COVID-19: Cədvəldə dəyişikliklər

26 mart, 2020-ci il

Bakıdan beynəlxalq istiqamət üzrə uçuşlar yalnız Moskva və London şəhərlərinə yerinə yetiriləcəkdir.

Bu gündən etibarən "Azərbaycan Hava Yolları" aviaşirkətinin  beynəlxalq istiqamət üzrə reysləri  yalnız Moskva və London şəhərlərinə yerinə yetiriləcəkdir.

Bakı-Moskva reysi həftənin cümə axşamı günləri yerinə yetiriləcəkdir. Bakıdan uçuş vaxtı – 10:40 (Bakı vaxtı ilə), Moskvadan uçuş vaxtı – 13:50 (Moskva vaxtı ilə). Bakı-London marşrutu üzrə reys həmçinin həftənin cümə axşamı günləri həyata keçiriləcəkdir,  Bakıdan uçuş vaxtı – 19:05 (Bakı vaxtı ilə), Londondan uçuş vaxtı – 22:05 (London vaxtı ilə).

Bundan əlavə,  insanların bir yerə sıx toplaşmasının qarşısının alınması məqsədilə "AZAL"ın aviabilet satış ofisləri bağlı olacaq, aviabiletləri "AZAL" aviaşirkətinin saytından əldə edə bilərsiniz (www.azal.az).

Xüsusilə qeyd etmək istərdik ki, Bakıya uçub gəlməyə yalnız Azərbaycan Respublikasının vətəndaşlarına icazə verilir.

Uçuşlar 2-ci Terminaldan/ 2-ci Terminala yerinə yetiriləcəkdir. Yalnız adlarına aviabilet əldə edən sərnişinlərin aerovoğzal binasına daxil olmasına icazə verilir. Digər şəxslərin, o cümlədən müşayiət edən (qarşılayan / yola salan) şəxslərin aerovoğzal binasına girişi qadağandır.

Bir daha xatırladırıq ki, Azərbaycana qayıdan hər bir vətəndaş tibbi müayinədən keçirilir və karantinə yerləşdirilir.

"AZAL" aviaşirkəti, vətəndaşları ehtiyac olmadan evlərindən çıxmamağa və hava yolu ilə səyahət etməməyə çağırır. Aviaşirkət dünyanın əksər ölkələrinin qarşılaşdığı hazırkı fövqəladə vəziyyətdə daha təmkinli olmağı və görülən tədbirlərə anlayışla yanaşmağı xahiş edir.

 

***

26 mart, 2020-ci il

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareys həftədə bir dəfə yerinə yetiriləcəkdir

Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısını almaq məqsədilə "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Naxçıvan-Bakı marşrutu üzrə müntəzəm reysləri bu gündən etibarən həftədə bir dəfə cümə axşamları həyata keçiriləcəkdir.

Beləliklə, növbəti Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə reys 2 aprel tarixində həyata keçiriləcəkdir. Bakıdan uçuş saat 13:10-da , Naxçıvandan uçuş saat 15:30-da baş tutacaqdır.

Bundan əlavə,  insanların bir yerə sıx toplaşmasının qarşısının alınması məqsədilə "AZAL"ın aviabilet satış ofisləri bağlı olacaq, Bakıdan Naxçıvan istiqaməti üzrə reysə aviabiletləri "AZAL" aviaşirkətinin saytından əldə edə bilərsiniz (www.azal.az).

Bakıdan Naxçıvana yalnız Naxçıvanda yaşayan sərnişinlər, Naxçıvandan Bakıya yalnız Azərbaycan  paytaxtının sakinləri uçub gələ bilərlər.

Uçuşlar 2-ci Terminaldan/ 2-ci Terminala yerinə yetiriləcəkdir. Yalnız adlarına aviabilet əldə edən sərnişinlərin aerovoğzal binasına daxil olmasına icazə verilir. Digər şəxslərin, o cümlədən müşayiət edən (qarşılayan/ yola salan) şəxslərin aerovoğzal binasına girişi qadağandır.

"AZAL" aviaşirkəti, vətəndaşları ehtiyac olmadan evlərindən çıxmamağa və hava yolu ilə səyahət etməməyə çağırır. Aviaşirkət dünyanın əksər ölkələrinin qarşılaşdığı hazırkı fövqəladə vəziyyətdə daha təmkinli olmağı və görülən tədbirlərə anlayışla yanaşmağı xahiş edir.

 

***

23 mart, 2020-ci il

Heydər Əliyev Beynəlxalq Aeroportundan yerinə yetirilən reyslərin sayının azalması ilə əlaqədar 24 mart saat 00:00-dan etibarən bütün reyslər ikinci terminaldan (Terminal 2) həyata keçiriləcəkdir.

Qeyd edək ki, koronavirus infeksiyasının (“COVİD-19”) yayılması ilə mübarizə çərçivəsində “Azərbaycan Hava Yolları”nın bütün struktur bölmələri gücləndirilmiş rejimdə və dövlət strukturları ilə sıx əməkdaşlıqda işləyir.

 

***

21 mart 2020-ci il

Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə bir sıra ölkələrlə hava nəqliyyatı müvəqqəti olaraq dayandırıldığından Azərbaycan Hava Yolları (AZAL) çarter reysləri həyata keçirməkdədir.

Belə ki, Azərbaycan vətəndaşlarının ölkəmizə qaytarılması üçün bu gün Lənkəran beynəlxalq hava limanına iki çarter reysi yerinə yetirilib. Martın 21-nə keçən gecə AZAL aviaşirkəti tərəfindən Moskvadan Lənkərana çarter reysi ilə 48 nəfər Azərbaycan vətəndaşı gətirilib və müayinə üçün karantinə yerləşdirilib.

Həmçinin martın 21-də AZAL tərəfindən İstanbuldan Lənkərana 248 nəfər Azərbaycan vətəndaşının gətirildiyi daha bir çarter reysi yerinə yetirilib.

Qeyd edək ki, martın 15-dən Azərbaycana hava nəqliyyatı vasitəsilə dünyanın müxtəlif ölkələrindən ümumilikdə 9000-dən çox sərnişin gətirilmişdir.

Dünyanın əksər dövlətlərinin üzləşdiyi hazırkı fövqəladə vəziyyətdə vətəndaşlarımızı bir daha təmkinli və anlayışlı olmağa çağırırıq. Ölkəmizə qayıdan hər bir şəxs həkim müayinəsindən keçdiyindən və karantinə yerləşdirildiyindən vətəndaşların ölkəyə geri qaytarılma tarixi Azərbaycan Respublikası Nazirlər Kabineti yanındakı Operativ Qərargahın hazırlıq işləri ilə uyğunlaşdırılaraq müəyyən edilir. Belə ki, vətəndaşlarımızı xaricdən gətirən çarter reyslərinin qrafiki xüsusi rejimli xəstəxanaların və karantin yerlərinin hazırlığına, xaricdən qayıdan şəxslərin testlərdən keçirilməsi, karantinə göndərilən şəxslərin logistikası və digər detallar üzrə hazırlıqlara uyğun həyata keçirilir.

Vətəndaşlarımızı uçuş qrafikləri barədə məlumatları izləməyə və səfərlərini həmin qrafikə uyğun planlamağa çağırırıq.

 

***

19 mart, 2020-ci il

Koronavirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması məqsədi ilə bir çox dövlətlər arasında gediş-gəliş müvəqqəti olaraq dayandırıldığından Azərbaycan milli aviadaşıyıcı-AZAL vətəndaşlarımızın ölkəyə qayıdışını təmin etmək üçün müntəzəm çarter reyslərini həyata keçirməkdə davam edir.

Azərbaycan Hava Yolları (AZAL) bu günədək İstanbul, Ankara, Antalya, Moskva, Sankt-Peterburq, Roma və Budapeşt kimi şəhərlərə 12 çarter reysi həyata keçirərək 1743 Azərbaycan vətəndaşının geri qayıtmasını təmin edib.

Azərbaycan hökumətinin tapşırığına uyğun olaraq vətəndaşlarımızın Azərbaycana qaytarılması istiqamətində bütün zəruri tədbirlər görülməkdədir. Azərbaycan Hava Yollarının ekipaj üzvləri, aviakassa əməkdaşları daxil olmaqla bütün heyəti gücləndirilmiş iş rejimində çalışmaqda davam edir.

Dünyanın əksər dövlətlərinin üzləşdiyi hazırkı fövqəladə vəziyyətdə vətəndaşlarımızı bir daha təmkinli və anlayışlı olmağa çağırırıq. Bildiririk ki, ölkə daxilində COVİD-19 virusunun geniş yayılmasının qarşısının alınması üçün xüsusi rejimdə tədbirlər həyata keçirilir. Ölkəmizə qayıdan hər bir şəxs həkim müayinəsindən keçir, zərurət olduqda karantinə yerləşdirilir. Bu səbəbdən, vətəndaşların ölkəyə geri qaytarılma tarixi Azərbaycan Respublikası Nazirlər Kabineti yanındakı Operativ Qərargahın hazırlıq işləri ilə uyğunlaşdırılaraq müəyyən edilir. Belə ki, vətəndaşlarımızı xaricdən gətirən çarter reyslərinin qrafiki xüsusi rejimli xəstəxanaların və karantin yerlərinin hazırlığına, xaricdən qayıdan şəxslərin testlərdən keçirilməsi, karantinə göndərilən şəxslərin logistikası və digər detallar üzrə hazırlıqlara uyğun həyata keçirilir. Uçuşlar zamanı birinci növbədə Azərbaycana geri dönüş bileti olan vətəndaşlarımızın, yaşlı, azyaşlı uşağı olan və xəstəliyi ilə əlaqədar xaricdə olan şəxslərin qayıdışına üstünlük verilir.

Xaricdə olan digər vətəndaşlarımızdan Azərbaycan Respublikasının həmin ölkələrdəki səfirlik və konsulluqlarında qeydiyyatdan keçmələri və geri dönüşləri üçün müəyyən olunan qrafiklərə ciddi əməl etmələri, bütün dünyanın uçuş sistemində yaranan fövqəladə vəziyyətdə nizam-intizam və vətəndaş məsuliyyəti nümayiş etdirmələri, ajiotaj və təxribat hallarına yol verməmələri tələb olunur.

Bir daha bildiririk ki, vətəndaşlarımızın Azərbaycana qaytarılması üçün çarter reyslərinin davamlılığı təmin ediləcəkdir.

 

***

18 mart, 2020-ci il

Azərbaycanın Milli aviadaşıyıcısı martın 18-nə keçən gecə Azərbaycan vətəndaşlarının qaytarılması üçün daha iki çarter reysi yerinə yetirmişdir.

AZAL aviaşirkəti İstanbul-Bakı reysi ilə 230 nəfər, Roma-Bakı reysi ilə 161 nəfər sərnişini vətənə gətirmişdir.

Xatırladaq ki, daha əvvəl Türkiyədən dörd çarter reysi ilə 868 nəfər Azərbaycan vətəndaşı gətirilmişdir.

Azərbaycanın Milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcəkdir.

 

***

17 mart, 2020-ci il

Azərbaycanın Milli aviadaşıyıcısı hökumətin tapşırığı ilə Türkiyə ərazisindən Azərbaycan vətəndaşlarının gətirilməsi üçün martın 17-də Bakı-Ankara-Bakı istiqaməti üzrə çarter reysi yerinə yetirmişdir.

Bu reys ilə 157 nəfər Azərbaycan vətəndaşı vətənə qaytarılmışdır.

Xatırladaq ki, bu artıq Türkiyədən yerinə yetirilən üçüncü çarter reysidir – daha əvvəl 15 və 16 mart tarixlərində İstanbuldan Bakıya 711 nəfər Azərbaycan vətəndaşı gətirilmişdir.

Azərbaycanın Milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcəkdir.

Qeyd edək ki, vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşları hal-hazırda olduqları yer üzrə səfirliklər və ya konsulluqlara müraciət etməlidirlər.

 

***

16 mart, 2020-ci il

Azərbaycanın Milli aviadaşıyıcısı Türkiyə ilə Azərbaycan arasında hava əlaqəsinin müvəqqəti dayandırılması ilə əlaqədar hökumətin tapşırığı ilə Türkiyə ərazisində qalmış Azərbaycan vətəndaşlarının gətirilməsi üçün martın 16-da Bakı-İstanbul-Bakı istiqaməti üzrə daha bir çarter reysi yerinə yetirmişdir.

Saat 22:04 radələrində Bakıya enmiş həmin reys ilə 237 nəfər Azərbaycan vətəndaşı İstanbuldan vətənə qaytarılmışdır.

Xatırladaq ki, daha əvvəl martın 15-də İstanbuldan Bakıya 474 Azərbaycan vətəndaşı gətirilmişdir.

