Male_Background.jpg

Maledə gəzməli yerlər və səyahət planı

Maldivlərin paytaxtı olan Male, okeanla əhatələnmiş canlı şəhərdir. Burada müasir şəhər həyatı ilə yerli mədəniyyət birləşərək turistlər üçün unudulmaz səyahət təcrübəsi yaradır. Dar küçələr, rəngarəng bazarlar və dəniz mənzərəsi ilə Male, Maldivlərin yalnız kurortlardan ibarət olmadığını sübut edir. Tropik iqlim və əhalinin qonaqpərvərliyi buranı səyahət üçün ideal məkana çevirir.

Mündəricat

Maledə görməli yerlər

Maldiv Respublikasının paytaxtı olan Male, okeanın mavi tonları, tropik ab-havası və rəngarəng mədəni həyatı ilə səyahətçiləri özünə cəlb edən ekzotik şəhərdir. Şəhərin tarixi hissəsində qədim məscidlər, krallıq dövrünə aid abidələr, eləcə də müasir tikililər ziyarətçiləri qarşılayır. Aşağıda Male səfəriniz zamanı gəzə biləcəyiniz yerləri sizə təqdim edirik.

İslam Mərkəzi

Male şəhərinin mərkəzində yerləşən bu monumental bina şəhərin tanınmış simvollarındandır. Qızılı günbəzi və mərmər divarları ilə seçilən İslam Mərkəzi 1984-cü ildə tikilib. İçərisindəki yazılar və geniş namaz zalı ziyarətçilərin diqqətini cəlb edir.

Male-Islamic-Center.jpg

Qədim Cümə Məscidi (Hukuru Miskiy)

17-ci əsrə aid bu qədim məscid Male şəhərinin tarixi abidələrindən biridir. Məbəd mərcan daşından tikilib. Üzərindəki oyma naxışlar yerli sənətkarlığın nadir nümunələrindəndir. Məscidin həyətindəki qədim qəbir daşları buradakı keçmiş həyatın izlərini bu günə daşıyır.

hukuru_miskiy.jpg

Maldiv Milli Muzeyi

Şəhərin Sultan Parkında yerləşən bu muzey ölkənin tarixi və mədəni irsini qoruyur. Burada kral dövrünə aid geyimlər, qədim silahlar, sənət əsərləri və dənizçilik alətləri sərgilənir. Muzey, öz ziyarətçilərini Maldiv Respublikasının keçmişi ilə tanış edir.

Male-City-National-Museum.jpg

Sultan Park

Male şəhərinin sakit məkanlarından biri olan Sultan Parkı gəzinti üçün ideal yerdir. Parkda müxtəlif növ ağaclar, bitkilər və kiçik gölməçələr yerləşir. Bu park, zəngin floranı nümayiş etdirən və ekoturizm baxımından əhəmiyyətli bir məkan olaraq tanınır. Sultan Park, həmçinin, Maldiv Respublikasının tarixi və mədəni irsini əks etdirir. Əvvəllər Maldiv sultanlarının iqamətgahı olan bu ərazi, indi ziyarətçilərə təbiət və mədəniyyətin harmoniyasını təqdim edir.

Male-Sultan-Park.jpg

Male Balıq Bazarı (Malé Fish Market)

Male şəhərində yerləşən Male Balıq Bazarı (Malé Fish Market) adalar ölkəsinin məşhur və ziyarət edilən yerlərindən biridir. Bura həm yerli əhalinin, həm də turistlərin sevdiyi məkan sayılır. Hər səhər okeandan qayıdan balıqçılar tutduqları təzə ton, qızılbalıq və digər dəniz məhsullarını bazara gətirirlər. Male Balıq Bazarı həm alış-veriş, həm də yerli həyat tərzi ilə tanış olmaq üçün ideal yerdir.

Male-Fish-Market.jpg

Süni Çimərlik (Artificial Beach)

Male şəhərinin şərq hissəsində yerləşən bu sahil, sakinlərin sevimli istirahət yeridir. Gün batımı zamanı çimərlikdə toplaşan insanlar, yaxınlıqdakı kafelər Male axşamlarının canlı ruhunu yaradır. Çimərlikdə tez-tez tədbirlər, musiqili axşamlar və ailəvi istirahət üçün fəaliyyətlər təşkil olunur.

Male-Artificial-Beach.jpg

Maledə istirahət

Maldivlərin paytaxtı Male dəniz mənzərələri və ekzotik atmosferi ilə səyahətçilərə fərqli bir istirahət təcrübəsi təqdim edir. Gün ərzində okean sahilində gəzə, axşam isə dənizkənarı restoranlarda istirahət edə bilərsiniz. Şəhərdəki spa mərkəzləri tropik yağlarla masaj və bədən baxımı təklif edir. Həmçinin, dənizkənarı bulvar boyu yerləşən kafelər gün batımını izləmək üçün mükəmməl məkandır.

Male-Relaxation.jpg

Maledə yeməklər

Male mətbəxi balıq, kokos və ədviyyatlarla zəngindir. Şəhərin restoranlarında ənənəvi Maldiv yeməklərindən Mas Huni (tuna, kokos və soğanla hazırlanan salat), Garudhiya (balıq şorbası) və Rihaakuru (balıq pastası) kimi dadlı təamları sınaya bilərsiniz. Həmçinin, şəhərdə Asiya və Avropa mətbəxindən təamlar təklif edən restoranlar da geniş yayılıb. Burada dəniz məhsullarının təzə və bol olması hər yeməyi xüsusi edir.

