13 iyul 2020-ci il, Bakı – İyulun 13-ü Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Havanadan (Kuba) Bakıya xüsusi reys yerinə yetirdi.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığı ilə təşkil olunan bu reyslə ölkəmizə koronavirus infeksiyasına qarşı mübarizə aparmaq üçün 115 mütəxəssisdən ibarət həkim qrupu gətirilmişdir.
Kubadan gələn peşəkar həkimlər Azərbaycanlı həkimlərlə birgə pandemiyaya qarşı mübarizə tədbirlərində iştirak edəcək.
Qeyd edək ki, bu uçuş "Azərbaycan Hava Yolları" aviaşirkətinin tarixində Bakı-Havana-Bakı marşrutu üzrə başqa məntəqələrdə enmə icra edilmədən həyata keçirilən ilk birbaşa uçuşdur. Uçuş genişfüzelyajlı "Boeing 787" tipli təyyarəsi vasitəsilə həyata keçirilmişdir. Uçuşun müddəti 13 saat, Azərbaycan və Kuba paytaxtları arasındakı məsafə 11 880 km təşkil etmişdir.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti





