etdirir.

Romantik

Romantik janr sevgi, münasibətlər və emosional bağlarla zəngindir. Hekayələr izləyicini qəhrəmanların duyğularını anlamağa və münasibətlərdə olan incə detalları analiz etmələrinə imkan yaradır.

romantik-2.jpg

“The Fault in Our Stars”

Xəstəliklə mübarizə aparan iki gənc təsadüf nəticəsində bir-birinə rast gəlir və həyatlarının ən dəyərli anlarını birlikdə keçirir. Film sevgi, həyatın necə qısa olması və insan əlaqələrinin gücünü vurğulayır. Obrazların reaksiyaları və bir-birinə dəstəyi hekayəyə dərinlik qatır.

“La La Land”

Los-Ancelesdə musiqiçi və aktrisa bir-birinə rast gəlir. Sevgi və karyera arasında balans yaratmaq onların həyatını gərginləşdirir. Film vizual olaraq rəngarəng və musiqili səhnələrlə doludur. Obrazların seçimləri və onların nəticələri hekayəyə emosionallıq qatır.

“Five Feet Apart”

İki gənc xəstəxanada bir-birinə aşiq olur. Amma sağlamlıq səbəblərindən müəyyən məsafəni qorumağa məcburdurlar. Film sevgi, məhdudiyyətlər və insan əlaqələrinin əhəmiyyətini vurğulayır.

AZAL ilə səyahətiniz daha əyləncəli olsun!

Azərbaycan Hava Yolları sərnişinlər üçün daha rahat və əyləncəli səyahət təcrübəsi təqdim edir. Uçuş zamanı sizə təqdim olunan filmləri izləyərək vaxtın necə keçdiyini hiss etməyəcəksiniz. Səyahət zamanı izləyə biləcəyiniz filmlərin siyahısına sayta keçid edərək baxa bilərsiniz. Bu xidmət oturacaq arxası monitoru olmayan dar gövdəli hava gəmilərində (A319 CEO və A320 CEO) mövcuddur. AZAL ilə səmada zamanınızı xoş keçirəcəksiniz!

Müəllif

authorlogo.png

Azərbaycan Hava Yolları

Azərbaycanın milli hava daşıyıcısı olaraq, səyahətçilərlə bilik və təcrübələrimizi bölüşməkdən məmnunluq duyuruq. Bloqumuz səyahət məsləhətləri və istiqamətlər haqqında, eləcə də xidmətlərimiz və yeniliklərimiz barədə məlumatlar təqdim edir. AZAL hava nəqliyyatında illər ərzində qazandığı təcrübə ilə hər zaman təhlükəsizlik və rahatlığı ön planda tutaraq mükəmməl səyahət təcrübəsi təmin etməyi hədəfləyir. Aviasiya dünyasını kəşf etmək və Azərbaycan Hava Yolları ilə səyahətin gözəlliyini yaşamaq üçün səfərlərimizə qoşulun.

Oxşar məqalələr

  • non-working-days-2026.jpg

    2026-cı il qeyri-iş günləri

    2026-cı ilin qeyri-iş günləri, milli bayramlar və xüsusi tətil günləri haqqında ətraflı məlumat üçün bu bloqa keçid edin.

    Daha çox
  • milan_background.jpg

    Milanda görməli yerlər və səyahət planı

    Milanda görməli yerlər haqqında oxuyun, şəhərin məşhur tarixi abidələri, muzeyləri, alış-veriş küçələri və gastronomik ləzzətləri ilə unudulmaz bir təcrübə yaşayın.

    Daha çox
  • ankara_background.jpg

    Ankarada görməli yerlər və səyahət planı

    Ankarada görməli yerləri kəşf edin! Tarixi abidələr, mədəniyyət mərkəzləri və unudulmaz səyahət təcrübələri sizi gözləyir. Azərbaycan Hava Yolları ilə rahat uçuşlar!

    Daha çox
  • balkan.png

    Balkan yarımadasında ən gözəl şəhərlər və gəzməli yerlər

    Balkan yarımadası zəngin tarixi, mədəni müxtəlifliyi və təbiət möcüzələri ilə dünyanın ən cazibədar bölgələrindən biridir. Şərqin və Qərbin mədəniyyətləri ilə iç-içə olan bu region hər bir ziyarətçiyə fərqli təəssüratlar bəxş edir.

    Daha çox
  • barcelona_Background_Park Güell oval.png

    Barselonaya səyahət zamanı görməli olduğunuz 10 məşhur yer

    Siz Barselona səyahət proqramınıza memarlıq möcüzələrini və şəhərin məşhur məhəllələrini daxil edə bilərsiniz.

    Daha çox