Qaydalar və Şərtlər

AZAL-Miles – tez-tez uçan sərnişin proqramı

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti öz iştirakçılarına "Azərbaycan Hava Yolları" aviaşirkətini seçdikləri üçün imtiyazlardan faydalanmaq imkanı verir. 

İştirakçının imtiyazları müvafiq ballar topladığı iştirakçı statusuna  uyğun olaraq müəyyən edilir. AZAL-Miles proqramının iştirakçıları "Azərbaycan Hava Yolları" aviaşirkətinin uçuşlarına əldə edilmiş aviabiletlərin xidmət sinfinə və istiqamətinə əsasən daha yüksək statusları əldə edə bilərlər. Üç iştirak statusu mövcuddur:  Classic, Gold və Platinum. Hər bir iştirakçı statusuna uyğun olaraq imtiyazlar mövcuddur. 

İştirakçılar üçün imtiyazlar

“Platinum” status qaydaları

  1. AZAL-Miles proqramının Platinum statuslu iştirakçıları imtiyazlardan 2 il ərzində faydalanacaqlar. Platinum statuslu iştirakçı statusunu qorumaq üçün 2 il ərzində 30000 status balı toplamalıdır.
  2. Növbəti 2 il ərzində 30000 status balı  toplamayan  Platinum iştirakçı Gold statusuna keçiriləcəkdir.
  3. Platinum statuslu iştirakçılar 2 il ərzində etibarlı olan Platinum iştirakçı kartı əldə edirlər.  İştirakçı 2 iştirak ili ərzində tələb olunan sayda status balları topladığı halda bu kart yenilənəcək.
  4. Hesaba əlavə edilən səyahət balları, əlavə edildiyi tarixdən 36 ay ərzində etibarlıdır.

Status imtiyazları

  1. Platinum statuslu iştirakçıların hesabına "Azərbaycan Hava Yolları" aviaşirkəti ilə həyata keçirdikləri bütün uçuşlara görə 3 səyahət balı əlavə edilir. Ballar aviabiletə ödənilən məbləğin əsas tarifinin hər bir avrosuna görə hesaba əlavə edilir. Əsas tarifə hava limanı yığımları və digər xərclər daxil deyil.
  2. Platinum statusu ilə iştirakçılığa 2 tam iştirak ili ərzində zəmanət verilir.
  3. Platinum statuslu iştirakçılar "Azərbaycan Hava Yolları" aviaşirkətinin bütün uçuşlarında  növbəsiz minik imkanından faydalana bilərlər.
  4. Platinum statuslu iştirakçılar "Azərbaycan Hava Yolları" aviaşirkətinin bütün uçuşlarında növbəsiz qeydiyyat imkanından faydalana bilərlər.
  5. Platinum statuslu iştirakçılar ad günü olan ay ərzində həyata keçirdiyi bütün uçuşlara görə ikiqat səyahət balı toplayacaqlar.
  6. Platinum statuslu iştirakçılar uçuşa boş yer olmadığı halda gözləmə siyahılarına ilk növbədə daxil edilmə imkanından faydalana bilərlər.
  7. Platinum statuslu iştirakçı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin beynəlxalq uçuşlar həyata keçirdiyi bütün hava limanlarında uçuşu təsdiq edən  minik talonu  ilə övladı və 1 nəfər ailə üzvü (valideyn/həyat yoldaşı və ya 12 yaşa qədər olan övladı) ilə birlikdə Platinum iştirakçı kartını təqdim etməklə, biznes zala daxil olma hüququndan faydalana bilərlər. 
  8. “Azərbaycan Hava Yolları”nın uçuşlarında Platinum statuslu iştirakçılar 1 əlavə yer üçün 23 kq-a qədər baqajın pulsuz daşınması hüququna malikdirlər. Üç ölçünün cəmi üzrə (hündürlük x en x dərinlik) bir baqaj yerinin ölçüsü 158 santimetrdən artıq olmamalıdır.
  9. Mükafatlandırıcı aviabiletin uçuş vaxtının və tarixinin uçuşdan əvvəl dəyişdirilməsi ÖDƏNİŞSİZ həyata keçirilir. 
  10. Platinum statuslu iştirakçılar Heydər Əliyev  Beynəlxalq Aeroportundan beynəlxalq istiqamətlərdə uçarkən onlar aşağıdakı xidmətlərin göstərilməsi üçün xüsusi əməkdaşla təmin edilir (aşağıda qeyd olunan xidmətlərdən faydalanmaq üçün uçuşdan əvvəl müraciət etməyinizi xahiş edirik):
  • Hava limanına çatarkən iştirakçının qarşılanması;
  • Qeydiyyata veriləcək baqajla bağlı iştirakçıya kömək etmək;
  • İştirakçını təhlükəsiz girişdən biznes zala  qədər müşayiət etmək və zəruri  kömək göstərmək.

 “Gold” status qaydaları

  1. AZAL-Miles proqramının  “Gold” statuslu iştirakçıları statusunu qorumaq üçün iştirak ili ərzində 5000 status balı toplamalıdırlar.
  2. 5000 status balı toplamayan Gold statuslu iştirakçı növbəti iştirak ili üçün Classic statusa keçiriləcəkdir.
  3. İştirak ili ərzində 20000 və daha çox status balı toplamış Gold statuslu iştirakçı növbəti 2 iştirak ili ərzində Platinum statusuna yüksəldiləcəkdir.
  4. Hesaba əlavə edilən səyahət balları əlavə edildiyi tarixdən 36 ay ərzində etibarlıdır.

Status imtiyazları

  1. Gold statuslu iştirakçıların hesabına "Azərbaycan Hava Yolları" aviaşirkəti ilə həyata keçirdikləri bütün uçuşlara görə 2 səyahət balı əlavə edilir. Ballar, aviabilet üçün ödənilən məbləğin əsas tarifinin hər bir avrosuna görə hesaba əlavə edilir. Əsas tarifə hava limanı yığımları və digər xərclər daxil deyil.
  2. Gold statuslu iştirakçılığa bir iştirak ili ərzində zəmanət verilir.
  3. Gold statuslu iştirakçı "Azərbaycan Hava Yolları" aviaşirkətinin bütün uçuşlarında növbəsiz minik imkanından faydalana bilər.
  4. Gold statuslu iştirakçı "Azərbaycan Hava Yolları" aviaşirkətinin bütün uçuşlarında növbəsiz qeydiyyat imkanından faydalana bilər.
  5. Gold statuslu iştirakçı ad günü olan ay ərzində həyata keçirdiyi bütün uçuşlara görə ikiqat səyahət balı toplayacaq.
  6. Gold statuslu iştirakçı uçuşa boş yer olmadığı halda gözləmə siyahılarına ilk növbədə daxil edilmək imkanından faydala bilər.
  7. AZAL-Miles tez-tez uçan sərnişin programının Gold kart sahibləri Heydər Əliyev Beynəlxalq Aeroportunda  yalnız “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin beynəlxalq uçuşlarına minik talonu ilə, övladı və 1 nəfər ailə üzvü (valideyn/həyat yoldaşı və ya 12 yaşa qədər olan övladı) ilə birlikdə Gold statuslu iştirakçı kartını təqdim etməklə, biznes zala daxil olma hüququndan faydalana bilərlər. 
  8. “Azərbaycan Hava Yolları”nın uçuşlarında Gold statuslu iştirakçılar 1 əlavə yer üçün 23 kq-a qədər baqajın pulsuz daşınması hüququna malikdirlər. Üç ölçünün cəmi üzrə (hündürlük x en x dərinlik) bir baqaj yerinin ölçüsü 158 santimetrdən artıq olmamalıdır.
  9. Mükafatlandırıcı aviabiletin uçuş vaxtının və tarixinin uçuşdan əvvəl dəyişdirilməsi ÖDƏNİŞSİZ həyata keçirilir.

"Classic" status qaydaları

  1. Sərnişinlər, AZAL-Miles proqramında Classic status iştirakçısı olmaq üçün qeydiyyatdan keçməlidirlər. Classic statuslu iştirakçılara statusu qorumaq üçün status balları tələb edilmir, lakin 24 ay ərzində heç bir uçuş həyata keçirilmədiyi halda, iştirakçılıq ləğv ediləcəkdir.
  2. İştirak ili ərzində 8000 və daha çox status balı toplamış Classic statuslu iştirakçı növbəti bir iştirak ili ərzində Gold statusuna yüksəldiləcəkdir.
  3. Classic statuslu iştirakçılar AZAL-Miles mobil proqramı və ya veb-sayt vasitəsilə virtual iştirakçı nömrəsini əldə edə bilərlər.
  4. Hesaba əlavə edilən səyahət balları, əlavə edildiyi tarixdən 36 ay ərzində etibarlıdır. "Azərbaycan Hava Yolları"nın və ya balların hesablanmasında iştirak edən əməkdaş aviaşirkətlərin müntəzəm uçuşları ilə 24 ay ərzində  heç bir uçuş həyata keçirilmədiyi halda Classic statuslu hesab ləğv olunur. Ləğv olunan ballar bərpa olunmur.

