AZAL-ın aviabiletlərinin tarifləri artmayacaq - Azerbaijan Airlines

08.12.2016

8 dekabr 2016-cı il, Bakı Bu yaxınlarda Tarif Şurası tərəfindən aviasiya yanacağının qiymətinin artırılması "Azərbaycan Hava Yolları" (AZAL) milli aviadaşıyıcısının aviabiletlərinin cari tariflərinə təsir etmir.

Bütün aviaşirkətlərdə olduğu kimi AZAL-ın aviabiletlərinin qiyməti uçuş tarixlərindən və reyslərdə yerlərin doluluğundan asılı olaraq formalaşır.

"Biz vətəndaşlarımız üçün münasib qiymətə səyahət və işgüzar səfər etmək imkanını saxlamaq istəyirik. Aviasiya yanacağının qiymətinin artırılması şübhəsiz ki, xərclərimizə təsir göstərəcək, lakin sərnişinlər üçün aviabiletlərin tariflərinə təsir göstərməyəcək", - "Azərbaycan Hava Yolları" QSC-nin Prezidenti Cahangir Əsgərov bildirmişdir.

Xatırladaq ki, bu ilin fevral ayında "Azərbaycan Hava Yolları"-nın satış və uçuş sxemi aşağı büdcəli aviadaşıyıcıların təcrübəsi əsasında qurulan brendi AZALJET fəaliyyətə başlamışdır.

Ən populyar istiqamətlərə aşağı büdcəli daşımalar proqramının işə salınması aviaşirkət üçün çox mühüm addım olmuşdur. AZAL öz qiymət siyasətində maksimum sərfəli və əlverişli şərtlər təqdim etmək məqsədilə bu istiqamətdə işləməyi planlaşdırır.

Ümumilikdə, aviaşirkət 26 beynəlxalq istiqamət üzrə birbaşa aviareyslər, eləcə də Naxçıvan və Gəncəyə daxili reyslər yerinə yetirir. Hazırda yeni turizm istiqamətlərini özündə birləşdirən marşrut şəbəkəsinin genişləndirilməsi üzrə fəal iş aparılır.

Həmçinin Azərbaycanın hava nəqliyyatı infrastrukturunun yaxşılaşdırılması istiqamətində iş davam edir.

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti