“Azərbaycan Hava Yolları” (AZAL) böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. 2016-ci ildə “Azərbaycan Hava Yolları” 2 milyondan çox sərnişin daşımışdır.
Azərbaycanın mülki aviasiyasının təyyarələri Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartlarına tamamilə uyğundur, AZAL isə ən nüfuzlu mülki aviasiya təşkilatının - Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) üzvüdür.
AZAL 23 hava gəmisindən ibarət ən yeni təyyarə parkına malikdir.
AZAL-ın qərargahı Bakı şəhərində, beynəlxalq standartlara cavab verən Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşir.
Aviaşirkətin və "Azərbaycan Hava Yolları" QSC-nin tarixi
1992-ci ilin aprelində müstəqillik əldə etdikdən sonra Respublika hökumətinin qərarı ilə Azərbaycanda aviasiya üzrə dövlət orqanı - "Azərbaycan Hava Yolları" Dövlət Konserni yaradılmışdır.
1996-ci ildə "Azərbaycan Hava Yolları" konserninin tərkibində "Azəraeronaviqasiya" hava hərəkətinin idarəedilməsi mərkəzi yaradılmışdır.
1997-ci ildə "Azərbaycan Hava Yolları"-nın tərkibində AZALOIL müəssisəsi yaradılmışdır.
1999-cu ildə Bakı hava limanında yeni beynəlxalq terminal açılmışdır.
2000-ci ildə "Azərbaycan Hava Yolları" ilk Boeing 757-200 model təyyarələr almışdır.
2004-cü ildə Prezident İlham Əliyevin qərarı ilə "Binə" Hava Limanı "Heydər Əliyev Beynəlxalq Hava Limanı" adlandırılmışdır.
2004-cü ildə Naxçıvan şəhərindəki hava limanı beynəlxalq hava qovşağı statusu almışdır.
2005-ci ildə Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni yük terminalı (Baku Cargo Terminal) açılmışdır.
2006-ci ildə Gəncə Beynəlxalq Hava Limanı yenidən qurulmuşdur.
2008-ci ilin aprelində Azərbaycan Prezidentinin sərəncamı ilə "AZAL" dövlət konserni yenidən formalaşdırılaraq "Azərbaycan Hava Yolları" QSC adlandırılmışdır.
2009-cu ildə əsaslı yenidənqurmadan sonra Zaqatala və Lənkəran hava limanları beynəlxalq status almışdır.
2011-ci ildə Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatası (EEIG) "Azərbaycan Hava Yolları" QSC-yə Avropa Xidmət Standartı vermişdir.
2011-ci ildə "Azərbaycan Hava Yolları" "Boeing 767-300ER" tipli təyyarələri almışdır.
2012-ci ildə Qəbələdə beynəlxalq hava limanı tikilmişdir.
2013-ci ildə "Azərbaycan Hava Yolları" Airbus A340-500 uzaq magistrallı sərnişin təyyarələri almışdır.
2013-cü ildə Yevlaxda "Azalaqro" aviaşirkəti açılmışdır.
2014-cü ildə Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) istifadəyə verilmişdir.
2014-cü ildə "Azərbaycan Hava Yolları" hava gəmiləri parkına müasir Boeing 787-8 Dreamliner təyyarələrini əlavə etmişdir.
2014-cü ildə "Azərbaycan Hava Yolları" Braziliya istehsalı olan Embraer 190 və Embraer 170 reaktiv təyyarələri almışdır.
2014-cü ildə "Azərbaycan Hava Yolları" Bakıdan Nyu-Yorka müntəzəm transatlantik uçuşlar yerinə yetirməyə başlamışdır.
2015-ci ildə Britaniyanın dünyaca məşhur və aviaşirkətlərin xidmət keyfiyyətinin qiymətləndirilməsi sahəsində ən mötəbər konsaltinq şirkəti “Skytrax” Azərbaycanın milli aviadaşıyıcısına və Heydər Əliyev Beynəlxalq Hava Limanına nüfuzlu "4 ulduz" reytinqi vermişdir.
2016-ci ildə Azərbaycan Amerika Birləşmiş Ştatları ilə “Open Skies” sazişi imzalamışdır.
2016-ci ildə Naxçıvan Beynəlxalq Hava Limanı yenidən qurulmuşdur. Hava limanında ilk dəfə teleskopik traplar qurulmuşdur.
2016-ci ildə AZAL QSC-nin tərkibində Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti - Buta Airways yaradılmışdır.
2017-ci ildə “Skytrax” şirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanını Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında ən yaxşı hava limanı adlandırmışdır.