Status imtiyazları

  1. Classic statuslu iştirakçıların hesabına "Azərbaycan Hava Yolları" aviaşirkəti ilə həyata keçirdikləri bütün uçuşlara görə 1 səyahət balı əlavə edilir. Ballar aviabiletə ödənilən məbləğin əsas tarifinin hər bir avrosuna görə hesaba əlavə edilir. Əsas tarifə hava limanı yığımları və digər xərclər daxil deyil.
  2. Classic statuslu iştirakçılar ad günü olan ay ərzində həyata keçirdiyi bütün uçuşlara görə ikiqat səyahət balı toplayacaqlar.

Proqramın qaydaları. 

İştirakçı müqaviləsi

1.1 Aşağıdakı qaydalar və şərtlər "Azərbaycan Hava Yolları" aviaşirkəti ilə AZAL-Miles proqramının hər bir iştirakçısı arasındakı hüquqi münasibətləri müəyyən edir.

Əsas anlayışlar

1.2. AZAL-Miles proqramında iştirakçı nömrəsi.

1.3. “AZAL” – “Azərbaycan Hava Yolları”.

1.4. Mükafatlandırma – pulsuz aviabilet və ya xidmət sinfinin artırılmasını nəzərdə tutur.

1.5. Status balları - "Azərbaycan Hava Yolları" aviaşirkəti ilə həyata keçirilən uçuşlara görə  aviaşirkətin veb-saytında dərc edilmiş cədvələ uyğun olaraq hesaba əlavə edilir. Sözügedən ballar AZAL-Miles proqramı üzrə iştirakçı statuslarının təyin edilməsi və müvafiq iştirakçı statusuna görə proqramın təklif etdiyi imtiyazların verilməsi üçün istifadə edilir.

1.6. Səyahət balları - "Azərbaycan Hava Yolları" aviaşirkətinin müntəzəm uçuşlarına görə əlavə edilən ballardır. Hesaba əlavə edilən səyahət ballarının sayı (tarifə rüsumlar, hava limanı yığımları və əlavə xərclər istisna olmaqla) ödənilmiş əsas tarifdən və iştirakçı statusundan asılıdır. Səyahət balları mükafatlandırmalara istifadə edilə bilər.

İştirak:

1.7. 12 yaşına çatmış hər bir şəxs AZAL-Miles proqramında iştirak edə bilər.

1.8. Proqramda iştirak pulsuzdur.

1.9.   AZAL-Miles proqramında iştirak etmək  üçün sərnişin www.azal.az veb-saytında və ya AZAL-Miles mobil əlavəsində onlayn qaydada qeydiyyatdan keçməlidir.

1.10. Qeydiyyat üçün bütün vacib bəndlər, o cümlədən qeydiyyatı təsdiqləmək üçün istifadə ediləcək aktiv elektron poçt ünvanı qeyd edilməlidir. Gələcəkdə, qeyd olunan elekron poçt ünvanına bildirişlər göndəriləcəkdir.

1.11. Qəbul edilmiş müraciətlərə əsasən iştirakçı nömrəsi təqdim ediləcəkdir.

1.12. İştirakçı kartları yalnız Gold və Platinum statuslu iştirakçılara təqdim edilir.

1.13. Bütün yeni iştirakçılar virtual kart təqdim edilməklə avtomatik olaraq Classic statuslu iştirakçı kimi qeydə alınır.

1.14. Proqramda iştirak fərdi qaydada həyata keçirilir. Həmçinin, iştirakçılara hesablarını vahid ailəvi hesabda birləşdirmək imkanı təqdim edilir.

1.15. AZAL-Miles proqramının iştirakçısının adına şəxsi hesab yaradılır və ballar qeyd olunan hesaba əlavə edilir. İştirakçı tərəfindən toplanan ballar, vahid ailə hesabına birləşən ailə üzvləri  istisna olmaqla, heç bir halda başqasına ötürülə və ya qarşılıqlı hesablaşmalarda istifadə edilə bilməz. . Ballar nağd pul vəsaitlərinə çevrilə bilməz.

1.16. İştirakçının hesabına balların avtomatik əlavə edilməsi  hesab aktivləşdirildiyi (iştirakçı proqramda qeydiyyatdan keçdiyi) tarixdən həyata keçirilir.

1.17. Classik statusu 24 ay ərzində etibarlıdır.

1.18. Gold statusu statusun yüksəldiyi tarixdən etibarlı sayılır və proqramda qeydiyyatdan keçdiyi tarixdən tam bir il ərzində qüvvədədir. 

