Ümumi məlumat - Azerbaijan Airlines

“Azərbaycan Hava Yolları” (“Azərbaycan Hava Yolları” Milli Daşıyıcı) ilə səyahət etmək üçün bilet əldə etməzdən əvvəl aviaşirkətin aşağıdakı qaydaları ilə tanış olmağınızı Sizdən artıq dərəcədə xahiş edirik.

 

Uçuş üçün zəruri olan sənədlər

Beynəlxalq uçuşlar üçün aviabiletdən əlavə, Siz özünüzlə qüvvədə olan pasportu götürməli, sərhədini keçdiyiniz və marşrutun son nöqtəsindəki ölkələrin viza, gömrük və tibbi qaydalarına riayət etməlisiniz. 
Bu qaydalara əməl olunmaması daşımadan imtina ilə nəticələnə bilər.

Türkiyə Respublikasına səyahət edən sərnişinlərin nəzərinə.

Türkiyə Respublikasına giriş qaydalarına əsasən Azərbaycan vətəndaşlarının  (körpələr və uşaqlar da daxil olmaqla) ümumvətəndaş pasportu ölkəyə giriş günündən etibarən ən az 90 gün ərzində etibarlı olmalıdır. Türkiyədə qalmaq üçün viza olduğu halda, pasport vizanın müddəti başa çatdıqdan sonra 60 gün ərzində etibarlı olmalıdır.

Aviabiletin etibarlılığı

Bilet, onun üzərində göstərilmiş müddətə və xidmət sinfinə uyğun olaraq yer təxsis edilmiş reysin nömrəsi və  tarixi göstərilməklə, marşrut üzrə sərnişinlərin göndərilmə nöqtəsindən təyinat nöqtəsinə qədər daşınması üçün etibarlı sayılır.

Normal tarif üzrə rəsmiləşdirilən aviabilet ilk uçuş tarixindən bir il ərzində sərnişinin və onun baqajının daşınması üçün etibarlı sayılır.

Xüsusi tarif üzrə əldə edilmiş aviabiletlər, aviabiletin rəsmiləşdirildiyi tarixdən etibarən, “tarixdən sonra etibarsızdır” sütununda müəyyən edilmiş müddət ərzində etibarlı sayılır. Əlavə haqq ödəməklə belə aviabiletin qüvvədə qalma müddətinin uzadılması mümkündür.

Aviabiletlər yalnız uçuş kuponlarından ciddi ardıcıl surətdə istifadə edilməklə daşınma üçün etibarlı hesab olunur. Uçuş kuponlarından qeyri-ardıcıl istifadə nəticəsində aviabilet növbəti daşınma üçün etibarsız sayılır.

 

Təxsis etmə və alış

Biz “Azərbaycan Hava Yolları” Milli Daşıyıcısının satış ofisləri və ya onun bütün ölkələrdə olan agentləri vasitəsilə aviabiletlərin əvvəlcədən təxsis edilməsini və alınmasını tövsiyə edirik.

Təxsisetmədən sonra Sizə bileti almalı olduğunuz son müddəti göstərən, çap olunmuş informasiya veriləcəkdir.

Göstərilən müddət ərzində bilet əldə etmədiyiniz təqdirdə, əvvəlcədən həyata keçirilmiş təxsisetmə avtomatik təxsisetmə sistemi tərəfindən avtomatik olaraq ləğv ediləcəkdir və bu Sizin əvvəlcədən planlaşdırdığınız səyahətiniz üçün narahatlıq yarada bilər.

Aviabiletinizdə səhv aşkar etdiyiniz halda, həmin aviabilet rəsmiləşdirildiyi andan yalnız 3 (üç) saat ərzində, lakin cədvəl üzrə uçuşdan ən azı 3 saat əvvəl Aviaşirkət tərəfindən ləğv edilə bilər. Bunun üçün aviabiletin alındığı yerə müraciət etməyiniz xahiş olunur.

Qeydiyyat və minik zamanı

Azərbaycan Hava Yolları” aviaşirkətinin reyslərinə sərnişinlərin və baqajın qeydiyyatı Heydər Əliyev Beynəlxalq Aeroportunda reysin planlaşdırılmış uçuş vaxtından 24 saat əvvəl, digər hava limanlarında isə, bir qayda olaraq, 2 saat əvvəl başlanır. Tiflis Beynəlxalq hava limanında, Milanın Malpensa hava limanında, Telvivin Ben Qurion hava limanında, Nyu- Yorkun Con Kenedi adına Beynəlxalq hava limanı, Dubay beynəlxalq hava limanında və Tehranın İmam Xomeyni beynəlxalq hava limanında qeydiyyat uçuşdan 3 saat əvvəl başlayır.

Qeydiyyat masaları reysin uçuşundan 60 dəqiqə əvvəl bağlanır.

Siz aviaşirkətin reyslərinə qeydiyyatı və elektron minik kartının alınmasını onlayn rejimdə də həyata keçirə bilərsiniz. Daha ətraflı burada

Reysə gecikməmək üçün təyyarənin yola düşməsinə ən azı 20 dəqiqə qalmış, zəhmət olmasa, təyyarəyə minik (təyyarədən enmə) qapılarının yanında olun.

 

Aviabiletləri onlayn rejimdə əldə edən sərnişinlərin nəzərinə

Kredit kartları ilə bağlı saxtakarlıq faktlarına yol verilməməsi məqsədilə, uçuşa qeydiyyatı həyata keçirən hava limanının müvafiq əməkdaşlarının  (və ya rəsmi nümayəndələrinin) tələbi əsasında kredit kartını müvafiq məlumatların yoxlanılması üçün təqdim etməyinizi xahiş edirik.

Aviaşirkətin rəsmi internet səhifəsi www.azal.az vasitəsilə onlayn rejimdə rəsmiləşdirilmiş aviabiletdə tarixin dəyişdirilməsi və/və ya aviabiletin qaytarılması üçün +99412-598-88-80 telefon nömrəsi və ya callcenter@azal.az.