Qrup şəkilində daşımalar

Qrup şəklində daşımalar

1.Termin və anlayışlar

“Aviaşirkət” (Daşıyıcı) və ya “aviaşirkətin (Daşıyıcının) reysləri” -  ‘‘Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və ya “Azərbaycan Hava Yolları” QSC-nin “J2” kodu ilə yerinə yetirilən bütün reysləri.  “Buta Airways” aviaşirkəri tərəfindən yerinə yetirilən reyslərə güzəştlər ancaq aviaşirkətin rəhbərliyi  tərəfindən verilmiş icazə əsasında təqdim oluna bilər.

"ATS" - "Azərbaycan Hava Yolları" Aviasiya Şirkətinin avtomatlaşdırılmış təxsisetmə sistemi.

 “Qrup” - Azərbaycan Hava Yolları" aviaşirkətinin eyni reyslərinə, bütün uçuş marşrutu üzrə eyni tarixlərə təxsis edilmiş, 2 yaşından böyük sərnişinlərdən ibarət olan, "ekonom sinif"də 10 nəfərdən, "biznes" və "Comfort Club" siniflərində 6 nəfərdən və "VIP Club" sinfində 5 nəfərdən az olmayan kollektiv;

- qarışıq daşıma ilə (Vip Club + Comfort Club/ VIP Club + biznes, VIP Club + ekonom/ biznes + Comfort Club/ /biznes + ekonom) 10 nəfərdən az olmayan sərnişinlərdən ibarət olan kollektiv həmçinin qrup sayılır.


 “Qrup şəklində daşıma” – “Azərbaycan Hava Yolları” Aviasiya Şirkətinin eyni reyslərinə, bütün uçuş marşrutu üzrə eyni tarixlərə təxsisedilmiş sərnişin qrupunun verilmiş istiqamətdə və geriyə daşınması.

Sərnişinlərin bir tərəfə daşınmasına qrup şəklində daşınma kimi baxıla bilməz.

“Qrup tarifi” – hər hansı məzənnə və yığımlar nəzərə alınmadan konkret qrup daxilində bir sərnişin üçün daşıma dəyəri.

“Sifarişçi” – qrupun xüsusi şərtlərə əsasən daşınması üçün aviaşirkətə müraciət edən fiziki və ya hüquqi şəxs.

“Səlahiyyətli agent” – sərnişinlərə xidmət göstərilməsi sahəsində əlavə tədbirlərin, o cümlədən pul məbləğinin qaytarılması, dublikatların rəsmiləşdirilməsi və digər xidmət funksiyalarının yerinə yetirilməsi üzrə tədbirlərin həyata keçirilməsi üçün Daşıyıcının adından xüsusi sənədlə səlahiyyət verilmiş təşkilat.

2.Qrupların təxsisedilməsi şərtləri və qaydaları

Aşağıda göstərilən qaydalar  “Azərbaycan Hava Yolları” QSC-nin reyslərinə bütün qrup şəklində təxsisedilmələr üçün qüvvədədir və aviaşirkət istənilən vaxt, qabaqcadan xəbər vermədən bu sənədə dəyişiklik etmək hüququna malikdir.

2.1Qrup şəklində daşımanın təxsisedilməsi və dəyərinin hesablanmasının mümkünlüyünə baxılması məqsədilə Sifarişçi aviaşirkətin www.azal.az  (www.swtravel.az) rəsmi veb-saytı vasitəsilə və ya group@azal.az (group@swtravel.az) elektron poçta standart formada qrup haqqında minimal məlumata malik olan yazılı sifariş (sifariş forması bu Qaydaların “A” əlavəsində verilmişdir) göndərilməlidir. Yazılı sifarişə aşağıdakılar daxil olmalıdır:

  • marşrut;
  • reyslərin dəqiq tarixi;
  • sərnişinlərin sayı (böyüklər, 12 yaşınadək uşaqlar, 2 yaşınadək uşaqlar);
  • xidmət sinfi;
  • qrupun xarakteri (sərnişinlərin kateqoriyası).

Bu bəndlərə əlavə olaraq, qrupun bütün iştirakçıları bilavasitə sifarişçi- təşkilata aid olmalıdırlar.

Daşıyıcı tərəfindən qrupun daşınmasının mümkünlüyünə baxılması və dəyərin hesablanması (güzəştin məbləği) aviaşirkətin Sifarişçidən sifarişi aldığını təsdiq etdiyi andan 3 (üç) iş günü ərzində həyata keçirilir.

2.2 Sorğuya «Silk Way Travel» şirkətinin satış şöbəsi tərəfindən baxılır. Qrup şəklində daşıma üçün müqavilə Sifarişçi ilə «Silk Way Travel» şirkəti /Aviaşirkətin nümayəndəliyi arasında bağlanır.

2.3 Qrupun təxsis edilməsinin təsdiq olunması üçün Aviaşirkət daşımanın mümkünlüyünü və hesablanmış daşıma dəyərini təsdiq etdiyi andan 2 (iki) bank günü ərzində Sifarişçi qrupun ümumi daşıma dəyərinin 20 (iyirmi) faizini qaytarılmayan depozit şəklində ödəməyi öhdəsinə götürür. Ödəniş həm EMD çıxarışı vasitəsilə, həm də Daşıyıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilə bilər.  Yüksək yüklənmə olduğu dövrlərdə qaytarılmayan depozit məbləği 50% təşkil edəcək.