1.19. Platinum  statusu statusun yüksəldiyi tarixdən etibarlı sayılır və proqramda qeydiyyatdan keçdiyi tarixdən iki il ərzində qüvvədədir. 

1.20. Bütün məlumatlar iştirakçı tərəfindən müraciət zamanı 1.10-cu  bəndə müvafiq olaraq doldurulan formada qeyd olunan  e-poçt ünvanına göndəriləcəkdir.

1.21. AZAL-Miles proqrama dair bütün məlumatları e-poçt və ya veb-sayt vasitəsilə, yenilənmələrdən istifadə etməklə, bütün iştirakçılara göndərmək hüququna malikdir.

1.22. AZAL-Miles proqramı gecikmiş, itmiş və ya yanlış göndərilmiş istənilən e-poçt, yaxud poçta görə məsuliyyət daşımır.

1.23. Hesaba əlavə edilən səyahət balları əlavə edildiyi tarixdən 36 ay ərzində etibarlıdır. "Azərbaycan Hava Yolları"nın və ya balların hesablanmasında iştirak edən əməkdaş aviaşirkətlərin müntəzəm uçuşları ilə 24 ay ərzində  heç bir uçuş həyata keçirilmədiyi halda Classic statuslu hesab ləğv olunur. Ləğv olunan ballar bərpa olunmur.

1.24. İştirakçı yazılı şəkildə və ya "Azərbaycan Hava Yolları" aviaşirkətinin ofisinə şəxsən müraciət edərək şəxsiyyətini və dəyişiklikləri təsdiq edən sənədi təqdim etməklə adında, soyadında və ya pasport nömrəsində edilmiş istənilən dəyişiklik barədə məlumat verməlidir.

1.25. İştirakçı kartı itdiyi təqdirdə azalmiles@azal.az e-poçt ünvanına sorğu göndərməli yaxud  “Azərbaycan Hava Yolları” aviaşirkətinin nümayəndəliklərinə və ya satış ofislərinə müraciət etməlidir. Kartın dublikatı müraciət edildikdən sonra 20 gün ərzində veriləcək.

1.26. Hər hansı bir iştirakçı proqramın qaydalar və şərtlərini pozduğu təqdirdə, "Azərbaycan Hava Yolları" aviaşirkəti həmin şəxsi proqramdan kənarlaşdırmaq, iştirakçı hesabını ləğv etmək və topladığı bütün balları silmək hüququna malikdir.

1.27. AZAL-Miles proqramının iştirakçısı uçuş təhlükəsizliyi qaydalarını pozduğu təqdirdə iştirakçılıqdan məhrum edilir və hesabında olan ballar sıfırlanır.

İştirakçı kartından istifadə

1.28. İştirakçı kartları Gold və ya Platinum statuslu iştirakçılara təqdim edilir.

1.29. İştirakçı kartının üz tərəfində iştirakçının adı, etibarlılıq tarixi və iştirakçı nömrəsi qeyd ediləcəkdir.

1.30. Yalnız adı kartın üzərində qeyd edilmiş iştirakçı və vahid ailə hesabında birləşən ailə üzvləri  AZAL-Miles proqramında iştirak kartından istifadə edə bilərlər.

1.31. Balların hesaba avtomatik  əlavə edilməsi üçün iştirakçı "Azərbaycan Hava Yolları" aviaşirkətinin aviabiletlərini əldə etdiyi zaman və ya uçuşa  qeydiyyat zamanı öz iştirakçı nömrəsini bildirməlidir.

1.32. İştirakçı hesabı “aktiv” olduğu halda, kartın çatdırılması statusun yüksəldildiyi tarixdən etibarən 20 gün ərzində həyata keçirilir.

Status kateqoriyası

1.33. Gold və ya Platinum statusunun verilməsi proqramda iştirak ili ərzində toplanmış status ballarına əsasən müəyyən edilir.

1.34. "Azərbaycan Hava Yolları" aviaşirkəti, istənilən dəyişiklik barədə bütün iştirakçılara məlumat verməklə, mövcud statusu saxlamaq və ya yeni status əldə etmək üçün tələb olunan status ballarının sayını dəyişdirmək hüququna malikdir.

1.35. İştirakçının statusu proqramda qeydiyyatdan keçdiyi  tarixdən bir il müddət başa çatanadək yenidən nəzərdən keçiriləcək. Bir iştirak ili ərzində toplanılan status balları mövcud statusun saxlanılması üçün tələb olunan və saytda dərc olunan cədvələ əsasən hesablanacaq. İştirak ilinin müddəti bitdikdə status balları silinir.

1.36. Əvvəlki iştirak ili ərzində tələb olunan sayda status balı toplanmadığı halda, iştirakçı statusu növbəti il aşağı statusa endiriləcəkdir.

1.37. Tələb olunan status balları toplanıldıqda iştirakçı statusunun yüksəldilməsi iştirak ilinin istənilən vaxtında mümkündür.  İştirakçının növbəti  statusa yüksəlməsi tələb olunan status ballarının toplanılmasından sonra həyata keçirilir. "Azərbaycan Hava Yolları" aviaşirkəti tərəfindən statusun yüksəldilməsi barədə Sizə məlumat göndəriləcəkdir və avtomatik olaraq yeni statusa uyğun iştirakçı kartı təqdim ediləcəkdir.

1.38. Yeni iştirakçı statusuna yüksəldikdən sonra status balları qüvvədə qalır və əlavə status ballarının toplanması ilə daha da yüksələ bilər. Status ballarının balansı yalnız iştirak ilinin sonunda sıfırlanır.

1.39. İştirakçı növbəti statusa keçdikdən sonra iştirak ili tamamlananadək yeni iştirakçı statusunu qoruyacaq və onun yeni iştirak ili ərzində növbəti il üçün iştirakçı statusunu qoruması məqsədilə lazımi miqdarda  status ballarını toplaması tələb olunacaq.

Səyahət balları

1.40. Səyahət balları - "Azərbaycan Hava Yolları" ilə həyata keçirilən müntəzəm uçuşlarda toplanılır.

1.41. "Azərbaycan Hava Yolları" aviaşirkəti öz iştirakçılarına əməkdaş şirkətlərdən səyahət balları toplamaq imkanını təklif edir.

1.42. Səyahət balları aviabiletə görə ödənilən məbləğin əsas tarifinin hər bir avrosuna görə hesaba əlavə edilir. Əsas tarifə hava limanı yığımları və digər xərclər daxil deyil.

1.43. Gold və Platinum statuslu iştirakçılar üçün səyahət ballarının hesablanması iştirak statusunun dərəcəsindən asılı olaraq yüksəlir.

1.44  Səyahət ballarının hesaba əlavə edilməsi üçün iştirakçı aviabilet əldə etdiyi zaman və ya uçuşa  qeydiyyat zamanı öz iştirakçı nömrəsini bildirməlidir.

1.45. Səyahət balları  uçuş yerinə yetirildikdən sonra 7 iş günü ərzində (rəsmi bayram günləri istisna olmaqla)  iştirakçının hesabına əlavə olunur.

1.46. Səyahət balları "Azərbaycan Hava Yolları" aviaşirkətinin uçuşlarına mükafatlandırıcı aviabiletin əldə edilməsi və ya  xidmət sinfinin yüksəldilməsi üçün istifadə edilə bilər.

1.47. Səhvən əlavə edilmiş səyahət balları etibarsız hesab edilərək hesabdan silinəcək.

1.48. Proqramda qeydiyyatdan keçən iştirakçılar  proqramda iştirak etməzdən əvvəl son 180 gün ərzində həyata keçirdikləri uçuşlara görə ballarını bərpa edə bilər. Son 180 gün intervalı “əlavə edilməyən ballar” barədə sorğu göndərildiyi tarixdən hesablanır.

1.49. Aşağıda qeyd edilmiş uçuşlara görə səyahət balları əlavə edilmir:

  • Həyata keçirilməmiş uçuş (o cümlədən uçuşun təxirə salınması);
  • Pulsuz mükafatlandırıcı aviabiletlə həyata keçirilən uçuş;
  • Çarter və mövsimi reyslərlə uçuş;
  • Tərəfdaş aviaşirkətlər tərəfindən həyata keçirilən uçuşlar;
  • Aksiya çərçivəsində rəsmiləşdirilmiş aviabiletlə və ya xidməti aviabiletlərlə həyata keçirilən uçuşlar;
  • Uçuşda müvafiq boş yerlər olduğu halda hava limanlarında qeydiyyat zamanı və ya birbaşa hava gəmisində   əlavə ödəniş həyata keçirməklə sərnişinlərin xidmət sinfinin  yüksəldilməsi .

Status balları

1.50. Status balları "Azərbaycan Hava Yolları" aviaşirkətinin uçuşlarına görə hesablanır.

1.51. Status ballarının sayı uçuş istiqaməti və xidmət sinfindən asılı olaraq müəyyən edilir. Hesaba əlavə edilən status ballarının cədvəli  www.azal.az  saytında "Status balları" cədvəlində qeyd edilib.

1.52. Status balları iştirakçı tərəfindən öz statusunu  qorumaq və ya yüksəltmək məqsədilə toplanılır.

1.53. Status ballarının hesaba əlavə edilməsi üçün iştirakçı aviabileti əldə etdiyi zaman və ya uçuşa  qeydiyyat zamanı öz iştirakçı nömrəsini bildirməlidir.

1.54. Səhvən əlavə edilmiş status balları etibarsız hesab edilərək hesabdan silinəcək.

1.55. İştirakçı yalnız proqrama daxil olduqdan sonra status ballarını toplaya bilər.

1.56. Aşağıda qeyd edilmiş uçuşlara görə Status balları əlavə edilmir:

  • İstifadə edilməmiş uçuşlar (o cümlədən uçuşun təxirə salınması);
  • Mükafatlandırıcı aviabiletlə həyata keçirilən uçuşlar;
  • Çarter və mövsimi reyslərlə uçuş;
  • Tərəfdaş aviaşirkətlər tərəfindən həyata keçirilən uçuşlar;
  • Aksiya çərçivəsində rəsmiləşdirilmiş aviabiletlə və ya xidməti aviabiletlərlə həyata keçirilən uçuşlar;
  • Uçuşda müvafiq boş yerlər olduğu halda hava limanlarında qeydiyyat zamanı və ya birbaşa hava gəmisində əlavə ödəniş həyata keçirməklə  sərnişinlərin xidmət sinfinin yüksəldilməsi;
  • Proqramda qeydiyyatdan keçməzdən əvvəl həyata keçirilən uçuşlar.

AZAL-Miles proqramı

1.57. "Azərbaycan Hava Yolları" aviaşirkəti qabaqcadan məlumat vermədən istənilən vaxt AZAL-Miles proqramının qaydalarını tam və ya qismən ləğv etmək, yaxud dəyişdirmək hüququna malikdir.

1.58. Proqram ləğv edildiyi təqdirdə, iştirakçıların topladıqları bütün ballar ləğv edilə bilər. "Azərbaycan Hava Yolları" aviaşirkəti proqramda edilmiş dəyişikliklər və ya proqramın tamamilə ləğv edilməsi barədə e-poçt vasitəsilə, yaxud www.azal.az  saytında məlumat dərc etməklə proqramın iştirakçılarını xəbərdar edəcəkdir.

Balların silinməsi qaydaları.

Status ballarının silinməsi:

1.59. Platinum statuslu iştirakçılar istisna olmaqla, bütün iştirakçılar üçün status ballarının müddəti hər iştirak ilinin sonunda başa çatır, (iştirakçı üçün ilk müraciətin edildiyi ayın sonuncu günü). Platinum statuslu iştirakçıların status balları 2 illik müddət başa çatdıqda silinir.

1.60. Status balları hər hansı digər şəxsə verilə və ya onunla birgə istifadə edilə bilməz və sözügedən ballar əldə edilmiş aviabileti istifadə etmiş iştirakçıya məxsusdur.

1.61. İştirakçı tərəfindən tərəfdaş, dost və ya ailə üzvlərinin adına təxsis edilmiş və ya ödənilmiş aviabiletlərə görə onun hesabına status balları əlavə edilmir.

Səyahət ballarının silinməsi:

1.62. Hesaba əlavə edilən səyahət balları əlavə edildiyi tarixdən 36 ay ərzində etibarlıdır. "Azərbaycan Hava Yolları"nın və ya balların hesablanmasında iştirak edən əməkdaş aviaşirkətlərin müntəzəm uçuşları ilə 24 ay ərzində  heç bir uçuş həyata keçirilmədiyi halda Classic statuslu hesab ləğv olunur. Ləğv olunan ballar bərpa olunmur.

1.63. Səyahət balları aviabileti əldə edən iştirakçıya təhkim edilir.

1.64. Vahid ailə hesabı sahibi olan ailə üzvləri istisna olmaqla,  səyahət balları digər iştirakçıların hesabına əlavə edilə bilməz.

Ümumi məlumat

1.65. AZAL-Miles proqramının iştirakçısı ballardan istifadə etməklə  əldə edilən mükafatlandırıcı aviabiletə və ya xidmət sinfinin artırılmasına görə rüsumları, hava limanı yığımlarını və əlavə ödənişləri həyata keçirməlidir.

1.66. Səyahət və ya status balları iştirakçının hesabına əlavə edilmədiyi təqdirdə iştirakçı öz hesabı vasitəsilə tələb olunan formanı doldurmaqla əlavə edilməmiş ballar barədə bildirməli  və ya aviabiletlərin yaxud minik talonlarının surətlərini əlavə edərək sorğu göndərməlidir. Hesaba əlavə edilməmiş ballara görə müraciətlər uçuşdan 7 iş günü sonrakı tarixdən etibarən 180 günə kimi qəbul ediləcək.

Tələblər

1.67. Bəzi ölkələrdə sərnişinləri həvəsləndirmək üçün tez-tez uçan sərnişin proqramlarının tətbiqinə dair qanunvericiliklə müəyyən məhdudiyyətlərin nəzərdə tutula biləcəyi ilə əlaqədar "Azərbaycan Hava Yolları" aviaşirkəti bu qanunvericiliyə riayət etmək məqsədilə konkret ölkə qanunvericiliyinin tələblərinə uyğunlaşmaq üçün iştirakçını xəbərdar etmədən proqram iştirakçılarına olan tələbləri və proqramın qaydalarını dəyişdirmək hüququna malikdir.

1.68. Səyahət balları müqabilində verilən aviabiletlərlə bağlı müddəa aviaşirkətin əsas qaydaları ilə tənzimlənir. "Azərbaycan Hava Yolları" aviaşirkəti uçuş zamanı dəymiş zərər istisna olmaqla, belə aviabiletlərdən  istifadə edilməsi nəticəsində dəymiş  ziyana (maddi və ya mənəvi) görə məsuliyyət  daşımır. Beynəlxalq aviadaşımalar zamanı dəymiş ziyanın əvəzi 1955-ci ildə Haaqada düzəliş və əlavələr edilən 1929-cu il tarixli Varşava Konvensiyasında, habelə Azərbaycan Respublikasının qoşulduğu digər beynəlxalq sazişlərdə, eləcə də "Azərbaycan Hava Yolları"  aviaşirkətinin qaydalarında nəzərdə tutulduğu qaydada ödənilir.

Mükafatlandırmalar

1.69. Mükafatlandırmanın əldə edilməsi üçün iştirakçı "Azərbaycan Hava Yolları" aviaşirkətinin nümayəndəliklərinə və ya satış ofislərinə müraciət etməlidir.

1.70.           Mükafatlandırıcı aviabiletin tarixini yalnız müvafiq statusdan asılı olaraq  uçuşdan əvvəl dəyişdirmək  hüququ verilir. 

1.71. AZAL-Miles proqramının Classiс, Gold və Platinum kart sahibləri, uçuşdan sonra, 75 avro (bir istiqamət üçün) ödəmək şərti ilə mükafatlandırıcı aviabiletin uçuş saatını və tarixini dəyişdirə bilərlər.Aviabilet geri qaytarıldıqda ballar hesaba bərpa olunmur.

1.72. Classic status iştirakçısına mükafatlandırıcı aviabiletin uçuş saatının və tarixinin uçuşdan əvvəl dəyişdirilməsinə icazə verilir. Bu zaman hər uçuş seqmentinə görə 50 avro ödənilməlidir. 

1.73. "Azərbaycan Hava Yolları" aviaşirkəti bəzi və ya bütün uçuşlarda mükafatlandırıcı aviabiletlərin sayını məhdudlaşdırmaq hüququna malikdir.

1.74. Mükafatlandırıcı aviabiletdən yalnız lazımi miqdarda səyahət  balı toplamış şəxslər istifadə edə bilər və həmin aviabiletlər üçüncü şəxsin adına rəsmiləşdirilə bilməz.

1.75.           Mükafatlandırma əldə edildiyi zaman rüsum və hava limanı yığımları iştirakçı tərəfindən ödənilir.

1.76. İştirakçı səyahət ballarını "Azərbaycan Hava Yolları" aviaşirkətinin  internet səhifəsində dərc edilmiş mükafatlandırma cədvəlinə uyğun olaraq istifadə edə bilər.

1.77. Xidmət sinfinin yüksəldilməsi yalnız ödənişli "Y" ekonom sinif aviabiletləri üçün mümkündür. Xidmət sinfinin yüksəldilməsi üçün uçuşdan ən azı 24 saat əvvəl müraciət göndərilməlidir.

1.78. Xidmət sinfi yüksəldilmiş avaibiletə görə ballar ilkin əldə edilmiş avaibiletin tarifinə əsasən hesaba əlavə ediləcəkdir.    

1.79.           Xidmət sinfi yüksəldilmiş aviabiletlərin uçuş tarixinin dəyişdirilməsinə yalnız uçuşdan əvvəl və müvafiq statuslu iştirakçılar üçün nəzərdə tutulmuş imtiyazlara uyğun olaraq icazə verilir. Bu kimi dəyişikliklərə görə rüsum və ya yığımlar alına bilər.

