Hava Hərəkəti İdarəsi

 

“Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi AZANS

 

1996-cı il aprelin 1-də Dövlət Konserninin müdiriyyətinin qərarı ilə, ICAO və Avropa İnkişaf Bankının himayəsi altında, “Azərbaycan Hava Yolları” Dövlət Konserninin struktur bölmələri arasında ilk olaraq hüquqi müstəqillik statusu əldə etmiş “Azəraeronaviqasiya” (AZANS) aeronaviqasiya xidməti müəssisəsi yaradılmışdır. Yeni müəssisənin başlıca vəzifəsi, Azərbaycan Respublikasının hava məkanında uçuşların təhlükəsizliyinin təmin edilməsi olmuş və eyni zamanda, ona hava hərəkətinin əlaqələndirilməsi və xidmət funksiyası da həvalə edilmişdir.

 

Müəssisənin fəaliyyətinin əsas məqsədləri aşağıdakılardır:

  • beynəlxalq standartlar əsasında yüksək keyfiyyətli aeronaviqasiya xidmətinin təmin edilməsi;
  • yeni beynəlxalq standartların və tövsiyələrin çevik tətbiqi, texniki sistemlərin və informasiya təminatının inkişafı və müasirləşdirilməsi;
  • səriştəli və ixtisaslı heyətin öyrədilməsi və hazırlanması;
  • etibarlı və yüksək keyfiyyətli aeronaviqasiya və meteorologiya məlumatlarının təqdim edilməsi.

 

Yeni təşkilatın qarşısında qoyulmuş başlıca məqsədlərdən biri ICAO CNS|ATM konsepsiyasının tələblərinə uyğun olaraq, texniki və texnoloji baxımdan yenidən tam təchizetmə məsələsindən ibarətdir. “Azəraeronaviqasiya” müəssisəsi yaradıldığı ilk gündən etibarən uçuşların aeronaviqasiya təminatının milli sisteminin qurulması ilə bağlı mürəkkəb vəzifələrin həll edilməsi üçün intensiv işə başlanmışdır. Buna, həmçinin dövlət başçısı, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin də böyük töhfəsi olmuşdur.

Bütün regional layihələrdə fəal iştirak, müasir naviqasiya avadanlığının, müasir texnologiyaların, ICAO tərəfindən tövsiyə edilən prosedurların və praktikanın tətbiqi və əlbəttə ki, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması dünya aviaşirkətləri üçün Bakının iqtisadi cəhətdən cəlbediciliyini nəzərə çarpacaq dərəcədə yüksəltmiş və hərəkət intensivliyinin müntəzəm artımını təmin etmişdir. Ölkədə aviasiyanın inkişafında ən müsbət məqamlardan biri Bakı aeroportunda Heydər Əliyevin adını daşıyan yeni beynəlxalq aerovağzal kompleksinin istismara verilməsi olmuşdur.

1996-cı ilin sonunda “AZAL” Dövlət Konserni tərəfindən bağlanmış müqavilə əsasında Bakı şəhərində Hava Hərəkəti İdarəsinin Əsas Mərkəzində müasir avtomatlaşdırılmış sistemin satın alınıb quraşdırılması üçün “Azəraernaviqasiya” müəssisəsi Avropa Yenidənqurma və İnkişaf Bankından kredit almışdır. Yeni strukturun qarşısında duran məqsədlərə nail olmaq üçün, həyata keçirilən modernizasiya prosesində hava hərəkətinə xidmət sahəsində standart və prosedurların beynəlxalq harmonizasiyası yolu ilə rabitə, naviqasiya və müşahidə sistemləri ilə təmin edilmiş texnologiyalardan istifadə olunmuşdur.