2.4 Qrup şəklində daşımanın ödənilməsi və təxsisedilməsi nəzərdə tutulan ilk uçuş tarixindən ən azı 14 (on dörd) gün əvvəl başa çatdırılmalıdır.

2.5 Qrup şəklində daşıma barədə yazılı müraciət uçuşdan əvvəlki 14 (on dörd) təqvim günündən az müddətdə daxil olduğu halda Sifarişçi 2 (iki) bank günü ərzində, lakin uçuş tarixindən 7 (yeddi) təqvim günü  əvvəldən gec olmayaraq bütün daşıma dəyərini ödəməlidir.

2.6 Nəzərdə tutulan ilk uçub getmə (uçuş) tarixindən ən azı 7 (yeddi) təqvim günü əvvəl aviaşirkətə daxil olmuş daşıma üzrə sifarişə fərdi qaydada baxılacaqdır. Bu halda aviaşirkət bu Qaydalarda nəzərdə tutulmamış fərdi daşıma şərtlərini tətbiq etmək hüququna malikdir.

2.7 Əvəz edilən soyadların sayı qrupdakı sərnişinlərin ümumi sayının 20%-dən artıq olmadığı halda aviaşirkət qrupun tərkibinə daxil olan sərnişinlərin (qrup iştirakçılarının) soyadlarının pulsuz əvəz olunmasına icazə verir. İstənilən dəyişiklik üçün sorğu yalnız yazılı şəkildə bilavasitə Sifarişçidən daxil olmalıdır. Daha böyük tam ədədə qədər yuvarlaqlaşdırma aparılır. Sərnişin (qrup iştirakçısının) soyadının əvəz edilməsi üçün hər bir əlavə  sorğu 50(əlli) avro məbləğində cərimə ödəməklə həyata keçirilir.

2.8 Sifarişçi nəzərdə tutulan uçuş tarixindən əvvəl 3 (üç) iş günündən gec olmayaraq Daşıyıcıya qrup daxilində bütün  sərnişinlərin tam pasport məlumatları daxil olmaqla qrupun son tərkibi barədə məlumat verməli və ya məlumatı təsdiq etməlidir.

2.9 Qrupun tərkibi (qrup şəklində səyahət edənlərin sayı) azaldıqda və Aviaşirkətə bu barədə reysin uçuşundan 14 gündən çox müddət əvvəl xəbər verildiyi halda, cərimə tutulmadan qrupun tərkibinin ümumi iştirakçıların ümumi sayının 20%-nə qədər azaldılmasına icazə verilir. 14 gündən az müddətdə dəyişikliyə icazə verilmir - depozit məbləğində cərimə tutulur.

2.10 Sifarişçisi qrup iştrakçılarının sayını dəyişdiyi təqdirdə Aviaşirkət birtərəfli qaydada  qrupun daşınması imkanlarına  və şərtlərinə yenidən baxmaq hüququna malikdir .

2.11 Nəzərdə tutulan uçuş tarixindən ən azı 14 (on dörd) təqvim günü əvvəl təxsisedilmiş qrup şəklində daşımadan imtina edildiyi təqdirdə aviaşirkət təxsisedilmə zamanı ödənilmiş depozit məbləğindən cərimə alır.

2.12 Nəzərdə tutulan uçub getmə tarixindən əvvəlki 14 (on dörd) təqvim  günündən az müddətdə, lakin 7 (yeddi) gündən artıq müddətdə təxsisedilmiş qrup şəklində daşımadan imtina edildiyi halda aviaşirkət daşımanın ümumi dəyərinin 50%-i həcmində cərimə alır.

2.13 Nəzərdə tutulan uçub getmə tarixindən ən azı 7 (yeddi) təqvim günü əvvəl, lakin uçuşdan əvvəlki 72 saat artıq müddətdə təxsisedilmiş qrup şəklində daşımadan imtina edildiyi təqdirdə aviaşirkət daşımanın ümumi dəyərinin 75%-i məbləğində cərimə alır.

2.14 Nəzərdə tutulan uçub getmə tarixindən əvvəlki 72 saatdan az  müddətdə təxsisedilmiş qrup şəklində daşımadan imtina edildiyi halda, hava limanı və digər yığımlar istisna olmaqla, ödənilmiş məbləğ qaytarılmır.

2.15 Daşımaya başladıqdan sonra (qismən daşıma) bronlaşdırılmış qrup şəklində daşımadan imtina edildiyi halda, hava limanı və digər yığımlar istisna olmaqla, ödənilmiş məbləğ qaytarılmır.

2.16 Təsdiq olunmuş qrup şəklində daşıma daxilində tək-tək aviabiletlərin dəyərinin, habelə hava limanı və digər yığımların qaytarılması qadağandır.

İstənilən halda aviaşirkət güzəştin verilməsi hüququnu birtərəfli qaydada özündə saxlayır.