1.80. Səyahət balları müqabilində xidmət sinfinin yüksəldilməsi üçüncü şəxslərə şamil edilə bilməz və yalnız səyahət ballarını qazanmış proqram iştirakçıları üçün nəzərdə tutulmuşdur.

1.81. "Azərbaycan Hava Yolları" aviaşirkəti bəzi və ya bütün reyslərdə xidmət sinfi yüksəldilmiş aviabiletlərin sayını məhdudlaşdırmaq hüququna malikdir.

1.82. Əgər sərnişin səyahət balları ilə xidmət sinfi yüksəldilmiş ekonom və ya biznes/komfort aviabiletini qaytarmaq istəyərsə, həmin  aviabiletin dəyəri standart ekonom və ya biznes/komfort sinif qaydalarına uyğun olaraq qaytarılacaq. Xidmət sinfini artırmaq üçün istifadə edilmiş səyahət balları proqram iştirakçısının hesabına qaytarılmır. Aviabiletin qaytarılması standart qaydalara uyğun olaraq həyata keçiriləcəkdir.

1.83. R ekonom və ya A biznes/komfort sinfi ilə mükafatlandırıcı aviabilet əldə etmiş sərnişinlər aviabileti daha yüksək xidmət sinfinə dəyişdirmək istədikləri zaman (A və ya Z), iki sinif arasında olan  balların fərqi çıxılaraq  aviabiletlərini A biznes/komfort və ya Z VİP Club – sinfi ilə əvəzləyə bilərlər.  

 1.84. A biznes/komfort sinfi ilə mükafatlandırıcı aviabilet əldə etmiş sərnişinlər aviabiletin uçuş tarixini dəyişdirmək istədikləri zaman, dəyişdirilən tarixdə A Biznes sinfi mövcud olmadığı halda, iki sinif arasında olan  balların fərqi çıxılaraq  aviabiletlərini Z VİP Club  sinfi ilə əvəzləyə bilərlər.  

Digər müddəalar

1.85. AZAL-Miles iştirakçı kartı itirilərsə və ya oğurlanarsa, proqram iştirakçısı yazılı şəkildə və ya veb-sayt vasitəsi ilə "Azərbaycan Hava Yolları" aviaşirkətinə məlumat verməlidir. "Azərbaycan Hava Yolları" aviaşirkəti iştirakçı kartının qanunsuz istifadəsinə görə heç bir məsuliyyət daşımır.

1.86. "Azərbaycan Hava Yolları" aviaşirkəti iştirakçı haqqında qaydaları pozan, qeyri-dəqiq məlumatlar verən iştirakçıları proqramdan xaric etmək hüququna malikdir.

1.87. Proqramdan xaric edilmiş iştirakçılar "Azərbaycan Hava Yolları" aviaşirkətinin qərarına əsasən yenidən iştirakçı olmaq üçün müraciət edə bilərlər.

1.88.  İştirakçı proqramdan xaric edildiyi təqdirdə, onun topladığı bütün səyahət və status balları ləğv ediləcək və kompensasiya verilməyəcək.

"Azərbaycan Hava Yolları" aviaşirkətinin maddi öhdəlikləri üzrə məhdudiyyətlər

1.89. Pulsuz mükafatlandırıcı aviabiletlər məhdudiyyət ilə təqdim ediləcəkdir.

1.90.  "Azərbaycan Hava Yolları" aviaşirkəti müəyyən vaxt çərçivəsində / bəzi uçuşlarda pulsuz mükafatlandırıcı aviabilet barədə müddəanın qadağan edilməsi hüququna malikdir.

1.91. İştirakçının topladığı səyahət balları həmin iştirakçının mülkiyyəti deyil və ona görə də hər hansı digər məqsədlə istifadə edilə bilməz.

"Azərbaycan Hava Yolları" aviaşirkətinin əməkdaş aviaşirkətlərlə birgə uçuşları barədə

1.92. Səyahət balları müqabilində pulsuz mükafatlandırıcı aviabiletin təqdim edilməsi və xidmət sinfinin yüksəldilməsi "Azərbaycan Hava Yolları" aviaşirkətinin tərəfdaş aviaşirkətlərlə birgə həyata keçirdiyi uçuşlara şamil edilmir.

1.93. Çarter uçuşlarına və digər aviaşirkətlərin uçuşlarına görə səyahət və status balları hesaba əlavə edilmir. AZAL-Miles proqramının imtiyazları yalnız "Azərbaycan Hava Yolları" aviaşirkətinin həyata keçirdiyi uçuşlara görə verilir.