AZANS "Maverick Awards 2021" beynəlxalq mükafatının münsiflər heyətinə seçildi - Azerbaijan Airlines

31.08.2021

31 avqust 2021-ci il, Bakı – "Azərbaycan Hava Yolları" QSC-nin nəzdində fəaliyyət göstərən "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) "Maverick Awards 2021" beynəlxalq  mükafatının münsiflər heyətinə seçildi. CANSO beynəlxalq aeronaviqasiya təminatı provayderləri təşkilatı tərəfindən təsis edilən bu mükafat aeronaviqasiya sahəsində əldə edildiyi uğurlara görə təqdim olunur.

"Maverick Awards 2021" beynəlxalq  mükafatı CANSO aeronaviqasiya sahəsində mühüm nailiyyətlərə, uğurlara, innovasiyalara, habelə aeronaviqasiya və hava hərəkətinin təşkili (HHT) sahəsində dayanıqlı inkişafa görə təqdim edilir.

Belə ki, münsiflər tərəfindən kateqoriyalara görə verilən ballara əsasən, hər nominasiya üzrə təqdim olunan müsabiqə işləri  ən yüksək qiymətləndirmədən aşağıya doğru sıralanır. Müsabiqənin sonunda münsiflər  tərəfindən "Maverick Awards 2021" mükafatının qalibləri müəyyən edilir.

Bu mükafat, yeni parlaq fikirlər nümayiş etdirmək üçün, habelə  ətraf mühitə müsbət töhfəni qəbul edən və bütün aviasiya və HHT sahəsinin təkmilləşdirilməsinə təkan verən özünəməxsus platformadır.

Mükafat üç nominasiya üzrə təqdim olunur:

• Əməkdaşlığa görə mükafat;

• İnnovasiyalara görə mükafat;

• Dayanıqlı inkişafa görə mükafat.

Nominasiyalar üzrə namizədlərin seçilməsi və münsiflik prosesi "Maverick Awards"ın  Münsiflər heyəti tərəfindən açıq və şəffaf meyarlar əsasında həyata keçirilir.

Münsiflər heyətinə  "Air Traffic Control Association" (ATCA) assosiasiyası  və "Civil Air Navigation Services Organization" (CANSO) təşkilatının nümayəndələri qəbul edilir. Bunlar geniş təcrübəyə və biliklərə malik, aeronaviqasiya xidmətləri provayderləri sıralarından olan,  aviasiya və elm sahələrinin tanınmış liderləridir

Qeyd edək ki, ATCA və CANSO müstəqil və qərəzsiz münsiflərdən ibarət komandanın təşkili üçün namizədlərin seçimi prosesinə diqqətlə yanaşır.

 

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti