“Azərbaycan Hava Yolları” QSC-nin tarixi

“Azərbaycan Hava Yolları” QSC-nin tarixi

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Azərbaycan mülki aviasiyasının əsas infrastrukturu və beynəlxalq aviasiya birliyinin tamhüquqlu üzvüdür.

Hazırda AZAL QSC-nin tərkibinə aşağıdakı strukturlar daxildir: Milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları”, “Buta Airways” aşağıbüdcəli aviaşirkət, “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS), Milli Aviasiya Akademiyası, Aviasiya Təhlükəsizlik Baş İdarəsi (ATİ), “AzalOil” Yanacaq-Sürtgü Materialları İdarəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu, Gəncə Beynəlxalq Hava Limanı, Lənkəran Beynəlxalq Hava Limanı, Zaqatala Beynəlxalq Hava Limanı, Qəbələ Beynəlxalq Hava Limanı, Füzuli Beynəlxalq Hava Limanı, Zəngilan Beynəlxalq Hava Limanı, Laçın Beynəlxalq Hava Limanı, Yevlax hava limanı, Filial və nümayəndəliklər.

“Azərbaycan Hava Yolları” (AZAL) ən iri aviadaşıyıcı və ən müasir hava gəmiləri parkına malik MDB ölkələrinin aviasiya ictimaiyyətinin liderlərindən biridir. O, sərnişinlərə xidmət keyfiyyətinə görə mülki aviasiya sənayesində liderlər sırasındadır. Bu, “Skytrax” tərəfindən tanınmış beynəlxalq reytinqdə yüksək mövqelər ilə təsdiqlənir.

Dinamik inkişaf edən aviaşirkət “Skytrax” Britaniya konsaltinq şirkəti tərəfindən dəfələrlə nüfuzlu “4 Ulduz” reytinqini təsdiq etmişdir.

“Azərbaycan Hava Yolları” daim öz marşrut şəbəkəsinin genişləndirilməsi üzərində çalışır – çoxsaylı müntəzəm istiqamətlərdən əlavə, aviadaşıyıcı tez-tez yeni mövsümi və çarter marşrutları açır.

AZAL sərnişinlərinə ən aktual xidmətlər, eləcə də səyahətin mümkün qədər komfortlu olması üçün bütün texnoloji həllər təklif edir.

Azərbaycanın mülki aviasiya təyyarələri Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına tam uyğundur, AZAL isə ən nüfuzlu mülki aviasiya birliyinin - Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür. Azərbaycanın milli aviadaşıyıcısı, həmçinin Azərbaycan Turizm Assosiasiyasının (AZTA) İdarə heyətinin üzvlərinin tərkibinə daxildir.

AZAL-ın qərargahı Bakı şəhərində, yüksək beynəlxalq standartlara cavab verən Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

“Skytrax World Airport Awards” tərəfindən ən yüksək mükafata - “5 ulduz” statusuna layiq görülmüş Heydər Əliyev Beynəlxalq Aeroportu MDB ölkələrinin ən yaxşı hava limanları reytinqinə də dəfələrlə başçılıq etmişdir.

 

Aviaşirkətin və "Azərbaycan Hava Yolları" QSC-nin tarixi

1992-ci ilin aprelində müstəqillik əldə etdikdən sonra Respublika hökumətinin qərarı ilə Azərbaycanda aviasiya üzrə dövlət orqanı - "Azərbaycan Hava Yolları" Dövlət Konserni yaradılmışdır.

1996-ci ildə "Azərbaycan Hava Yolları" konserninin tərkibində "Azəraeronaviqasiya" hava hərəkətinin idarəedilməsi mərkəzi yaradılmışdır.

1997-ci ildə "Azərbaycan Hava Yolları"-nın tərkibində AZALOIL müəssisəsi yaradılmışdır.

1999-cu ildə Bakı hava limanında yeni beynəlxalq terminal açılmışdır.

2000-ci ildə "Azərbaycan Hava Yolları" ilk Boeing 757-200 model təyyarələr almışdır.

2004-cü ildə Prezident İlham Əliyevin qərarı ilə "Binə" Hava Limanı "Heydər Əliyev Beynəlxalq Hava Limanı" adlandırılmışdır.

2004-cü ildə Naxçıvan şəhərindəki hava limanı beynəlxalq hava qovşağı statusu almışdır.

2005-ci ildə Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni yük terminalı (Baku Cargo Terminal) açılmışdır.

2006-ci ildə Gəncə Beynəlxalq Hava Limanı yenidən qurulmuşdur.

2008-ci ilin aprelində Azərbaycan Prezidentinin sərəncamı ilə "AZAL" dövlət konserni yenidən formalaşdırılaraq "Azərbaycan Hava Yolları" QSC adlandırılmışdır.

2009-cu ildə əsaslı yenidənqurmadan sonra Zaqatala və Lənkəran hava limanları beynəlxalq status almışdır.

2011-ci ildə Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatası (EEIG) "Azərbaycan Hava Yolları" QSC-yə Avropa Xidmət Standartı vermişdir.

2011-ci ildə "Azərbaycan Hava Yolları" "Boeing 767-300ER" tipli təyyarələri almışdır.

2012-ci ildə Qəbələdə beynəlxalq hava limanı tikilmişdir.

2013-ci ildə "Azərbaycan Hava Yolları" Airbus A340-500 uzaq magistrallı sərnişin təyyarələri almışdır.

2013-cü ildə Yevlaxda "Azalaqro" aviaşirkəti açılmışdır.

2014-cü ildə Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) istifadəyə verilmişdir.

2014-cü ildə "Azərbaycan Hava Yolları" hava gəmiləri parkına müasir Boeing 787-8 Dreamliner təyyarələrini əlavə etmişdir.

2014-cü ildə "Azərbaycan Hava Yolları" Braziliya istehsalı olan Embraer 190 və Embraer 170 reaktiv təyyarələri almışdır.

2014-cü ildə "Azərbaycan Hava Yolları" Bakıdan Nyu-Yorka müntəzəm transatlantik uçuşlar yerinə yetirməyə başlamışdır.

2015-ci ildə Britaniyanın dünyaca məşhur və aviaşirkətlərin xidmət keyfiyyətinin qiymətləndirilməsi sahəsində ən mötəbər konsaltinq şirkəti “Skytrax” Azərbaycanın milli aviadaşıyıcısına və Heydər Əliyev Beynəlxalq Hava Limanına nüfuzlu "4 ulduz" reytinqi vermişdir.

2016-ci ildə Azərbaycan Amerika Birləşmiş Ştatları ilə “Open Skies” sazişi imzalamışdır.

2016-ci ildə Naxçıvan Beynəlxalq Hava Limanı yenidən qurulmuşdur. Hava limanında ilk dəfə teleskopik traplar qurulmuşdur.

2016-cı ildə AZAL QSC-nin tərkibində Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətinin –“Buta Airways” aviaşirkətinin yaradılması barədə qərar qəbul edilib.

2017-ci ildə “Skytrax” şirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanını Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında ən yaxşı hava limanı adlandırmışdır.

2017-ci ildə AZAL QSC-nin tərkibində olan “Buta Airways” aşağıbüdcəli aviaşirkəti uçuşlar həyata keçirməyə başlamışdır.

2018-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) rəsmi açılış mərasimi keçirilmişdir.

2018-ci ildə Avropa Hava Hərəkəti Axınının İdarəetmə Mərkəzi (EUROCONTROL) AZANS ilə Azərbaycanı “Eurocontrol”un tərəfdaşı kimi tanıyan rəsmi sazişi imzalamışdır.

2018-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” tərəfindən 5 ulduzlu mükafata layiq görülmüşdür.