1997-ci ildən etibarən hava hərəkətinin idarə edilməsinin yeni Baş Mərkəzinin yaradılması üçün işlərə başlanılmışdır. Bu, həmin vaxtdan dünya aviasiya icmasına fəal şəkildə inteqrasiya olunan Azərbaycan mülki aviasiyasının əsas nailiyyətlərindən biri olmuşdur. Ölkənin aeronaviqasiya sisteminin nüvəsinə çevrilmiş Hava Hərəkətinin Avtomatlaşdırılmış İdarəetmə Mərkəzi  Beynəlxalq Mülki Aviasiya Təşkilatının CNS/ATM konsepsiyasına uyğun texniki və əməliyyat səviyyələrinin tələbləri nəzərə alınmaqla qurulmuşdur.

2002-ci ildən etibarən radiolokasiya sistemlərinin müasirləşdirilməsi işlərinə başlanmış və Bakıda, Naxçıvanda, Yevlaxda, Gəncədə və daha sonra Lənkəranda və Qəbələdə RSM 970 S və STAR2000 stansiyaları istismara verilmişdir. Görülən işlər nəticəsində respublikanın və qonşu ölkələrin hava məkanının radiolokasiya sahəsilə maksimal örtülməsinə nail olunmuşdur. 

Süni örtüklü bütün uçuş-enmə zolaqları mürəkkəb meteoşərtlərdə yerə enmə sistemləri, ILS 420/DME dəqiq keçidli səmt-qlissad mayakları ilə təchiz edilmişdir ki, bu da ICAO-nun II və III kateqoriyası üzrə bütün hava gəmilərinin enib qalxmasına imkan vermişdir. Hava hərəkətini idarəetmə (HHİ) qüllələri, HHİ texniki blokları və RTOPİS, habelə HHİ avtomatlaşdırılmış sistemləri qurulmuşdur.  Azərbaycan Respublikasının bütün ərazisində geniş zonalı multilaterasiya və ADS-B sisteminin tətbiqi layihəsinin planlı şəkildə həyata keçirilməsinə başlanmışdır.

 

Dayanmadan artan hava hərəkəti axınına lazımi səviyyədə və beynəlxalq tələblərə və standartlara uyğun şəkildə xidmət etməyə hazır olmaq üçün “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin və Hava Hərəkətinin Vahid İdarəetmə Sisteminin Baş Mərkəzinin yeni binasının geniş formatlı layihəsi işlənib hazırlanmış və 2012-ci ildə 65 m hündürlüyündə qülləsi olan kompleksin tikintisinə başlanmışdır. Yeni Mərkəzdə müasir texnologiyalar və gələcək üçün hesablanmış texniki inkişafın nailiyyətləri tətbiq olunacaqdır, məsələn: İspaniyanın “INDRA” şirkətinin istehsalı olan avtomatlaşdırılmış HHİ sistemləri, OLDİ,  Searidge video müşahidə sistemləri, AMHS,  ADS-B, A-SMGCS və s. 

Bu gün Hava Hərəkəti İdarəsi – gündəlik qrafiklə uçan bütün sinfilərə aid 270 hava gəmisi deməkdir. Onların yarıdan çoxu dünyanın aparıcı aviaşirkətlərinin Avropa və Asiya arasında həyata keçirilən tranzit reyslərdə uçur. Şaqulu eşelonlaşdırmada qısaldılmış intervalların uğurlu tətbiqindən sonra hərəkət axını nəzərəçarpacaq dərəcədə çoxalmışdır. On altı il ərzində hava hərəkətinin intensivliyi 200%-dən çox artmışdır. 

Bu gün “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi ICAO və ЕUROCONTROL tərəfindən tövsiyə edilən standartların və praktikanın tətbiqi yolu ilə Avropa aeronaviqasiya sisteminə inteqrasiya olmağa çalışır.

Dünyanın və Avropanın bir çox aviasiya təşkilatlarına üzvlük, hava hərəkətinin Avropa standartlarına uyğun təşkili sahəsində beynəlxalq hüquqi-normativ bazanın tətbiqi, aeronaviqasiya sahəsində aparılan beynəlxalq müşavirələr ölkəmiz tərəfindən Avropa dövlətlərinin nəzərə alacağı milli maraqların həyata keçirilməsinə və ölkəmizin hava hərəkətinin təşkili üzrə ümumavropa proqramının tamhüquqlu iştirakçısı olmasına imkan verəcəkdir.