Male-Food.jpg

Maledə alış-veriş

Male şəhəri yalnız təbii gözəllikləri ilə deyil, həm də alış-veriş imkanları ilə turistlər üçün cəlbedici məkanlardan biridir. Şəhərdə Majeedhee Magu və Hulhumale Market kimi bazarlarda yerli və beynəlxalq məhsulları tapa bilərsiniz. Turistlər üçün diqqətçəkən məhsullar, təzə dəniz məhsulları, tropik meyvələr və əl işi suvenirlərdir. Həmçinin şəhərin kiçik dükanlarında və butiklərində yerli sənətkarlıq nümunələrindən xatirə əşyalar almaq mümkündür.

Male-Shopping.jpg

Maledə nəqliyyat

Yerli sakinlərin adətən üstünlük verdiyi nəqliyyat növü velosiped və ya motosikletlərdir. Male şəhəri çox kiçik olduğu üçün əksər yerlərə piyada getmək mümkündür. Şəhərdə əsas nəqliyyat vasitəsi isə taksilərdir. Gediləcək məsafənin uzunluğundan asılı olaraq taksi qiymətləri dəyişir. Qısa məsafələr üçün təxmini ödəniş 25-30 MVR (təxminən 1.5-2 dollar) təşkil edir. Ödəniş adətən nağd şəkildə edilir.

Male-Transportation.jpg

Malenin iqlimi

Tropik iqlimi olan şəhərdə hava musson yağışlarının təsiri ilə noyabrdan martadək quru, iyundan avqustadək isə yağışlı keçir. İlboyu isti hava hökm sürür. Havanın temperaturu təxmini +25-30, suyun temperaturu isə +25-33 dərəcə arasında dəyişir. Bu şəhərə daha çox noyabr – aprel ayları aralığında səyahət edilir.

Male-Climate.jpg

Maleyə səyahətdən öncə bilməli olduqlarınız

Maleyə səfər etməzdən əvvəl bilməli olduğunuz bir neçə faydalı məlumat var. Bu şəhərə səyahət etməzdən əvvəl viza tələblərini yoxlamaq vacibdir. Şəhərdə istifadə edilən valyuta Maldiv rufiyası (MVR) olsa da, dollar da qəbul edilir. Maldiv Respublikasında dövlət dili dhivehi dilidir. Lakin ingilis dili də geniş yayılıb. Bundan əlavə turistlərin öncədən bilməli olduğu bir fakt da var ki, yalnız Maleyə deyil həm də, Maldivə daxil olarkən ölkəyə spirtli içki, donuz əti gətirmək qadağandır. Turistlər içkini restoran, kafe və otellərdə içə bilərlər.

Müəllif

authorlogo.png

Azərbaycan Hava Yolları

Azərbaycanın milli hava daşıyıcısı olaraq, səyahətçilərlə bilik və təcrübələrimizi bölüşməkdən məmnunluq duyuruq. Bloqumuz səyahət məsləhətləri və istiqamətlər haqqında, eləcə də xidmətlərimiz və yeniliklərimiz barədə məlumatlar təqdim edir. AZAL hava nəqliyyatında illər ərzində qazandığı təcrübə ilə hər zaman təhlükəsizlik və rahatlığı ön planda tutaraq mükəmməl səyahət təcrübəsi təmin etməyi hədəfləyir. Aviasiya dünyasını kəşf etmək və Azərbaycan Hava Yolları ilə səyahətin gözəlliyini yaşamaq üçün səfərlərimizə qoşulun.

Oxşar məqalələr

  • ankara_background.jpg

    Ankarada görməli yerlər və səyahət planı

    Ankarada görməli yerləri kəşf edin! Tarixi abidələr, mədəniyyət mərkəzləri və unudulmaz səyahət təcrübələri sizi gözləyir. Azərbaycan Hava Yolları ilə rahat uçuşlar!

    Daha çox
  • Batumi_background.jpg

    Batumidə görməli yerlər və səyahət planı

    Batumidə görməli yerlər və ideal səyahət planı ilə tanış olun. Tarix, təbiət və dəniz mənzərələri ilə zəngin Batumini Azərbaycan Hava Yolları ilə rahat kəşf edin.

    Daha çox
  • berlinBackground.png

    Berlində gəzməli yerlər və səyahət planı

    Berlin Almaniyanın paytaxtı və ən böyük şəhəri olmaqla yanaşı, tarixi, mədəniyyəti və müasir həyat tərzi ilə ziyarətçiləri özünə heyran edən bir metropoldur.

    Daha çox
  • jeddah_background.jpg

    Ciddədə görməli yerlər və səyahət planı

    Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilində yerləşən Ciddə tarixi və müasir elementləri birləşdirən unikal şəhərlərdən biridir. Bu şəhər qədim islam irsi, möhtəşəm memarlıq abidələri və müasir göydələnləri ilə tanınır.

    Daha çox
  • istanbul_background istanbul (1).png

    İstanbul səyahəti, tarixi və mədəni görməli yerlər

    İstanbulu gəzmək üçün günlər, hətta həftələr kifayət etmir. Axtardığınız hər şeyi - tarixi yerlər, təbii gözəlliklər və ya mədəni tədbirləri burada tapa bilərsiniz.

    Daha çox