2018-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu Böyük Britaniyanın “Skytrax” şirkəti tərəfindən Rusiya və MDB ölkələrinin hava limanları arasında ən yaxşı hava limanı seçilmişdir.

2018-ci ildə Böyük Britaniyanın konsaltinq şirkəti “Skytrax” “Azərbaycan Hava Yolları” sərnişin aviaşirkətinin nüfuzlu “4 ulduz” reytinqini təsdiq etmişdir.

2018-ci ildə “Azərbaycan Hava Yolları” sərnişin aviaşirkəti “Skytrax” tərəfindən “Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkəti” olaraq tanınmışdır.

2019-cu ildə “Azərbaycan Hava Yolları” sərnişin aviaşirkəti “Skytrax” tərəfindən “Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkəti” olaraq tanınmışdır.

2019-cu ildə ölkənin beynəlxalq hava limanlarında beşinci və yeddinci qrup “hava azadlığı” adlandırılan rejimlər tətbiq edilmişdir.

2020-ci ildə Böyük Britaniyanın konsaltinq şirkəti “Skytrax” “Azərbaycan Hava Yolları” sərnişin aviaşirkətinin nüfuzlu “4 ulduz” reytinqini təsdiq etmişdir.

2020-ci ildə “Azərbaycan Hava Yolları” sərnişin aviaşirkəti, aviasiya analitik-sorğu nəşri olan Official Airline Guide (OAG) görə 2019 -cu ildə Avropanın ən punktual aviaşirkəti kimi tanınmışdır.

2020-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçən ilk hava limanı olmuşdur.

2020-ci ildə ICAO, Füzuli Beynəlxalq Hava Limanının beynəlxalq mekan indeksləri kataloquna daxil edilməsi barədə Dövlət Mülki Aviasiya Administrasiyasının müraciətini təsdiq etmişdir.

2020-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu Böyük Britaniyanın “Skytrax” konsaltinq şirkəti tərəfindən verilən "5 ulduz" statusunu təsdiq etmişdir.

2020-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” tərəfindən verilən “Rusiya və MDB ölkələrinin hava limanları arasında ən yaxşı hava limanı” statusunu təsdiq etmişdir.

2021-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu COVID-19-a qarşı təhlükəsizlik tədbirləri üzrə ən yüksək reytinqə layiq görülmüşdür.

2021-ci ildə uzunmüddətli fasilədən sonra Qarabağ səmasında milli naviqasiya sistemlərinin radioçağırış siqnalları yenidən ötürülmüşdür. Bu siqnalları ilk dəfə Azərbaycan Milli daşıyıcısının (AZAL) təyyarələri qəbul etmişdir.

2021-ci ildə Gəncə Beynəlxalq Hava limanına yeni IATA kodu verilmişdir.

2021-ci ilin oktyabr ayında Füzuli Beynəlxalq Hava Limanının açılışı baş tutub.

2022-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu nüfüzlu “Skytrax World Airport Awards 2022” agentliyinin qiymərləndirməsinə görə Mərkəzi Asiya və MDB üzrə ardıcıl olaraq beşinci dəfədir ki, ən yaxşı hava limanları reytinqinə başçılıq edir, həmçinin bu il ilk dəfə olaraq daha bir mühüm nominasiyada – “Mərkəzi Asiya və MDB üzrə ən yaxşı hava limanı heyəti” nominasiyasında qalib olmuşdur.

2022-ci ilin sentyabr ayında "Azərbaycan Hava Yolları" və ölkənin aşağıbüdcəli aviaşirkəti “Buta Airways” beynəlxalq “Skytrax 2022 World Airline Awards” nominasiyaları üzrə - “Mərkəzi Asiyanın və MDB-nin ən yaxşı regional aviaşirkəti” və “Mərkəzi Asiyanın və MDB-nin ən yaxşı aşağıbüdcəli aviaşirkəti" mükafatlarına layiq görülüb.

2022-ci ilin oktyabrında Zəngilan Beynəlxalq Hava Limanının açılışı olub.