Daha öncə məlumat verildiyi kimi, Türkiyədə yaşayan, oxuyan və ya müvəqqəti qalan vətəndaşlarımızın mümkün müraciətlərinə operativ şəkildə cavab vermək üçün Azərbaycan səfirliyi və baş konsulluğunda “qaynar xətt” yaradılmışdır. “Qaynar xətt”in nömrəsi: +90537 282 67 40

 

***

15 mart, 2020-ci il

Azərbaycan və Türkiyə arasında hava əlaqəsinin müvəqqəti dayandırılması ilə əlaqədar olaraq, Azərbaycan Milli aviadaşıyıcısı hökumətin tapşırığı ilə Türkiyəyə çarter reysləri təşkil edəcək.

Azərbaycan vətəndaşları bu reyslər vasitəsilə vətənə çatdırılacaqlar.

Beləliklə, bugünkü çarter reysi ilə İstanbuldan Bakıya 474 Azərbaycan vətəndaşı çatdırılacaq. Daha bir çarter reysi sabaha planlaşdırılacaqdır.

Bundan əlavə, yaxın zamanda AZAL Ankara və Antalyaya çarter reysləri yerinə yetirəcək.

Lazım olduqca AZAL Azərbaycan vətəndaşlarının vətənə çatdırılması üçün çarter reysləri həyata keçirməyə davam edəcək.

Əvvəl də məlumat verildiyi kimi, Türkiyədə yaşayan, oxuyan və ya müvəqqəti qalan vətəndaşlarımızın mümkün müraciətlərinə operativ şəkildə cavab vermək üçün Azərbaycan səfirliyi və baş konsulluğunda “qaynar xətt” yaradılmışdır. “Qaynar xətt”in nömrəsi: +90537 282 67 40

 

***

14 mart, 2020-ci il

Əvvəl də bildirildiyi kimi, müxtəlif ölkələrdə epidemioloji vəziyyət ilə əlaqədar Azərbaycanın Milli aviadaşıyıcısının rəhbərliyi sərnişinlər istədikdə AZAL və “Buta Airways” aviaşirkətlərinin bütün ləğv edilmiş istiqamətləri üzrə biletlərin qaytarılması və dəyişdirilməsi, həmçinin fəaliyyətdə olan istiqamətləri üzrə biletlərin dəyişdirilməsi barədə qərar qəbul etmişdir.

Sərnişinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, növbəti əlavələr də daxil edilir:

- Ukraynanın hava sərhədlərinin bağlanması ilə əlaqədar “Buta Airways” aviaşirkətinin Kiyev, Lvov, Xarkov və Odessa istiqamətləri üzrə reyslərinə bilet almış sərnişinlər tarifdən asılı olmayaraq aviabiletləri cəriməsiz geri qaytara və yaxud dəyişdirə biləcəklər;

- Dövlət qulluqçuları, tibb işçiləri və tələbələr bu statusu təsdiq edən sənəd təqdim edərək AZAL və “Buta Airways” aviaşirkətlərinin bütün istiqamətləri üzrə aviabiletləri cəriməsiz qaytara və yaxud dəyişdirə bilərlər;

- AZAL və “Buta Airways” aviaşirkətlərinin fəaliyyətdə olan reyslərinə bilet əldə etmiş bütün sərnişinlər müraciət tarixindən asılı olmayaraq gediş və gəliş tarixlərini tariflər arasındakı fərqi ödəmədən və cəriməsiz dəyişdirə bilərlər. Bunun üçün bileti təqdim etmək lazımdır (çap və yaxud skan versiyada);

- Hər bir bilet yalnız bir dəfə cəriməsiz dəyişdirilə bilər.

Hal-hazırda AZAL QSC-nin bütün xidmətləri gücləndirilmiş rejimdə işləyir. Sərnişinlərdən çağrı mərkəzi və aviaşirkətin dəstək xidmətinə müraciət etdikdə anlayışlı və səbirli olmalarını xahiş edirik. Bütün sərnişinlərə cavab veriləcək, biletlərin geri qaytarılması və dəyişdirilməsi ilə bağlı bütün müraciətlərə növbə ilə baxılacaqdır.

Aviaşirkətin rəsmi saytında onlayn rejimdə alınan aviabiletin geri qaytarılması üçün callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzi və yaxud saytımızdakı əks əlaqə forması: https://help.azal.az/hc/az/requests/new  vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Aviabilet turizm şirkətindən və ya agentlikdən əldə olunduğu təqdirdə müvafiq turizm agentliyinin satış kassalarına müraciət etməyiniz xahiş olunur. Təxsisetmə kredit və ya debet kartı vasitəsilə ödənildiyi halda vəsait karta qaytarılacaqdır.

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.